“Azərişıq” ASC Azərbaycan Respublikası Veteranlar Təşkilatının inzibati binasında elektirik təchizatının dayandırılması ilə bağlı məlumata aydınlıq gətirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev AzVision.az-a bildirib ki, Veteranlar Təşkilatı problemin həlli üçün onlara müraciət etməlidir.
“Təşkilat borcu olduğunu qəbul edir və borclar ödənilməlidir. Sadəcə təəssüf edirik ki, onlar bizə müracət etmədən mətbuata açıqlama veriblər. Bizə niyə müraciət etmirlər? Borcları var, gəlsinlər problemləri araşdırılsın. Biz onlara kömək etməyə hazırıq, müqavilə istəyirlərsə, bağlayaq. Bütün abonentlərimizə eyni gözlə baxırıq və abonentlərimiz bizdən çox razıdır. Problemlər onsuz da “Azərişıq”da həll olunmalıdır”.
Qeyd edək ki, Veteranlar Təşkilatının binası 3 gündür işıqsızdır. Elektirik təchizatının dayandırılmasına səbəb kimi təşkilatın 9 min manat borcunun olması göstərilib. Təşkilat borcunu hissə-hissə ödəməyə razıdır.