Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli dilimizdəki bəzi sözlərin düzgün yazılmadığı, bəzi sözlərin isə cümlələrdə yersiz işlənildiyi fikrindədir.
Bununla bağlı Trend-ə fikirlərini açıqlayan T.Kərimli deyib ki, bu gün dilimizi eybəcərləşdirən sözlərdən biri də təzə tikintilərin hasarını "bəzəyən" "narahatçılıq" sözüdür: "Narahat sözü "rahatsız" deməkdir. Buna bir "çılıq" şəkilçisinin artırılması görünür ki, "inşaatçı-dilçilərimizin" kəşfidir. Bu qəbildən olan söz yaradıcılığının biri də "məktəb ləvazimatları" ifadəsindəki "ləvazimat"lar sözüdür".
T.Kərimli qeyd edib ki, "ləvazimatlar" sözünün özündə 3 dənə cəm şəkilçisi var. Sözün belə formada işlənilməsi isə düzgün deyil: "İş burasındadır ki, ərəb dilindəki "lazım" sözünün cəmi "ləvazim"dir, yəni bu da "lazım olanlar, lazımlılar" deməkdir. "At" özü də ərəb dilində cəm şəkilçisidir. Buna Azərbaycan dilindəki "-lar" cəm şəkilçisini artıranda isə 3 dəfə cəmlənmiş əcaib bir söz meydana çıxır. Əslində, bu ifadə "məktəbə lazım olanlar" şəklində işlənsə, daha doğru olar".
T.Kərimli hesab edir ki, Azərbaycan dilində cümlələrin tərkibində bəzi sözlərin işlədilməsi də yersizdir.
O, bunlara "malik olmaq", "təşkil etmək", "tərəfindən", "tərəfimizdən" kimi sözləri misal göstərib.
Hələ bir neçə il əvvəl akademik Ağamusa Axundovun da "malik olmaq" sözünü yersiz hesab etdiyini açıqlayan akademik qeyd edib ki, dilimizdə "var", "yox" sözləri, olmaq feili, -dır, dir, dur, dür şəkilçisi olduğu halda, malik və təşkil kimi varvarizmlərə ehtiyac yoxdur: "Məsələn, havanın temperaturu 35-37 dərəcə təşkil edəcək cümləsi "Havanın temperaturu 35-37 dərəcə olacaq" kimi verilməlidir. Yaxud "Filankəs 180 sm boya malikdir" cümləsi "Filankəsin 180 sm boyu var" kimi olmalıdır. İnzibati orqanların nitqində daha çox səslənən "tərəfimizdən", "tərəfindən" sözü də bu qəbildəndir. Bunlar cümləyə əcaib bir forma verir. Məsələn, "Tərəfimizdən aşkar edilərək götürülmüşdür" ifadəsi "aşkar edərək götürmüşük" şəklində olmalıdır".
T.Kərimli hesab edir ki, belə halların aradan qaldırılması üçün daha çox maarifləndirmə işləri aparılmalıdır: "Dil canlı orqanimzdir, ona yad ünsür düşsə, fəsad verir. Zaman-zaman orada möhkəmlənir və onu dildən çıxarmaq çox çətin olur".