Sakinlərdən biri baş verənləri video-lentə alıb
Paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 50 ünvanında yaşayan Mahirə Kərimova, binanın həyətində ağacların kəsilməsi ilə bağlı Sputnik Azərbaycan-ın redaksiyasına video göndərib. Sakinin sözlərinə görə, ağaclar gündüz kökündən çıxarılır, axşamlar isə doğranılır və gizlicə daşınır. M. Kərimova məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) dəfələrlə müraciət edildiyini də qeyd edib.
ETSN-in yetkilisi Ruslan Bayramov Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirib ki, nazirliyin qaynar xəttinə daxil olan şikayət ərizəsi əsasında araşdırma aparılıb. Araşdırma zamanı ağackəsmə faktı təsdiqini tapıb.
"Bir ağac kəsmiş fiziki şəxs Məmədov Teymur Arif oğlu İnzibati Xətalar Məcəlləsinin 153.2 maddəsinə görə, tərəfimizdən cərimə edilib. Ərazidə aparılan araşdırma zamanı həmin şəxs bildirib ki, ona ərazidə abadlaşdırma işi aparmaq tapşırılıb. O da ağacı yerindən çıxarıb. Ərazidə cəmi bir ağacın kəsilməsi faktı qeydə alınıb" — nazirlik rəsmisi vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl Sputnik Azərbaycan-ın əməkdaşı Asif Məhərrəmov küçəsində olub, sakinlərin problemlərini dinləmişdi. Sakinlər bildirmişdilər ki, onların həyətində yeni 4 mərtəbəli Şahmat məktəbi tikiləcək. Hazırda ərazidə tikinti işləri gedir.