Azərbaycan manatının 2015-ci ildə ikili devalvasiyası ötən il bank sektorunda qeyri-işlək kreditlərin həcminin artması, banklardan əmanətlərin çıxarılması ilə nəticələnib
“Report”un məlumatına görə, bunu Bakıda “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda keçirilən konfransda çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
Onun sözlərinə görə, vəziyyəti düzəltmək üçün Azərbaycanda bank sektorunun sağlamlaşdırılması istiqamətində tədbirlər görülüb, kapitalla bağlı problemi olan banklar sistemdən kənarlaşdırılıb, banklardakı əmanətlər 100% sığortalanıb.
“Hazırda kapitalla bağlı problemi olan 5 bank xüsusi nəzarət altındadır, ilin ortasına qədər onlar kapitallaşma ilə bağlı problemi həll etməlidir. Paralel olaraq Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması davam etdirilir, onun xarici öhdəlikləri restrukturizasiya edilir. Banklarda kredit portfelinin keyfiyyəti stabilləşib”, – deyə MBNP rəhbəri əlavə edib.
Bununla belə, R.Aslanlı onu da qeyd edib ki, hazırda Azərbaycanda biznes kreditləşməsi ilə bağlı problemlər var, iş adamlarına təklif olunan kreditlərə yüksək təminat tələbləri mövcuddur. Bundan başqa, kreditlərin illik faiz dərəcəsi manatda 22-26%, xarici valtutada isə 13-15%-dir ki, bu da real sektorun rentabelliyi ilə müqayisədə yüksəkdir: “Kreditlərin bahalığı onunla bağlıdır ki, onların maya dəyəri yüksəkdir. Banklar illik 15%-lə əmanət qəbul edir, burada əməliyyat xərcləri, kreditin qaytarılmaması ehtimalı, məzənnə və digər riskləri nəzərə aldıqda kredit faizlərinin yüksək olması təbiidir”.