azia.az
azia.az

Maliyyə-bank sektoru: böhrandan artım dinamikasına

16-05-2019, 08:41


Tənzimləyici orqanların fəaliyyətinə baxış
Azərbaycanın maliyyə-bank sektorunda artım dinamikası müşahidə olunmaqdadır. Belə ki, sektor bu ilin yanvar-mart aylarında 123,9 milyon manat xalis mənfəət əldə edib. Halbuki ötən ilin eyni dövründən banklarımız 55,9 milyon manat xalis zərərlə çıxmışdı.
Maliyyə-bank sektoru: böhrandan artım dinamikasına
Artım dinamikası sığorta sahəsində də müşahidə olunmaqdadır. Bu ilin ilk rübündə Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 201,2milyon manat məbləğində sığorta haqqı toplanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz çoxdur.

Qeyd edək ki, Azərbaycanın maliyyə-bank sektoru neftin dünya bazar qiymətinin kəskin azalması ilə bağlı ölkə iqtisadiyyatının ən çox zərər çəkən sahələrindən biridir. Bu sektor həmçinin böhranın təsirindən ən gec çıxan sahədir desək, yanılmarıq.

Xatırladaq ki, neftin dünya bazar qiymətinin düşməsi ölkədə 2 dəfə çox kəskin devalvasiyaya səbəb olub. Bank sektorunda əmanətlərin dollarlaşması 85 faizə yüksəlib, kredit portfelinin, xüsusilə də xarici valyutada olan kreditlərin keyfiyyəti əhəmiyyətli dərəcədə pisləşib. Qeyd olunan dövrdə maliyyə-bank sistemində sözün əsl mənasında pərakəndəlik, hətta qərarsızlıq hökm sürürdü. Bu sektorda tənzimləyici funksiyanı icra etməli olan qurumlar faktiki olaraq fəaliyyətsizlik nümayiş etdirirdilər. Belə bir zamanda ölkə prezidentinin fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) yaradıldı. Məqsəd qiymətli kağızlar bazarı, investisiya şirkətləri, sığorta sektoru, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemlərinin fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək idi. Bu səbəbdən də Palataya tənzimləyici qurum kimi zəruri olan bütün səlahiyyətlər verilmişdi. Etiraf edilməlidir ki, hətta özündən əvvəlki tənzimləyicidə olmayan qədər geniş səlahiyyətlərdən Palatanın əvvəlki rəhbəri Rüfət Aslanlı heç də uğurla yararlana bilmədi. Bu isə cəmiyyətdə quruma qarşı inamsızlıq yaratdı. Lakin bu, Palatanın sektorun böhrandan çıxaraq yenidən artım dinamikasına qədəm qoymasında rolunun olmadığı anlamına gəlmir. Xüsusilə son iki ilə yaxın dövrdə Palatanın fəaliyyətində effektivliyin artdığını hiss etməmək mümkün deyil.

Sektoru böhrandan çıxarmaq üçün nələr edilib?

Ölkədə bank sisteminin dayanıqlığının təmin edilməsi, əmanətçilərin bank sisteminə etibarının gücləndirilməsi üçün bir sıra addımlar atılıb. Belə ki, 2016-cı ilin yanvarında “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qəbul edilib. Qanun 3 il müddətində ölkə banklarına qoyulan əmanətlərin tam məbləğdə sığortalanmasını nəzərdə tuturdu. Bu, banklardan əmanətlərin qaçısının qarşısının alınmasına və əmanətlərin dedollarizasiyasına müsbət təsirini göstərib. Belə ki, devalvasiyalardan sonra başlanan güclü əmanət qaçısı 2017-ci ilin I rübünədək davam edərək, ondan sonra stabilləşmə və artım dinamikası nümayiş etdirməkdədir: 2017-ci ilin I rübü ilə müqayisədə 2019-cu ilin yanvarın 1-nə bank sektoru üzrə əmanətlər 20 faiz (1,4 milyard manat) artaraq 8,3 milyard manat təşkil edib. 2016-cı ilin əvvəli ilə müqayisədə 2019-cu ilin yanvarın 1-nə əmanətlərin dollarlaşması 22 faiz bəndi azalaraq 63.1 faiz təşkil edib. Müsbət haldır ki, bu ilin fevralında qanunun qüvvədə olma müddəti daha bir il uzadılıb.

Məlumdur ki, 2015-ci il devalvasiyaları xarici valyutada problemli kreditlərin həcminin də kəskin artmasına səbəb olmuşdu. Bankların həyata keçirdiyi restrukturizasiya tədbirlərinə rəğmən, bu problemi həll etmək mümkün olmayıb. Maliyyə Bazarlarına Nəzarət Palatası da bu sahədə bir sıra addımlar atıb. Məsələn, izafi borclanmanın qarşısının alınması üçün 2016-cı ilin mayında “Kredit təşkilatlarında sağlam kreditləşmə və məsuliyyətli borclanma prinsipləri” qəbul edilib. Bundan əlavə, xarici valyutada gəliri olmayan əhali qruplarına xarici valyuta kreditlərinin verilməsi məhdudlaşdırılıb. Eyni zamanda əhalinin izafi borclanmasının qarşısının alınması üçün sərt DTİ və LTV əmsalları tətbiq edilməyə başlanıb və bu istiqamətdə nəzarət tədbirləri həyata keçirilib.

Bu problemin aradan qaldırılmasında, əlbəttə, həlledici sözü ölkə prezidenti deyərək, fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzaladı. Fərmana əsasən banklarda olan problemli kreditlərin böyük həcmi dövlət hesabına silinəcəkdir. Fərmanın icrası çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən kompensasiyaların ödənilməsi mexanizminin müəyyən edilməsi məqsədilə “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” qəbul edilib. Qeyd edək ki, aprelin 22-dən əhaliyə kompensasiyaların ödənilməsinə başlanıb. Ümumilikdə, fərmanın icrası çərçivəsində 682 milyon manat məbləğində kreditin restrukturizasiyası nəzərdə tutulub. Fərman banklarda kifayət qədər sərbəst maliyyə vəsaitlərinin yaranmasını şərtləndirəcək, habelə problemli kredit portfelinin azalmasına səbəb olacaq.

Kredit təşkilatlarında sağlamlaşdırma

Kredit təşkilatlarının kapital çatışmazlığı və likvidlik problemləri ilə əlaqadər sektorun sağlamlaşdırılması üçün 2016-cı ildən başlayaraq bank sektorunun kapitalizasiya proqramı həyata keçirilib. Kapital cəlb edə bilməyən 6 bankın lisenziyası Palata tərəfindən ləğv olunub və nəticədə 2016-2017-cı illərdə bağlanmış bankların sayı 12-yə çatıb. Bundan əlavə, 2 bankın könüllü konsolidasiyası həyata keçirilib. Fəaliyyətini düzgün qura bilməyən 63 bank olmayan kredit təşkilatının (BOKT, o cümlədən, kredit ittifaqları) lisenziyası geri çağırılıb. Hazırda (31 mart 2019 tarixinə) sektorda kredit ittifaqları da daxil olmaqla 96 BOKT fəaliyyət göstərməkdədir. Aparılmış islahatlar nəticəsində, hazırda bank sektorumuz mənfəətlə fəaliyyət göstərir. 2018-ci ildə banklar 279.4 milyon manat məbləğində mənfəət generasiya edib.

Bank sektorunda sağlamlaşdırma fəaliyyətinin mühüm bir hissəsi Azərbaycan Beynəlxalq Bankı ASC-nin (ABB) maliyyə durumunun sağlamlaşdırılması və dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanmasıdır.

Bank sektorunun restrukturizasiyası ilə əlaqədar hüquqi bazanın formalaşdırılması məqsədilə “Banklar haqqında” Qanuna müvafiq dəyişikliklər olunub. Bu dəyişikliklərə uyğun olaraq mexanizmin tam tətbiqi üçün zəruri normativ-hüquqi aktlar, o cümlədən “Körpü bankın yaradılması, səhmlərinin buraxılışı və qeydiyyatı, körpü banka bank lisenziyasının verilməsinin xüsusi sadələşdirilmiş proseduru və fəaliyyətinin tənzimlənməsi Qaydaları”, “Ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası tədbirlərinin müəyyən edilməsi və hərracın keçirilməsi Qaydaları” və “Rezolyusiya tədbirlərindən hər hansı birinin seçilməsi üçün xərclərin əsaslandırılması və onların müqayisəli təhlilinin aparılması Qaydaları” hazırlanaraq təsdiq edilib.

Palata tərəfindən bank sektorunun tənzimlənməsi çərçivəsində beynəlxalq təcrübə nəzərə alınaraq risklərin tənzimlənməsi və nəzarət alətlərinin daha effektiv istifadə edilməsinə imkan verən “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”, “Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları”, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”, “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar” və “Banklarda Kredit risklərinin idarəedilməsi Qaydaları” təsdiq olunaraq Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Real sektorun kredit əlçatanlığının artırılması məqsədilə kreditlərə zəmanət və faiz subsidiyalarının tətbiqi mexanizmi yaradılıb (İpoteka və Kredit Zəmanət Fondu), Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri formalaşdırılıb və Azərbaycan Kredit Bürosu təsis edilib. Yeni yaranan institutların effektiv fəaliyyətinin təşkili maliyyə resurslarına çıxışın artırılmasına zəmin yaradır.

Kredit təşkilatlarında sağlamlaşdırma ile ilgili görsel sonucu

Problemlər bitdimi?

Bank sektorunda həyata keçirilən tədbirlər nəticəsində 2017-ci ilin ikinci yarısından etibarən bir sıra istiqamətlərdə müsbət dinamika müşahidə olunmağa başlayıb. Məsələn, banklardakı işçi ixtisarları dayanıb, bank işçilərinin sayında artım yaranıb. Belə ki, 2016-cı ilin sonu ilə müqayisədə 2019-cu ilin I rübünə bank sektorunda işçi sayı 4,7 faiz artaraq, 17 749 nəfərə çatıb.

Əlbəttə, bütün bunlar Azərbaycanın maliyyə-bank sektorunda bütün problemlərin həll olunduğu anlamına gəlmir. Bu sektorda ciddi problemlərdən biri şəffaflıqla bağlıdır. Bu yaxınlarda aparılan monitorinq göstərir ki, qanunvericiliyə əsasən banklar tərəfindən məlumatların açıqlanmasında boşluqlar qalmaqdadır.

Bundan əlavə, bankların real sektoru maliyyələşdirməsi istiqamətində bir sıra problemləri qalmaqdadır. Hansı ki, bu problemlərin bir qismi bankların özlərindən (yüksək kredit faizləri, sərt tələblər və sair), mühüm bir qismi isə digər sektorların inkişaf səviyyəsindən qaynaqlanır. Bu sırada, ölkədə dövlət dəstəyinə əsaslanan aqrar sığortanın tətbiqi istiqamətində atılan addımları xüsusi qeyd etməyə dəyər. Türkiyə təcrübəsi əsasında yaradılması nəzərdə tutulan aqrar sığorta mexanizmi həm sığorta bazarının genişlənməsinə, həm də aqrar sahənin kredit resurslarına əlçatanlığının artırılmasına gətirib çıxara biləcək mexanizm hesab olunur. Eyni zamanda 2020-ci ildən icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiqinə başlanması nəzərdə tutulur. Atılacaq hər iki addım Azərbaycan sığorta bazarında ciddi canlanmaya səbəb olacaq. Bu isə bazardakı tənzimləyicinin də məsuliyyətinin artması deməkdir. Məsələ burasındadır ki, sığorta şirkətlərinin davranışları hər iki istiqamətdə əldə olunacaq nəticələrə mühüm təsir göstərəcək amillərdəndir. Bu baxımdan, sığorta şirkətləri üzərində effektiv nəzarətin təmin olunması çox vacibdir.

Daha bir problemli sahə qiymətli kağızlar bazarıdır. Bu ilin yanvar-mart aylarında qiymətli kağızlar bazarında cəmi 5 633,5 milyon manatlıq əməliyyat aparılıb. Hansı ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8.9 faiz azdır. Lakin bu sahədə vəziyyət yalnız tənzimləyicinin fəaliyyətinə bağlı olmayıb, iqtisadiyyatın ümumi və aktual problemindən qaynaqlanır...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi