Eldar Mahmudov revanşa hazırlaşır? – “MTN işi”ndə ilginc gəlişmə
Sabiq nazir generallarının məhkəməsinin yekunlaşmasını gözləyir; onun Badamdardan Nardarandakı iqamətgaha köçməsinin və hələ də qandallanmamasının sirri...
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov revanşa hazırlaşır. Onun yaxın ətrafına daxil olan məhdud sayda şəxslərdən birinin verdiyi məlumata görə, eks-nazir hazırda Nardarandakı iqamətgahında generallarının məhkəməsini izləyir.
Qaynağımızın sözlərindən məlum olub ki, Mahmudov işdən çıxarıldıqdan sonra Badamdardakı iqamətgahından Nardarandakı iqamətgahına köçüb. Onun Nardarana köçürülməsi şəxsi təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə olub. Mənbə bildirir ki, E.Mahmudov işdən çıxarılarkən ittiham edildiyi xəyanətkar əməllərə yol vermədiyini israr edib.
İttihamların doğru olmadığını isbatlamağa çalışıb. Buna baxmayaraq onu eşitməyiblər, amma dediklərini qulaqardı da etməyiblər. Ona deyiblər ki, söylədiyi, işdən çıxarılmasına əsas olmuş məlumatları təkzib edən məsələləri araşdıracaqlar. Suçunun müəyyən ediləcəyi təqdirdə ağır şəkildə cəzalandırılacaq, əks təqdirdə isə məsələsinə yenidən baxılacaq. Odur ki, eks-nazirin qollarına qandal vurulmasından araşdırmalar yekunlaşanacan vaz keçiblər.
Qaynağımızın başqa iddiasına görə, həmin araşdırmalar çərçivəsində Eldar Mahmudov yüksək çinli şəxslərdən biri ilə iki dəfə görüşüb. Ona ünvanlanan suallara cavab verib, ittihamların əsassızlığını sübut etmək üçün fikirlər söyləyib, bildiyi məlumatları bölüşüb. Artıq araşdırmalar yekunlaşmaq üzrədir. İlkin nəticə isə sabiq nazirin qələminin birdəfəlik qırılmasını şərtləndirən hərəkətlilik üçün yetərli deyil...
***
Eldar Mahmudov onun rəhbərliyi altında 11 il fəaliyyət göstərən, hazırda ən müxtəlif ağır cinayətlərin törədilməsi ittihamı ilə məhkəmə qarşısına çıxarılan generallarının, şöbə rəislərinin və istintaqçıların işləri üzrə proseslərin yekunlaşmasını gözləyir. Yada salaq ki, hazırda Sabunçu rayon məhkəməsində “MTN işi” üzrə 2 dəstənin işinə dair proses keçirilir. MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, onunla birlikdə həbs edilən 4 MTN əməkdaşının və digər dəstənin - MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesləri davam edir. Prosesləri izləyənlər ümumilikdə təqsirləndirilənlərə qarşı loyallıq hiss edirlər.
Belə görünür ki, Eldar Mahmudov vəzifədən çıxarılandan sonra dövriyyəyə buraxılan “baş nazir gətirilir” iddiası da əbəs deyilmiş. Bu yolla sabiq nazir özünə qarşı hücumları dəf etməyə, yenidən vəzifəyə qayıdacağı mesajını ona düşmən mövqedə dayananlara çatdırmaq, özünü mümkün hücumlardan sığortalamaq istəyib. Bu xüsusda Eldar Mahmudovun Nardarana, oradakı iqamətgahına köçürülməsinin də təsadüfi olmadığı haqda məlumatlar da təsdiqlənir.
Qeyd edək ki, 2015-ci il oktyabrın 17-də Eldar Mahmudov vəzifəsindən çıxarılandan 1 ay 1 həftə sonra Nardaranda genişmiqyaslı əməliyyat həyata keçirilib. Əməliyyat zamanı bir neçə yerli sakin öldürülüb, ümumilikdə 45 qəsəbə sakini həbs edilib. Qəsəbə ötən ilin noyabrından bu günə qədər nəzarət altındadır. Mahmudovun nəzarət altında olan qəsəbədəki imarətini yaşayış yeri kimi seçməsi də bu baxımdan təsadüfi deyil. Onun Badamdardan savayı respublikanın bir çox səfalı yerlərində belə imarətlərinin olması haqda xəbərlər var.
Bu halda E.Mahmudov niyə məhz nəzarət altında olan Nardaran qəsəbəsini özünə yaşayış yeri seçib? Mümkündür ki, onun məhz Nardaranda məskunlaşması özünün istəyi ilə olmayıb. Qəsəbənin xüsusi nəzarət altında saxlanması sabiq nazirin hərəkət trayektoriyasına nəzarəti yüngülləşdirməsi baxımından əlverişlidir. Digər tərəfdən isə E.Mahmudovun təhlükəsizliyinin təmin edilməsi üçün geniş imkanlar yaradır. Bu baxımdan Eldar Mahmudovun yaşamaq üçün Nardarana getməsini təsadüfi hesab etmək olmaz.
Eldar Mahmudovun 11 illik nazirliyi dövründə qanuni-qanunsuz fəaliyyəti ilə əlaqəli onun düşmənlərinin siyahısı da uzundur. İş adamları, müxtəlif vəzifə sahibləri ilə yanaşı, xarici dövlətlərin xüsusi xidmət orqanları da sabiq nazirlə haqq-hesab çəkmək üçün məqam axtarırlar. E.Mahmudov kreslosunun verdiyi imkanlardan istifadə etməklə, xüsusi dinləmə avadanlıqları vasitəsilə bir çox qüdrətli nazirlərin, dövlət məmurlarının, onların ətrafındakı iri iş adamlarının şəxsi informasiyalarına çıxış əldə edib. Bir çoxlarının illərlə talanla, bəzi iş adamlarının isə alın təri ilə topladığı mal-varlarını qısa müddətdə əllərindən alıb. Malını itirmişlərin qisası isə ağır olur. Odur ki, hərənin sabiq nazirlə haqq-hesab çəkmək üçün bir səbəbi var.
Bu baxımdan istisna deyil ki, sabiq nazirə qarşı mümkün hücumların qarşısını almaq üçün onun Nardarandakı iqamətgahında qalmasına razılıq veriblər. Qaynağımız bildirib ki, hazırda onun Badamdardakı iqamətgahına köçməsi üçün də hazırlıqlara başlanıb. Bu isə o deməkdir ki, yaxınlarda Eldar Mahmudovun revanşına şahidlik edə bilərik.(musavat.com)