Dilimizdəki gülməli adlar kitabdan çıxarılıb
Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti hazırlanıb.
Azərbaycanda ilk dəfə olaraq dilimizin adlar sistemində işlənən bütün şəxs adlarının izahlı lüğəti hazırlanıb.
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib ki, “Azərbaycan dilində səxs adlarının izahlı lüğəti” adlanan və artıq nəşr olunmaq üzrə olan yeni kitaba 6000-ə yaxın ad daxil edilib. Kitabda adların izahı ilə yanaşı, onların düzgün yazılış formaları da göstərilib.
S.Sadıqova deyib ki, bəzi adların yazılışı ilə deyilişi arasında müəyyən fərqlər yaranır.
Orfoqrafiya prinsiplərinə əməl olunmaması baxımından bəzi adların yanlış yazıldığını deyən S.Sadıqova qeyd edib ki, şəxs adlarının yazılışı ümumi orfoqrafiya qaydaları ilə bağlı olsa da, şəxs adlarının sırf özünəməxsus yazılış qaydaları da mövcuddur.
O əlavə edib ki, Füzuli adı “F(i)zuli” kimi tələffüz edilsə də Füzuli, Bəs(d)i kimi tələffüz olunan ad isə Bəsti kimi yazılmalıdır. İki sadə şəxs adının birləşməsindən əmələ gəlmiş adlar bitişik yazılmalıdır: “Məsələn, Məmmədəli, Əbdüləziz, Əliheydər, Həsənəli, Cəfərqulu, Qulamhüseyn, İbrahimxəlil, Əbdüllətif, Məlikməmməd və s. Mürəkkəb şəxs adlarından iki sait qoşalaşdıqda birinci sözün son saiti yazılmır. Məsələn, Əli+Əsgər /Ələsgər/, Mirzə+Əli /Mirzəli/, Əli+Abbas /Əlabbas/, Əli+İsa /Əlisa/ və s.. Qoşa samitli adlarda isə hər iki qoşa samit yazılır: Nurəddin, Seyfəddin, Camaləddin, Şəmsəddin, Feyzulla, Seyfulla, Nəsrulla, Nəsibulla, Qeybulla, Beydulla, Elməddin”.
S.Sadıqova bildirib ki, tərkibində “ağa”, “xan”, “bəy”, “mirzə”, “hacı”, “seyid”, “soltan”, “xanım” sözləri olan mürəkkəb şəxs adları bitişik yazılır. Komissiyanın sədr müavini belə adlara misal kimi Ağaverdi, Əlimirzə, Xanbaba, Mehdixan, Əlibəy, Mirzəli, Hacıbala, Soltansəlim, Kiçikxanım, Seyidəhməd və s. göstərib.
“Təəssüf ki, bir sıra valideynlər vəzifələrini unudaraq övladlarına Stəkan, Şüşəbənd, Türmə, Cinayətkar, Məstan, Kəniz, Kündə, Dilənçi, Külək, Məlumat, Meyxoş, Qaçmaz, Bütöv, Rahat, Şikayət, Kommunist, Marlen, Traktor, Kombayn kimi adlar veriblər.”
O, kitaba gülüş doğuran adların daxil edilmədiyini də söyləyib: “Təəssüf ki, bir sıra valideynlər vəzifələrini unudaraq övladlarına Stəkan, Şüşəbənd, Türmə, Cinayətkar, Məstan, Kəniz, Kündə, Dilənçi, Külək, Məlumat, Meyxoş, Qaçmaz, Bütöv, Rahat, Şikayət, Kommunist, Marlen, Traktor, Kombayn kimi adlar veriblər. Gülüş doğuran belə adlar kitaba daxil edilməyib. Dilimizə uyğun olmadığı üçün Maqomed adı da adların siyahısından çıxarılıb. Bu ad yalnız Məmməd və Məhəmməd adı kimi verilib”.