azia.az
azia.az

"Bu, uşaq söhbətidir" - Prezident ermənilərin atdığı “İsgəndər-M” raketlərindən danışdı

3-02-2022, 10:09

"Bu, uşaq söhbətidir" - Prezident ermənilərin atdığı “İsgəndər-M” raketlərindən danışdı
"Şuşa hamımız üçün əziz, doğma şəhərdir. Şuşada olmayanlar, əlbəttə ki, mütləq Şuşada olacaqlar. İndi, bilirsiniz, avtobus turları təşkil edilir, hər Azərbaycan vətəndaşı Şuşaya gedə bilər. İndi oraya getmək üçün gözəl imkanlar yaranıb".

Azia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda bildirib.

Dövlət başçısı deyib: "Mən Şuşada, yəni, müharibəyə qədər 1982-ci ildə olmuşam - iki dəfə, atamla birlikdə. O vaxt – 1982-ci ildə həm yay, həm qış aylarında tədbirlər keçirilmişdi, qışda o şaxtalı, qarlı havada Molla Pənah Vaqifin məqbərəsi açılmışdı. Yay aylarında – avqust ayında Vaqif Poeziya Günləri keçirilmişdi. O xatirələrimi mən daim yaddaşımda saxlayırdım. Şuşa işğal olunanda, hamımız hesab edirdik ki, bu müvəqqətidir, bir azdan sonra Şuşa qayıdacaq. O vaxt hakimiyyətdə olan adamlar da Şuşanı azad etmək əvəzinə boş-boş vədlər verirdilər ki, bu gün-sabah Şuşa alınacaq, Şuşa bizdədir və sair. Ancaq faktiki olaraq Şuşanın düşmənə təhvil verilməsində onların birbaşa əli olub. Bu, bir xəyanət idi, satqınlıq idi. Bu gün Şuşada olan hər bir insan görür ki, o şəhəri götürmək, demək olar, mümkün deyildi. Biz o Şuşanı necə götürmüşüksə, bu, ayrı dastandır, qəhrəmanlığın zirvəsidir, mənəvi-fiziki gücün sintezidir. Bu, fədakarlığın zirvəsidir. Ancaq Şuşa düşmənə təhvil veriləndə, faktiki olaraq, bu, bir xəyanət aktı idi və bu xəyanəti törədənlər Allah tərəfindən cəzalandırılıb.

Ona görə Şuşanın azad edilməsi, müharibənin ilk günlərindən bizim əsas vəzifələrimizdən biri idi. Sadəcə olaraq, mən bunu dilə gətirə bilmirdim. Çoxsaylı müsahibələrimdə çalışırdım ki, bu sualdan yayınım. Amma bir neçə dəfə artıq birbaşa sual verildiyi üçün demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olar. Hər halda maksimum nə deyə bilərdim, o idi.

Əlbəttə ki, Şuşasız bizim işimiz nəinki yarımçıq ola bilərdi, natamam ola bilərdi. Bizim məqsədimiz bizim mədəniyyət incimizi qaytarmaq idi və Şuşa əməliyyatı elə keçirildi ki, şəhərə ziyan vurulmadı. Ermənilər isə artıq biz Şuşanı azad edəndən sonra Şuşanı “İsgəndər-M” raketləri ilə bombaladılar. Düzdür, sonra onu inkar etdilər, sonra hansısa gülməli sözlər dedilər, guya ki, bu “İsgəndər” 10 faiz partladı, yəni, bu, uşaq söhbətidir. “İsgəndər-M” raketi qar əriyəndən sonra orada tapıldı və bu gün bax, buradan o qədər də uzaqda olmayan Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.

Yəni, Şuşa ermənilər üçün yad şəhər idi. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan rəhbəri də bunu demişdi, mənim sözlərimi təkrarlamışdı. Əgər bu, erməni şəhəri idisə, nə üçün belə bərbad vəziyyətdədir? Nə üçün bu şəhərə baxmamısınız? Nə üçün bütün bulaqları qurutmusunuz? Bütün tarixi abidələri sökmüsünüz? Yaxşı, bu tarixi abidələr Azərbaycan xalqına məxsusdur. Erməni faşist xislətini nəzərə alaraq, bu, bizim üçün sürpriz deyil. Saraylar, məscidlər, erməni vəhşiləri tərəfindən dağıdılıb. Amma bulaqları niyə dağıtmısınız? Yəni, bu, onlar üçün yad şəhərdir. Biz Şuşanı azad edəndə orada cəmi 1500 adam məskunlaşmışdı. Düzdür, biz artıq Şuşaya yaxınlaşanda onlar oradan çıxdılar. Amma orada yaşayanların da 90 faizi hərbçilər və onların ailə üzvləri idi. Yaxşı, bu, erməni şəhəridirsə, niyə burada yaşamırsan? Niyə belə bərbad vəziyyətdədir? Niyə şəhəri məhv edirdiniz bu illər boyu?

Bizim üçün isə Şuşa bir müqəddəs rəmz idi. Bizim bir çox şəhərlərimiz, demək olar ki, ölkəmizin hər yeri xüsusi tarixi əhəmiyyətə malikdir. Mənim üçün, sözün düzü, şəhərlər, bölgələr arasında heç bir fərq yoxdur. Hər qarış torpaq mənim doğma torpağımdır və hər bir bölgənin özünəməxsus olan gözəlliyi var. Şuşanın da təbii ki, gözəlliyi var: landşaftı, relyefi, qaya üstündə yerləşməsi, əlbəttə ki, havası, gözəlliyi. Amma Şuşanın Azərbaycan xalqı üçün əhəmiyyəti təkcə bu coğrafi mənzərə ilə məhdudlaşmırdı. Şuşanın çox böyük rəmzi mənası var idi və onu da deməliyəm, xüsusilə işğal dövründə.

İşğala qədər, yəni sovet dövründə Şuşanın Azərbaycan xalqı üçün, mən belə hesab edirəm, əhəmiyyəti onda idi ki, bu, qədim Azərbaycan şəhəridir, tarixi Azərbaycan şəhəridir və əsassız olaraq sovet hakimiyyəti tərəfindən süni şəkildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə salındı. Yəni, bəli Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın tərkibində idi. Amma onun tərkibində Şuşa şəhəri var idi. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyi arasında, Büro üzvləri arasında o vaxt bir azərbaycanlı var idi. Doqquz, ya on büro üzvü idi, onlardan biri azərbaycanlı idi - Şuşa şəhərinin rəhbəri, o vaxt birinci katib deyirdilər. Yəni, mən hesab edirəm, Şuşanın bütün bu təbii gözəlliklərindən başqa Azərbaycan xalqının ürəyindəki yeri məhz onunla bağlı idi ki, bu, Azərbaycanın tərkibindədir, amma, eyni zamanda, süni yaradılmış qondarma qurum olan Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində idi və elə bil ki, Şuşanın bütün idarəetmə işlərinə ermənilər - Dağlıq Qarabağın mərkəzində oturan ermənilər cavabdehlik daşıyırdı. Məhz ona görə Heydər Əliyev Şuşaya xüsusi diqqət göstərirdi. O vaxt orada bir çox müəssisələr yaradıldı və Xanın vəzirinin məqbərəsini sovet vaxtında ucaltmaq o qədər də asan məsələ deyildi".

İlham Əliyev qeyd edib ki, işğal dövründə isə Şuşaya xüsusi münasibət məhz bu ədalətsizliklə bağlı idi:

"Çünki mənim üçün Ağdamın da, Zəngilanın da, Qubadlının, Kəlbəcərin, Laçının, Füzulinin, Cəbrayılın da işğalı Şuşa işğalı qədər ağrılı idi. Ancaq Şuşa ilə bağlı edilən ədalətsizlik Azərbaycan xalqında Şuşaya xüsusi bir məhəbbət oyatdı. Bunu biz bilməliyik. Müharibə zamanı Şuşanın azad edilməsi təkcə strateji əhəmiyyət daşımırdı. Halbuki Şuşa azad olunandan sonra artıq Ermənistan ordusunun beli tam qırıldı. Məhz bizim milli rəmzimizi qaytarmaq, orada bayraq ucaltmaq bizim vəzifə borcumuz idi və müharibənin ilk günündən biz Şuşaya doğru gedirdik. İndi müharibənin gedişatı təhlil edilir, mən bir neçə dəfə bəzi məlumatları artıq ictimailəşdirdim, hamısını yox. Bizim apardığımız bütün əməliyyatların fövqündə Şuşanın azad edilməsi dayanmışdı və biz Şuşanı elə azad etdik ki, artıq düşmən öz müqavimətini dayandırmışdı.

Şuşanın azad edilməsi, artıq dediyim kimi, əməliyyat planı əsasında baş vermişdi. Hadrutdan sonra bizim aslanlarımız, qəhrəmanlarımız Şuşaya doğru meşələr, cığırlar aşaraq getmişdilər. İndi “Zəfər yolu” adlandırdığımız yol yox idi. Şuşaya müxtəlif yerlərdən yaxınlaşaraq, biz hamımız yaxşı bilirdik ki, Şuşanın götürülməsi çox çətin məsələdir. Çünki orada böyük istehkamlar quruldu, biz artilleriya apara bilmədik, zirehli texnikanı apara bilmədik. Yəni, yüngül silahlarla, kim öz üzərində nəyi apara bilib, orada maksimum qumbaraatanlar var idi. Ermənilərin isə tankları, topları - orada güclü istehkamlar qurmuşdular.

Əlbəttə, Şuşadan əvvəl Daşaltı götürülməli idi. İndi Şuşaya gedən hər adam görür ki, əgər Şuşada sən nə dərəcədə hakim mövqeyə sahibsənsə Daşaltı da o qədər zərbə altındadır. Daşaltı götürüləndə əminlik daha da artdı. Şuşa uğrunda döyüşlər bir neçə gün davam etdi. Mən əmin idim ki, bizim əsgər və zabitlərimiz Şuşanı azad edəcəklər. Böyük fədakarlıq, qəhrəmanlıq göstərərək biz buna nail olduq. Şuşanın tam azad edilməsi noyabrın 8-də baş verdi. Çünki artıq noyabrın 8-də ermənilərin bütün müqaviməti tamamilə məhv edilmişdi. Ancaq ondan bir-iki gün qabaq artıq biz Şuşada idik, orada şəhər döyüşləri gedirdi.

Bu xəbəri alanda mən qürur hissi keçirdim. Qürur hissi keçirdim ki, biz tarix qarşısında öz vəzifə borcumuzu yerinə yetirdik. Təəssüf hissi keçirdim ki, bizim böyüklərimiz bu günü görməyiblər. On minlərlə, bəlkə də yüz minlərlə azərbaycanlı həyatdan narahat gedib - Şuşanı görmədən, azadlığı görmədən. Eyni zamanda, əminlik hissi var idi, çünki müharibə hələ bitməmişdi. Düzdür, mən bilirdim ki, artıq müharibənin taleyi həll olundu. Ancaq müharibə hələ bitməmişdi. Ertəsi gün Şuşa, dediyim kimi, “İsgəndər-M” raketləri ilə bombalandı. Xoşbəxtlikdən orada heç bir xəsarət alan olmadı. Əmin idik ki, biz Ermənistanı axıra qədər məğlub edəcəyik. Eyni zamanda, həmin gün mən artıq fikirləşməyə başladım ki, biz müharibədən sonra Cənubi Qafqazdakı yeni reallıqları dünyaya qəbul etdirməliyik.

Ertəsi gün Ermənistan təslim oldu və biz, necə deyərlər, bu bayramı heç bir gün də qeyd etmədən fəal işə başladıq ki, orada möhkəmlənək, bütün mövqelərdə möhkəmlənək və artıq siyasi-diplomatik səylərimizi gücləndirək ki, dünya, aparıcı ölkələr bu reallığı qəbul etsinlər. Bu, bir qədər vaxt apardı. Amma buna da nail olduq".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi