azia.az
azia.az

Bakıda uşaq gözəllik yarışı: Psixoloqdan çağırış

12-05-2017, 09:35

Bakıda uşaq gözəllik yarışı: Psixoloqdan çağırış


Bu, uşaqların daha tez həyata atılmasına, erkən böyüməsinə gətirib çıxarır.

Bu sözləri psixoloq Elnur Rüstəmov azyaşlı uşaqların gözəllik müsabiqələrində iştirakı, adlarına sosial şəbəkələrdə səhifələr açılması, fotolarının Feysbukda bəyənmə sayı ilə yarışdıırlmasının onların gələcək həyatına və psixologiyasına göstərə biləcəyi təsirlər haqda Axar.az-a danışarkən deyib. Psixoloq bildirib ki, inkişaf etmiş ölkələrdə də uşaqlar üçün gözəllik müsabiqələri keçirilir:

“Biz bunu təqdir etmirik. Çünki uşaqlar zatən gözəldir, təmizdir, onların gözəllik müsabiqəsində yarışmasına, poz verməsinə, səhnədə rol oynamasına heç bir ehtiyac yoxdur.

Əgər söhbət uşağın həm fiziki, həm zehni, psixoloji inkişafına köməkdən gedirsə, məsələn, rəqs qrupuna, teatr truppalarına yazılması ayrı məsələdir, makiyaj edərək gözəllik yarışmasına qatılması isə tamam ayrıdır. Bunun kütləvi hal kimi dəb halına salınması böyük problemlər yarada bilər. İndi biz elə bir dövrdə yaşayırıq ki, daha dinamik şeylər dəbə minir və bu kimi halları konkret qadağa etmək çox çətindir”.

Politoloq bu barədə valideynlərin düşünməli olduğunu vurğulayıb:

“Gərək valideynlər düşünsün: Bu kimi hallar sizin uşağınıza yardım edəcəkmi? Valideynlər sosial şəbəkədə link atırlar ki, bunu bəyənin, övladıma səs verin. Etməsinlər bunu. Bütün bunlara qarşı hər kəs öz çapında mübarizə aparmalıdır. Belə olduğu halda bu kimi hallar kütləvi hal almaz”.

E.Rüstəmov bu müsabiqələri birmənalı qiymətləndirmədiyini də deyib: “Mən özüm bunu nə təqdir edirəm, nə də tam inkar edirəm. Peşəkar formada keçirilərsə, bir problem olmaz, yox əgər kütləvi hal alacaqsa, bu problem olacaq”.

Qeyd edək ki, Azərbaycanda 7 mayda uşaq gözəllik yarışmasının keçirilməsi müzakirələrə səbəb olub. Bəziləri uşaqların makiyaj edilərək, müxtəlif pozlarla səhnəyə çıxarılmasını, fotolarının yayılmasını onların gələcək həyatına mənfi mənada təsir edə biləcəyindən narahatlığını dilə gətirir.

Bakıda uşaq gözəllik yarışı: Psixoloqdan çağırış


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi