Ermənilərin qoyub qaçdıqları hərbi sursatları nə edəcəyik? - AÇIQLAMA
Azia.Az xəbər verir ki, Sentyabrın 27-də Ermənistanın Qarabağ cəbhəsindəki təxribatına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatı bu gün də uğurla davam edir. Düşmən sarsıdıcı zərbələr qarşısında sürətlə geri çəkilir, mövqelərini bir-birinin ardınca tərk edirlər. Ermənilər hərbi texnikalarını, silahlarını və digər ləvazimatlarını döyüş meydanında qoyaraq qaçırlar. İndiyə qədər düşmənin külli miqdarda döyüş sursatı hərbçilərimiz tərəfindən ələ keçirilib.
Bu texnikalarla necə davranılacağı, sənədləşmənin necə aparılacağı yönündə müxtəlif suallar səslənir.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bu qənimətlərin nümayiş etdirilməsi üçün parklar salınmasını təklif edir: “Bütün müharibələrdə qalib tərəf qənimətlər əldə edir. Bu qənimətlər də təyinatlı olur və bu da təyinata uyğun olaraq qalib tərəfin verdiyi qərar əsasında istifadə edilir. Hərbi texnikalara gəlincə düşmənin istifadə etdiyi texnikalar ötən əsrin 70-80-ci illərdə Sovet İttifaqının istehsal etdikləridir. Böyük üstünlüyü onlar təşkil edir. Azərbaycan Ordusu bu gün onlardan istifadə etmir. Ordumuzda bunlar 90-cı illərdə olub. 2000-ci illərdən bəri Rusiya və dünyanın ayrı-ayrı ölkələrinin istehsalı olan müasir silahları almışıq. Düşünürəm ki, bu cür texnikalardan bizim ordu gələcəkdə istifadə etməyəcək. Baxmayaraq ki, Silahlı Qüvvələrimizin bazasına keçir. Bunlar gələcəkdə muzeylərə verilə bilər. Azad edəcəyimiz Qarabağ ərazilərində parklar yaradıla və ordumuzun vurduğu, ələ keçirdiyi yaxud istifadə etdiyi texnikalar orada nümayiş etdirilə bilər. Hesab edirəm ki, bu gələn turistlərin maraqlanması baxımından önəmli olar. Respublikanın ayrı-ayrı yerlərində qəhrəmanlıq parklarının salınmasını təklif edirik. Bu döyüşlərdə istifadə edilən texnikalar o parklarda göstərilə bilər. Gələcəkdə bu tipli qənimətlər daha çox olacaq. Bunların hamısı dövlətimizə məxsusdur, Silahlı Qüvvələrimizin sərəncamındadır. Gələcəkdə müxtəlif təyinatlar üzrə istifadə ediləcək. Amma hazırkı Silahlı Qüvvələrimiz üçün bu texnikalar yararlı və keyfiyyətli deyil. Ümumiyyətlə, dediyim kimi gələcəkdə bu müharibə ilə bağlı şəhərlərimizdə, qəsəbələrimizdə, kəndlərimizdə muzeylər yaratmalıyıq. Şəhidlərimizin hər birinin adına bir ağac əkilə, adları üstünə yazıla bilər. Şəhidlərimizin xatirəsinə belə ağaclar simvolik olaraq ucaldılsa, onların döyüşdükləri istiqamətlərdə bunlar edilsə, çox yaxşı olardı. Həmin yerləri gəzən insanlar bir daha faktlarla tanış olarlar, şəhidlərimizi tanıyarlar. Ələ keçirilən qənimətlər həmin istiqamətlər üzrə də saxlanıla bilər. Ələ keçirilən qənimətlər sırasında müasir texnikalar da var. Silahlı Qüvvələrimiz üçün həmin dövr baxımından bu texnikaları dəyərləndirmək olar. Amma hər kəs bilsin ki, ordumuzun silahları, texnikaları ermənilərlə müqayisə olunmayacaq dərəcədədir. Bizdə ən müasir, onlarda isə, 70-80-ci illərin silahlarıdır. Belə bir deyim var ki, Rusiya ən yaxşı silahlarını pulla satır, pula getməyənlərini pay və hədiyyə verir. Biz dünyanın qabaqcıl, hərbi sənaye potensialı olan ölkələrdən müasir silahları almışıq. Ordumuzda çox dəqiq, müasir silahlar var və bunu yerinə yetirən peşəkar orduya sahibik”.
Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli: “Müharibə dövrünün qaydalarına əsasən düşməndən əldə olunan bütün silah və hərbi təyinatlı texnikalar vəziyyətindən asılı olmayaraq qeydiyyata alınır. Bu qeydiyyat prosesini müvafiq güc strukturunda yaradılmış komissiya həyata keçirir. Sonradan bu silah, texnikalar yoxlanılmaq və döyüş vəziyyətinə gətirilmək üçün silah-texnika idarəsinin balansına verilir. İstismara yararlı olmayan silah-texnikalar ya təmir üçün aidiyyatı müsəssisəyə göndərilir, ya da utilizasiya edilir. Ümumiyyətlə, bunun üçün xüsusi sənədləşmə işləri yoxdur. Yalnız qəniməti əldə edən dövlətin aidiyyəti qurumu bu prosesi icra edir. O ki qaldı qənimətlə necə davranılmasına, bu artıq həmin ölkənin istəyinə uyğundur. Qənimət istifadə oluna, satıla və ya digər ölkəyə hədiyyə edilə bilər”.