azia.az
azia.az

Ombudsman Səbinə Əliyevə şəxsi hesabından bütün ictimaiyyətə təbrik ünvanladı

Bu gün, 09:40

Təbrikdə deyilir:

Sizi 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, firavanlıq, əmin-amanlıq və uğurlar arzulayıram.

İnsan hüquqları hər bir insanın ləyaqətini, azadlığını və bərabərliyini təmin edən ən ali dəyərlərdəndir. Hüquqi və demokratik dövlətin əsasını təşkil edən bu dəyərlər cəmiyyətin inkişafına, sosial ədalətin bərqərar olmasına və insanların rifahına xidmət edir. İnsan hüquqlarının qorunması yalnız hüquqi öhdəlik deyil, həm də humanizmə, ədalətə və insan şəxsiyyətinə hörmətin təcəssümüdür.

Azərbaycan xalqının dövlətçilik tarixində insan hüquq və azadlıqlarının müdafiəsi daim xüsusi yer tutmuşdur. Müstəqil Azərbaycanın hüquqi dövlət kimi formalaşmasında və insan hüquqlarının etibarlı müdafiə mexanizmlərinin yaradılmasında Ümummilli Lider Heydər Əliyev müstəsna xidmətlər göstərmişdir. Məhz onun uzaqgörən siyasəti nəticəsində ölkəmizdə insan hüquqlarının müdafiəsinin möhkəm hüquqi və institusional əsasları yaradılmışdır.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan hüquqi dövlət quruculuğu və insan hüquqlarının etibarlı müdafiəsi siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə insan hüquq və azadlıqlarının təminatı, qanunun aliliyinin möhkəmləndirilməsi, vətəndaş məmnunluğunun artırılması və sosial ədalətin təşviqi istiqamətində həyata keçirilən ardıcıl islahatlar insan amilinin dövlət siyasətinin mərkəzində dayandığını bir daha təsdiq edir.

İnsan hüquqlarının müdafiəsi yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir. Hər birimizin hüquq və azadlıqlara hörmətlə yanaşması, qarşılıqlı anlayış və həmrəylik prinsiplərini yaşatması daha ədalətli, daha güclü və daha humanist cəmiyyətin formalaşmasına xidmət edir.

Bu əlamətdar gündə insan hüquqlarının qorunması və təşviqi istiqamətində fəaliyyət göstərən hüquq ictimaiyyətinə, dövlət qurumlarının əməkdaşlarına, vətəndaş cəmiyyəti institutlarına, hüquq müdafiəçilərinə və bu sahənin inkişafına töhfə verən hər kəsə dərin minnətdarlığımı bildirirəm.

Əminəm ki, insan hüquq və azadlıqlarının qorunması, insan ləyaqətinə hörmət və sosial ədalət prinsiplərinə sadiqlik ölkəmizin davamlı inkişafına, cəmiyyətimizdə həmrəyliyin və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə bundan sonra da mühüm töhfələr verəcəkdir.

Bir daha bütün hüquq ictimaiyyətini və Azərbaycan vətəndaşlarını 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə xoşbəxtlik, rifah və yeni uğurlar arzulayıram.

Səbinə Əliyeva,

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi