“Haqsızlıqla qarşılaşan bütün tələbələri Yay məktəbini boykot etməyə çağırırıq"
Həftənin əvvəlində Bakı Slavyan Universitetinin bir qrup tələbəsi müraciət edərək israrla şikayətlərini ictimailəşdirməyimizi xahiş etmişdi. Biz universitet rəsmisinin də mövqeyini öyrənərək həmin müraciəti oxuculara təqdim etmişdik.
Universitet tələbələri növbəti dəfə saytımıza aşağıdakı məzmunda məktub göndəriblər. Bəri başdan bəyan edirik ki, universitet rəhbərliyinin də bu ittihamlara cavabını olduğu kimi təqdim etməyə hazırıq:
"Hörmətli “moderator.az” kollektivi! Sizə olan etimadımızı doğrultduğunuz və şikayətimizi olduğu kimi təqdim etdiyiniz üçün dərin təşəkkürümüzü bildiririk! BSU tələbələri olaraq bizə qarşı edilən haqsızlıqların aradan qaldırılmasını xahiş və tələb edirik. Təbii ki, dünənki şikayətimizdən sonra Universitetin bir qrup “xüsusi təyinatlı” rəhbər heyəti təşvişə düşüb və tələbələrin yaşadıqları bu ədalətsizliyin səbəbini bir-birlərinin üzərinə atmağa və ortada “günah keçisi” axtarmağa çalışırlar. Hətta şikayətlərimizin yayımlanmasının qarşısını almaq üçün əllərindən gələni edirlər. Qeyd etmək istəyirik ki, İslam Həmrəyliyi Oyunlarında könüllü olaraq dövlətimizə xidmət etmiş bir qrup tələbə yoldaşlarımızı həftələrdir “münaqişə ocağı”nın qarşısında saxlayır və kəsirə göndərirdilər. Lakin dünən dəyərli prorektorumuz olan Xanım Sultanovanın dəstəyi ilə tələbə yoldaşlarımızın haqqları müdafiə olundu.
Xüsusilə vurğulamaq istədiyimiz o qədər məsələlər var ki. Universitetrə yaxşı bal toplayan tələbələri yenidən imtahana salmaq bir adət-ənənə olub. Balları azaldıb bizi kəsirlər. Hətta Beynəlxalq Münasibətlər fakültəsində elə bir qrup var ki, artıq üçüncü dəfə imtahan təşkil edirlər. Bu hansı qanunda var? Onlar yüksək bal toplayırlar, rəhbərlik yenidən imtahan təşkil edir. Saatlarla ac-susuz qərargahın qarşısında gözləyirik. Münaqişə komissiyasının dəqiq vaxtı yoxdur. Səhərdən axşama kimi bizi gözlətdirirlər. Ayın 2-si imtahan vermişik, cavablar 4-5 gün sonra elan olunur. Gedib ərizə yazırıq ki, apelasiyaya müraciət etməyə gəlmişik.
Dilarə adlanan o xanım deyir ki, olmaz, İmtahandan 4-5 gün keçib, dekanınız işi verməyəcək. Bunlara başa sala bilmirik ki, ay hörmətli müəllimə, mənim cavabımı dünən elan etmisiz, mən 3 gün öncə hansı fakta əsasən müraciət edim? Yaşadığımız bütün bu streslə nə növbəti imtahanlara hazırlaşa bilirik, nə də mənimsədiyimiz dərsləri imtahanda yaza bilirik. Təbii ki, bunların bizə qarşı rəftarlarının səbəbini anlaya bilirik, artıq 20-21 yaşlı gənclərik, bunu anlamaq elə də çətin bir iş deyil. Müəllimlərimizin maaşlarını vaxtı-vaxtında verə bilməyən bir rəhbərlikdən söhbət edirik. Əllərindən çıxış yolunu kəsrlərdə görməkdən başqa bir iş gəlmir. Təbii ki, dekanlarla birləşib xəlvət işlər də görürlər. Hətta oxumayan tələbələr bizə trip ataraq “mən işimi həll etdim, sizə eyvallah” deyirlər.
Kütləvi kəsrlər və qarşıdan gələn yay məktəbləri…
Haqlı olduğumuz halda imtahandan kəsilirik. Ötən semester davamlı fənlərdən haqlı olaraq kəsilən onlarla tələbə münaqişə ocağına müraciət etsə də, onların balı artırılmamışdı. Amma nə sirdirsə, növbəti semester həmin tələbələrin adlarını jurnalda gördük. Həmin tələbələrin adlarını, qrup nömrələrini və fakültələrini də çəkə bilərik. Hanı bəs şəffaflıq? Ay hörmətli ekspertlər, nazirlik əməkdaşları, bu necə olur? Universitetdə özbaşınalıq baş alıb gedir. Hər kəs özünə görə bir idarəçilik sistemi yürüdür. Belə də şey olar? Əvvəl mühit tamam fərqli idi. Bunu bütün 3-cü, 4-cü kurs tələbələri təsdiq edə bilər. Biz həqiqətən də tələbəlik həyatı yaşayır, tədrisə böyük maraq göstərirdik. İndi isə hər şeyi dəyişdilər. Vallah, heç kollec sistemi də belə deyil, BSU-da orta məktəb abu-havası yaradıblar.
Dünənki şikayətimizdən sonra İbrahim Quliyev adlı mətbuat xidmətinin rəhbəri açıqlama verib, deyir qərargahın üzvüdür. Belə hallar baş verməyib. Necə yəni baş verməyib? Deyir, mənə müraciət etsinlər, kömək edim. Necə kömək edəcək? Nəyin qarşılığında? Onun kömək etdiyi, imtahanlarda bal yazdırdığı tələbələri də yaxşı tanıyırıq. Bu şikayətləri beş-on nəfər demir e, 100-150 nəfərə yaxın tələbə deyir və günü-gündən bu say kəskin şəkildə artır. Dünən instagramda iki səhifəni bağlatdırdılar. Niyə? Çünki bütün tələbələr haqlı etirazlarını yazmışdılar. Aşağıda həmin şikayətlərin bir neçəsini fakt olaraq sizə təqdim edəcəyik. Hətta özlərinə yaxın bir neçə tələbədən imtahanların şəffaf keçməsi ilə bağlı yazıb istəyib səhifələrində paylaşdılar. Bu 4-5 nəfərin “hər şey yaxşıdır” deməyi sizin haqlı olduğunuz anlamına gəlmir. Valideyn komitəsinin sədrinin adını elə çəkirsiz ki, elə bil o adam imtahan prosessini izləməyə gəlib. Vallah yox, müəllimlərlə elə rəftar edir, elə əmrlər verr ki, elə bil prorektordu. Bütün müəllim və tələbələr o adamın əlindən təngə gəlib. Onu siz imtahanın şəffaflığı təmin etmək üçün gətirməmisiz e, rəsmi açıqlamalarında adını hallandırmaq üçün gətirmisiz. Yoxsa o valideyn durmadan ora-bura kağız daşımazdı. Özünü Univrsitet əməkdaşı kimi təqdim etməzdi. Hər şey göz qabağındadır. Etdiyiniz əməllər, gördüyünüz işlər. Şəffaflıqdan söhbət belə gedə bilməz.
Əgər bunların məqsədi bizi imtahanlardan kəsərək yay məktəbində Universitetin olmayan büdcəsini doldurmaq istəyidirsə, biz tələbələr də bunu boykot edir və bütün kəsiri olan tələbələri yay məktəbini boykot etməyə çağırırıq. Nazirlər kabinentinin qərarı var. Akademik borcu olan tələbələr başqa bir Universitetdə kəsr olan fənni dinləyə və kreditlərini orada ödəyə bilər. Və bu Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilib.
Sizin məqsədiniz bizi haqsız yerə incitmək və bunun qarşılığında olmayan büdcənizi doldurmaqdırsa, bu da biz tələbələrdən sizə ən layiqli etiraz olsun. Sizə ödədiyimiz pulu gedib başqa Universitetə ödəyər, oxuyub normal imtahandan keçərik də. Həm oxuyaq, həm kəsəsiniz, həm də yenidən sizə pul ödəyək və etiraz etdiyimizə görə yenidən bizi kəsəsiniz? Haqsızlıqla qarşılaşan bütün tələbələri BSU-nun təşkil edəcəyi yay məktəbindən imtina etməyə çağırırıq. Bizim haqqımızı tapdalayaraq əsla və əsla məqsədlərinizə çata bilməyəcəksiniz. Biz bu mübarizədən əsla və əsla əl çəkməyəcəyik. Ümid edirik rəsmi qurumlar səsimizə səs verəcək!" (Moderator.az)