“Müasir Azərbaycan qadını bütün sahələrdə fəal iştirak edir” - Deputat
“”Qadınlara hörmət, xalqımıza və millətimizə hörmətdir.” Bu sözlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan qadınlarına göstərdiyi diqqətin və verdiyi dəyərin təcəssümüdür.
Bu gün biz yalnız təqvimdə qeyd olunan bir bayramı deyil, cəmiyyətimizin mənəvi dayaqlarından biri olan Azərbaycan qadınını xüsusi ehtiram və diqqətlə yad etdiyimiz bir günü qeyd edirik. 8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycan dövlətinin sosial-humanitar siyasətində qadın amilinə verilən yüksək qiymətin, qadın hüquqlarına göstərilən hörmətin və gender bərabərliyi prinsipinə sadiqliyin bariz ifadəsidir”.
Bu fikirləri Redaktor.az-a deputat Rövşən Muradov 8 Mart - Beynəlxalq Qadınlar Günü haqqında danışarkən bildirdi.
O əlavə etdi ki, Azərbaycan tarixinin müxtəlif mərhələlərinə nəzər saldıqda görürük ki, qadınlarımız yalnız ailə institutunun qoruyucusu kimi deyil, həm də ictimai və siyasi həyatın fəal iştirakçısı kimi çıxış ediblər:
“Qədim dövrlərdən etibarən Azərbaycan qadını xalqın mənəvi dəyərlərinin daşıyıcısı, milli mədəniyyətin qoruyucusu və dövlətçilik ənənələrinin möhkəmlənməsində mühüm rol oynayan sosial qüvvə kimi tanınıb. Bu ənənə nəsildən-nəslə ötürülərək müasir dövrdə də öz aktuallığını qorumaqdadır. Qadınlarımız ana dilimizin, milli-mənəvi dəyərlərimizin və mədəni irsimizin ən etibarlı qoruyucuları kimi cəmiyyətin inkişafına mühüm töhfələr veriblər. Azərbaycan tarixində qadınların hüquqi və siyasi statusunun yüksəldilməsi istiqamətində ən mühüm mərhələlərdən biri XX əsrin əvvəllərinə təsadüf edir. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika olmaqla yanaşı, qadın hüquqları sahəsində də mühüm tarixi qərara imza atdı. Həmin dövrdə qadınlara seçmək və seçilmək hüququnun verilməsi yalnız region üçün deyil, bir çox inkişaf etmiş ölkələrlə müqayisədə də qabaqcıl addım idi. Bu qərar Azərbaycan cəmiyyətində demokratik dəyərlərin və hüquqi bərabərlik prinsipinin köklü şəkildə möhkəmləndiyini göstərən mühüm tarixi hadisə kimi dəyərləndirilir. Müstəqil Azərbaycan dövlətinin inkişaf mərhələsində qadın siyasətinin sistemli şəkildə formalaşdırılması xüsusi əhəmiyyət kəsb edib. Bu istiqamətdə əsaslı dövlət siyasətinin müəyyənləşdirilməsi bilavasitə Heydər Əliyevin uzaqgörən siyasi kursu ilə bağlıdır. Ümummilli lider qadınların cəmiyyət həyatında rolunu yüksək qiymətləndirərək onların dövlət idarəçiliyində və ictimai həyatda fəal iştirakının təmin olunmasını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib".
Deputat qeyd etdi ki, 1998-ci ildə keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı bu siyasətin mühüm mərhələlərindən biri olub:
"Həmin qurultay qadınların ictimai-siyasi həyatda rolunun daha da gücləndirilməsi baxımından əlamətdar hadisə kimi tarixə düşüb. Sonrakı illərdə mütəmadi şəkildə keçirilən qurultaylar qadınların cəmiyyət həyatında fəallığının artırılması, onların sosial problemlərinin müzakirəsi və dövlət qadın siyasətinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm platformaya çevrilib. Bu gün Azərbaycan Respublikasında qadın siyasəti ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin olunması xüsusi yer tutur. Müasir mərhələdə qəbul edilən qanunvericilik aktları və dövlət proqramları qadınların sosial, iqtisadi və siyasi imkanlarının genişləndirilməsinə xidmət edir. 2006-cı ildə qəbul edilmiş gender bərabərliyi haqqında qanun, həmçinin məişət zorakılığının qarşısının alınması sahəsində qəbul olunmuş normativ aktlar bu istiqamətdə həyata keçirilən siyasətin mühüm tərkib hissəsidir.
Müasir Azərbaycan qadını bu siyasətin nəticəsi olaraq cəmiyyətin bütün sahələrində fəal iştirak edir. Dövlət idarəçiliyində, parlamentdə, elmi və mədəni mühitdə, iqtisadiyyat və sahibkarlıq sahələrində qadınların artan təmsilçiliyi Azərbaycanın sosial inkişaf modelinin mühüm göstəricilərindən biridir. Bu gün qadınlarımız elm və təhsil, səhiyyə, mədəniyyət, innovasiya və digər sahələrdə qazandıqları uğurlarla ölkəmizin intellektual və sosial potensialının güclənməsinə böyük töhfə verirlər.
Həmçinin qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin olunması istiqamətində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanin fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Onun rəhbərliyi ilə həyata keçirilən humanitar layihələr, mədəniyyət və təhsil təşəbbüsləri Azərbaycan qadınının mərhəmət, xeyirxahlıq və yüksək mənəvi dəyərlərə malik olduğunu beynəlxalq ictimaiyyətə nümayiş etdirir".
Rövşən Muradovun sözlərinə görə, bu gün Azərbaycan qadını yalnız ailənin deyil, bütövlükdə dövlətin və cəmiyyətin inkişafının fəal iştirakçısıdır:
"Onların ictimai-siyasi, sosial və mədəni sahələrdə əldə etdikləri nailiyyətlər ölkəmizin davamlı inkişaf strategiyasının mühüm komponentlərindən biri kimi çıxış edir. Azərbaycan qadınının zəhməti, fədakarlığı və yüksək mənəvi keyfiyyətləri ölkəmizin tərəqqisinin mühüm dayaqlarından biridir".
Millət vəkili sonda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları ürəkdən təbrik edib, onlara möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və Azərbaycanın inkişafı naminə fəaliyyətlərində yeni uğurlar arzulayıb.
Nuriyyə NATİQQIZI