Ekologiya və Təbii Sərvətlər Nazirliyi reket saytlarla bağlı bəyanat yayıb.
Qurumdan BakuPost.az-a daxil olan məlumatda bildirilir ki, son günlər bir sıra şantajçı, ləyaqətini itirmiş şəxslərin idarə etdiyi qərəzli saytlarda və sosial şəbəkələrdə, xüsusən də reket saytlar, əslində cinayətlə məşğul olan çete dəstəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi barədə tamamilə şər-böhtan və şantaj xarakterli, açıq-aydın saxtalaşdırılmış məlumatlar yayır və yaymaqda davam edirlər:
"ETSN hər zaman bütün Kütləvi İnformasiya Vasitələrinə açıq olub və onlarla sıx əməkdaşlıq edib. Lakin bəzi qərəzli saytlar belə şəraitdən istifadə edərək regionlarda Nazirliyin müəssisə və idarələrini "ziyarət edərək” müxtəlif yollarla, çox vaxt da açıq-aydın onlara hədə-qorxu gəlməklə bu təşkilatlardan pul qoparmağa çalışırlar. Belə ki, bu yaxınlarda reketçiliklə məşğul olan saytlarda Şabran meşəsində qırıntı olması ilə bağlı meşə müdirinə yönələn ittihamlarla birlikdə video görüntü yayılmışdı. Sonradan saytlardan çıxarılan həmin görüntülər bu dəfə Nazirliyin və onun rəhbərliyinin ünvanına əsassız ittihamlarla yenidən yayımlanaraq gündəmə gətirildi.
Aparılan araşdırmalar göstərdi ki, yazının və görüntülərin yenidən yerləşdirilməsində məqsəd Nazirlik rəhbərliyinin diqqətini cəlb edib meşə müdirinə təzyiq göstərməkdən ibarət olub. Çünki birinci dəfə rayon meşə müəssisəsinin müdiri yazı ilə müşayiət olunan bu görüntülərin yerləşdirilməsinin qarşısını hansı yollasa ala bilib. Amma görünür, bu, məlumatı yayanları qane etməyib. Buna görə də təzyiq ünvanı dəyişdirilib, saytlarda və sosial şəbəkədə Nazirliyin rəhbərliyinin ünvanına təhqiramiz yazılar və şərhlər verilib.
Nazirlikdə saytlarda gedən görüntü və məlumatla bağlı yaradılan araşdırma qrupu çəkilmiş görüntülərin müəllifini müəyyənləşdirib və onu araşdırmada iştiraka dəvət edib. Lakin həmin şəxs araşdırmada iştiraka söz versə də, sonradan yayınıb. Komissiya üzvləri onu gözlədiyi halda, məlum olub ki, bu şəxs meşə müdiri ilə görüşəndən sonra araşdırmada iştirakdan imtina edib. Buna görə də Şabranın meşə müdiri quldurlara təslim olduğu üçün meşə ərazisində aparılan araşdırma başa çatmadan tutduğu vəzifədən azad olunub.
Ümid edirik ki, mətbuat nümayəndələri özləri belə qəbuledilməz vəziyyətlə barışmayacaq və bu kimi fəaliyyətlə məşğul olanlara uyğun qiymət verəcək. Bir sıra vicdanlı jurnalistlər artıq bu barədə səslərini ucaldıblar.
Hörmətli mətbuat nümayəndələri! Sizdən xahiş edirik ki, ETSN-nin yerli təşkilatları ilə bağlı hər hansı sualınız olarsa, hansısa məsələni araşdırmağa ehtiyac yaranarsa və ya müsahibə almaq istəyi yaranarsa birbaşa Nazirliyə müraciət edin, Nazirliyin nümayəndəsi ilə birgə yerində araşdırmada iştirak etməniz üçün şərait yaradılacaq. Nazirliyin yerli qurumlarının əməkdaşları özünü mətbuat nümayəndəsi adlandıran istənilən şəxslə ancaq Nazirliyin mətbuat xidmətinin və ya ekoloji təbliğat şöbəsinin nümayəndəsinin müşayiəti ilə yerlərdə yuxarıda qeyd olunan tədbirləri təmin etməsi barədə qayda tətbiq olunmuşdur.
İnanırıq ki, Nazirliyin bu mövqeyinə media nümayəndələri anlayışla yanaşacaq. Bir daha əməkdaşlığa görə təşəkkür edirik".