Pezeşkiandan dərhal sonra Netanyahu Bakıya gəlməyə hazırlaşır: Nə baş verir? - GİZLİ MƏQAMLAR
Yerli mediada yayılan xəbərlərə görə, İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri gözlənilir. Bəs görəsən, İran prezidentindən dərhal sonra İsrasil baş nazirinin Bakıya səfəri nə ilə bağlıdır? Bu səfərlər arasında nə kimi əlaqələr var?
Mövzunu KONKRET.az-a ƏHD Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu şərh edib:
“Azərbayca uğurlu xarici siyasət yürüdür. Uzun illər formalaşan diplomatik siyasət nəticəsində ölkəmizin geosiyasi mövqeləri möhkəmlənib. Təbii ki, Azərbaycan güvənli tərəfdaş imicini asanlıqla əldə etməyib. Bu, rəsmi Bakıya əlavə dividentlər qazandırır və ölkəmizi dünyanın sülh mərkəzinə çevirir. Çünki Azərbaycan hazırda Türkiyə ilə yüksək əlaqələrə malikdir. Şuşa Bəyannaməsi ilə əlaqələri ən yüksək səviyyəyə qaldırıb. Digər tərəfdən, İranla münasibətlər gərgin idi. Ancaq Azərbaycan lideri İlham Əliyev İran prezidentini ölkəmizə səfərə dəvət etdi və bu, böyük tarixi hadisəyə çevrildi. Eləcə də bu səfər iki ölkə arasında əlaqələrə töhfə verdi. Belə ki, Azərbaycanın regionda ciddi problemləri olan ölkələrdən biri də İran idi. İndi İranla əlaqələrin müsbət istiqamətdə inkişafına nail olundu. Eyni zamanda ölkəmiz İsraillə çox yaxın münasibətlərə malikdir. Ancaq İsrail və İran düşmən ölkədir və eyni zamanda İsrail-Türkiyə arasında da toqquşma riskləri var. Çünki münasibətlər kəskin xarakter alıb. Ancaq Azərbaycanın hər üç dövlətlə münasibətlərinin normal olması diplomatik mənzərəni ortaya qoyur. Təbii ki, Azərbaycan həm regional, həm də qlobal güc olaraq barışdırıcı missiyaya malikdir və bu dövlətlər arasında körpü rolunu oynamağa hazırdır. Bununla bağlı ortada bir təcrübə də var. Çünki Azərbaycan daha öncə Türkiyə-İsrail münasibətlərinin normallaşmasına töhfə verib”.
Politoloqun sözlərinə görə, indiki gərginlik fonunda rəsmi Bakı barışdırıcı missiyanı öz üzərinə götürməyə, eləcə də əlaqələrin bərpasına töhfə verməyə hazırdır:
“Bu istiqamətdə rəsmi Bakıya olan inam və etimad yüksək səviyyədədir. Bundan başqa Azərbaycanın Rusiya, Böyük Britaniya, Çin və ABŞ-la münasibətləri normaldır. Halbuki, bu dövlətlər arasında da müəyyən gərginliklər hökm sürür. Hesab edirəm ki, bu mənzərə rəsmi Bakının mövqelərini ortaya qoyur. Bakının sülh mövqeyindən çıxış etməsi Azərbaycanın belə potensialından yararlanmağa çalışan dövlətlərin sayını artırır. Odur ki, bundan sonra da böyük dövlətlərin liderlərinin yolunu Azərbaycandan salacağını söyləyə bilərik”.
Müşviq Tofiqoğlu