Nazarbayev Bakı və Ankaraya qarşı?
Nazarbayev Bakı və Ankaraya qarşı - prezidentin şok addımının səbəbləri
Qazaxıstan rəhbəri parlamentin və hökumətin səlahiyyətlərini artırır; 77 yaşlı prezidenti buna nə vadar edir?
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin yanvarın 25-də xalqa müraciəti şok effekt yaradıb. Müstəqillik illəri ərzində bu ölkənin yeganə dövlət başçısı olan 77 yaşlı Nazarbayev hakimiyyətlə vidalaşacağının anonslarını verib.
O, müraciətində səlahiyyətlərinin əhəmiyyətli hissəsini parlamentə və hökumətə ötürdüyünü deyib. O bildirib ki, güclü prezident üsul-idarəsi ölkənin inkişafa başladığı, ayağa qalxmağa çalışdığı dövrdə lazım idi.
Bu islahatlarla bağlı Nazarbayev referendumun keçirilməsi ilə bağlı fərman imzaladığını qeyd edib. Onun sözlərinə görə, hakimiyyət qollarının səlahiyyət bölgüsü ilə bağlı islahatlar aparılacaq.
“Bundan sonra prezident hakimiyyət qolları arasında ali arbitr rolu oynayacaq. Ölkə başçısı bundan sonra əsasən milli təhlükəsizlik, xarici siyasət kimi məsələlərə diqqət yetirəcək. Hökumət və parlamentin rolu yetərincə güclənəcək. Səlahiyyətlərin bir hissəsi hökumətə və digər icra strukturlarına veriləcək”, - deyə o bildirib.
N.Nazarbayev bildirib ki, söhbət 40-dək səlahiyyətin hökumət və parlamentə verilməsindən gedir. Onun sözlərinə görə, parlament seçkilərində qalib gələn partiya hökumətin formalaşmasında əsas sözə sahib olacaq.
Bütün bu məsələlər ümumxalq referendumuna çıxarılacaq.
Avtoritar rəhbər kimi daha çox tanınan Qazaxıstan prezidentinin bu addımı atmasına baxışlar müxtəlifdir. Ekspertlərin bir qismi hesab edir ki, varisinin olmaması Nazarbayevi bu qərarı almağa vadar edib. Rusiyanın təsirinin getdikcə artdığını görən Qazaxıstan rəhbərinin bu təsirləri azaltmağın yolunu idarəçiliyi dəyişməkdə gördüyünü deyənlər də var.
Maraqlıdır ki, Qazaxıstan türkdilli ölkələrdə cərəyan edən proseslərin tam əksinə gedir. Azərbaycan son referendumla prezident idarə-üsulunu daha da möhkəmləndirib, Türkiyə isə artıq bu istiqamətdə keçid dövrünü yaşayır və parlament idarəçiliyindən prezident üsul-idarəsinə keçmək üçün apreldə referenduma gedir. Lakin Nazarbayev prezidentlik idarəçiliyini parlamentə təslim edir.
Image result for Politoloq Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu Qazaxıstan rəhbərinin addımını təqdir etdiyini qeyd etdi: “Əslində Nazarbayev bu dəyişikliklərin anonsunu ötən il vermişdi. Bunun bir neçə səbəbi var. Bir səbəb odur ki, Nazarbayev yaşlaşıb və özündən sonra sabit və inkişaf etmiş Qazaxıstan qoyub getmək istəyir. Bunun üçün fikirləşib ki, özü kimi xarizmatik lider hazırda Qazaxıstanda yoxdur, bu da gələcəkdə müəyyən təhlükələrə yol aça bilər. Buna görə də səlahiyyət bölgüsünə gedir. Xarici və müdafiə səlahiyyətləri yenə də onun əlində qalır. Sadəcə, Qazaxıstan iqtisadiyyatında müəyyən problemlər yaranıb. Neftin qiymətinin aşağı düşməsi bu dövlətə də təsirsiz ötüşməyib. Nazarbayev istəmir ki, bu yük onun üzərində qalsın. Ona görə hədəfi dəyişir ki, iqtisadi və sosial problemlərə görə baş nazir məsuliyyət daşısın. Hansı ki, o naziri də Nazarbayev təyin etməyəcək. Seçkilərdə parlamentdə üstünlük qazanan partiya hökuməti formalaşdıracaq və bu zaman baş nazir məlum olacaq. Qazaxıstanda başqa təhlükələr də var. Ölkə əhalisinin 40%-i rusdillidir. Nazarbayev Ukraynada yaşanan hadisələrin Qazaxıstanda təkrarlanacağından ehtiyatlanır. Buna görə də Rusiya ilə yaxınlıq edir, Avrasiya Birliyinin üzvüdür.
Bir müddət öncə Putin Ukrayna barədə danışarkən demişdi ki, Nazarbayev olmasaydı, Qazaxıstan adlı dövlət olmazdı. Əslində demək istəyir ki, Nazarbayev yanlış siyasət yürütsəydi, Rusiya Ukrayna kimi bu ölkəni də parçalayardı. Nazarbayev bu təhlükəni də görür. Ona görə çalışır ki, özündən sonra gələnlər də bu təhlükəni daim duysunlar və aparılan siyasəti davam etdirsinlər. Qazaxıstanın milli və təhlükəsizlik maraqları da öndə olan məsələdir. Xarici siyasətdə Qərbə dönüş Qazaxıstana ciddi problemlər yarada bilər. Ukrayna nümunəsi ortadadır. Nazarbayev öz ölkəsinin sonrakı taleyini də düşünür. Bunun üçün özündən sonra elə miras qoymaq istəyir ki, Qazaxıstanda problemlər yaşanmasın”.
Politoloq parlamentli ölkənin üstünlüklərindən də danışdı: “Mən də belə idarəçiliyin tərəfdarıyam. Dünyada əks proseslər gedən ölkələr var, Türkiyə parlamentdən prezidentliyə keçir. Amma parlamentar dövlətin daha çox uğur qazanması mümkündür. Qonşuluğumuzda oxşar proseslər gedir, Gürcüstan parlamentli ölkə, hətta düşmən Ermənistan konstitusiya dəyişiklikləri edərək bu idarə üsulunu seçib. Heç kimin gözləmədiyi halda Qazaxıstan da bu yolu seçdi. Düşünürəm ki, Azərbaycan da öz keçmişinə qayıtmalıdır. Babalarımız Cümhuriyyəti qurdular, özü də parlamentli respublika üstündə. Bir vaxt gələcək, Azərbaycan da bu idarəçiliyə keçəcək”.
E.Şahinoğlu Qazaxıstanda bir sıra qüvvələrin hakimiyyətə iddialı olduqlarını bildirdi: “Oranı təhlil etmişəm, hakimiyyətin daxilində iddialı bir neçə qruplaşma var. Bu ayda bir neçə həbslər həyata keçirildi. Hakimiyyət özü də Nazarbayevdən sonrakı duruma hazırlaşır. Nazarbayev yaxşı bilir ki, o gedərsə, bu qruplar arasında qarşıdurmalar yaranar. Ona görə çalışır ki, həmin qruplar parlament uğrunda mübarizə aparsınlar. Əgər indiki sistem, yəni prezident üsul-idarəsi qalsa, o zaman həmin qruplar arasında ciddi mübarizə gedəcək. Bundan da xarici qüvvələr, o cümlədən Rusiya istifadə edə bilər. Məhz buna görə Nazarbayev parlament üsul-idarəsinə üstünlük verdi. Burada başqa sual meydana çıxır. Qazaxıstanda demokratik seçki keçirmək ənənəsi varmı?
Bəli, yaxşıdır, parlamentin səlahiyyətləri artırılır. Amma ədalətli seçki keçirilməlidir ki, insanlar hansı partiyanın qələbə çalacağını bilsinlər. Əgər şəffaf seçki olmazsa, o zaman problemlər daha da artar. Əvvəllər neftdən yüksək gəlir götürülürdü və Nazarbayevin ağlına o zaman gəlməzdi ki, nə vaxtsa idarə üsulunu dəyişə bilər. Amma indi vəziyyət tamam başqadır və Nazarbayev problemləri həll etməkdə özünü aciz görür. Xalq günahkar kimi onu görür. Buna görə problemləri baş nazirə yükləyir ki, cəmiyyət onu günahkar görməsin. İqtisadi duruma görə əslində idarəçiliyi dəyişir. Hər dövlətin öz yolu var. Bizə ən çox parlamentar idarəçilik vacibdir. Bütün idarəçiliyin bir əldə cəmləşməsi təhlükələr yaradır. Sadə bir misal çəkim, baş nazirimizin 80-dən çox yaşı var. Parlamentdə ən çox deputatla YAP təmsil olunur, amma Artur Rasi-Zadə YAP tərəfindən seçilməyib. Ona görə məsuliyyəti də yoxdur. İqtisadi vəziyyətə görə kimin məsuliyyət daşıdığını bilmirik. Bütün səlahiyyətlər prezidentin əlindədir. Biz də Qazaxıstan yolunu zaman gələcək seçəcəyik”.(musavat.com)