Uşaq olmaq… insan həyatının ən gözəl anları, həm də çətin anları… qayğıya, sevgiyə, qorunmağa möhtac olan illəri… sevərsən, əzizlərsən, qoruyarsansa, böyüyərlər, böyük adam olarlar. Sevməzsən, qorumazsan, heç, amma heç böyüməzlər. Fiziki cəhətdən böyüsələr də, mənən böyüməzlər, balaca adam olaraq qalarlar dünyada və böyüklərin gözlərində. Ürəkləri böyüyər, arzuları böyüyər, amma özləri böyüməz, “siz”lər sırasına çatmaz. Sən olaraq yaşarlar dünyada və beləcə köçərlər bir gün dünyadan.
Uşaqlar… Ən məhsum, ən günahsız varlıqdır, lakin, çox vaxt ən böyük işğəncələrə belə məruz qalırlar. Bəzi uşaqlar sevgiylə böyüyərkən, bəziləri sevginin nə olduğunu belə bilməzlər. Bəzi uşaqlar əylənərkən, bəziləri əyləncənin nə olduğunu bilməzlər.
Bəzi uşaqlar yemək seçimi edərkən, bəziləri yeməyə bir şey tapmazlar… Bəziləri bayramı hər gün yaşarkən, bəziləri ömür boyu yaşamazlar.. Uşaq olmaq bumu?!
Bu gün 1 iyun, uşaqların beynəlxalq müdafiəsi günüdür. Görəsən bu gün uşaqlar bütün dünyadamı müdafiə olunur?…1 iyun tarixi hələ 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb . Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
Baş Assambleya öz qətnaməsində fərz edirdi ki, Uşaqların Ümumdünya gününün ümumi bayram kimi qeyd edilməsi millətlərin arasında həmrəyliyin və əməkdaşlığın bərkidilməsinə xidmət edəcək.
Çox təəssüf olsun ki, millətlər arasında həmrəylik və əməkdaşlıq heç vaxt reallaşmadı, yalnız müharibə, ölüm savaşlarına imzalar atıldı… İllərdir bu bayram millətlərin və cəmiyyətlərin ancaq bir qismi üçün hiss edilən olur və necə lazımdırsa qeyd olur. Əksəriyyət isə hələ də bu qanunun mahiyyətindən bixəbərdir. Yalnız kağız üzərində qalan qanunlar, hüquqlar heç də hər zaman insanların köməyinə yetmir. Ən nəhəng ölkələrdə belə istismara, haqsızlığa, işgəncəyə məruz qalan insanlar, xüsusilə də uşaqlar var.
Müharibə zamanı ən çox köməksiz qalan uşaqlar olur. Dünyaya gəlmədən onun yaşayıb- yaşamayacağına qərar verilən uşaqlar olur… Doğulduqdan sonra, köməyə möhtac -yenə uşaqlar olur. Həyata tutunmağı bacarmadan həyatdan qoparılan uşaqlar, heç vaxt böyümürlər.
Bütün dünyada, eləcə də Azərbaycanda müharibə zamanı saysız uşaqlar həyatını itirib.Təkcə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərinin işğalı zamanı bir gecədə vəhşi qətliamın qurbanı olan 613 dinc sakindən 63-ü məhz uşaqlardır. Gühansız körpələr, yeniyetmələr amansızlıqla, işgəncələrlə öldürülüb, başları kəsilib, gözləri çıxarılıb, dərisi soyulub, süngüyə taxılıb.
Erməni işğalçılarının Xocalıda törətdiyi qanlı cinayət nəticəsində 76 azərbaycanlı uşaq isə əlil olub.
Soyqırımlar, qanlı yanvar gecəsi nə qədər günahsız uşaq həyatını itirdi. Hələ də dünyada nə qədər uşaq aclıq və səfalət içində yaşayır.
Dünya bayram edir. Dünya uşaqları bayramıdır deyir. Dünya təbrikləşir. Bəs bu bayramı hiss eləməyən uşaqlar uşaq deyilmi?! Onlar yaşlarından böyükdürlərmi?! Onlara bayram, şənlik yaraşmırmı?
Onların hüquqları ildə 1-cə günmü xatırlanır, o da müəyyən bir qism üçün.
Qanunlar gözəldir, amma onlar qüvvəyə minsə, əməl edilsə. Bayram BMT-nin dünya uşaqlarının əmin-amanlığının təmin olunmasına, yaxşılaşdırılmasına yönəldilmiş fəaliyyətinin möhkəmləndirilməsinə yönəlmişdir. Amma… hanı…dünya uşaqları həqiqətən müdafiə olunurmu? Yox təbii ki…
Təhsildən yayınan uşaqlar, təhsil almaq imkanı olmayan uşaqlar, azyaşlı olmasına baxmayaraq çörək pulu üçün küçələrdə iş axtaran uşaqlar, əməyi istismar olunan uşaqlar, xəstələnincə dərman ala bilməyən uşaqlar, uşaq pulundan belə məhrum edilən uşaqlar…
Məmurların yeyib artığını zibilliyə tökəcək qədər maaşından kəsib, uşaqlara uşaq pulu verilsəydi, bəlkə vəziyyət bu dərəcədə acınacaqlı olmazdı. Ən azından təhsildən yayınma olmazdı. Heç deyilsə məktəbli forması, ləvazimatları, xəstələnincə dərman alınası qədər uşaq pulu alardılar. Uşaqlar da bilərdilər ki, imkanlı valideynləri olmasa da onlara sahib çıxan var, qorxmadan, çəkinmədən həyatda addımlamağa can atardılar.
Təəssüf ki, bu gün bayramı keçirə bilməyəcək uşaqlar da olacaq. Həm də kimlərinsə günahı üzündən. Bu uşaqlar 19 may alovunda diri-diri yanan körpə mələklərdir. Onlar dünyanın ən gözəl və məsum uşaqları idi. Onlar gülüşləriylə bütün dünyanı isidəcək qədər gözəl idi. Lakin onları elə odda-alovda yandırdılar ki, bundan sonra bütün dünya birləşsə, ürəyimizdəki yanğını, acını soyuda bilməyəcək.
Bu acının bir daha yaşanmaması diləyiylə… Allah bütün balaları qorusun! Allah balacaları böyüklərin şər əməllərindən qorusun!
Sonda dəhşət içində izlədiyim bir neçə videonu yerləşdirirəm. Bu videolarda uşaqların necə müdafiəsiz qaldığını görmək olur. Uşaqlara qarşı törədilən vəhşiliklərin qarşısı alınmalıdır. Yoxsa, onlar böyüməyəcək. Və Gələcək bir də gəlməyəcək!
Vüsalə Qələndərli / azia.az