azia.az
azia.az

Donald Tramp FIFA-ya XƏBƏRDARLIQ ETDİ

Bu gün, 10:57

ABŞ Prezidenti Donald Tramp FIFA prezidenti Canni İnfantinonun vəzifədən getməsinin dünya futbolu üçün mənfi nəticələrə səbəb olacağını bildirib.

Xəbər verilir ki, bu barədə ABŞ prezidenti özünün "Truth Social" şəbəkəsindəki hesabında paylaşım edib.

Tramp FIFA rəhbərinin fəaliyyətini yüksək qiymətləndirib və onun vəzifəsini dəyişməyin yanlış addım olacağını deyib:

"FIFA hər hansı səbəbdən Canni İnfantinonu dəyişdirmək imkanını belə nəzərdən keçirsə, dəhşətli səhvə yol verər. O, əvvəlkilərdən dörd dəfə daha uğurlu olan dünya çempionatının keçirilməsinə rəhbərlik edib".

ABŞ lideri əlavə edib ki, İnfantino vəzifəsindən getsə, gələcəkdə dünya çempionatlarının əvvəlki kimi uğurlu və gəlirli olması mümkün olmayacaq.

Qeyd edək ki, iyulun sonunda "New York Post" Trampın İnfantinonu BMT-nin növbəti baş katibi kimi görmək istədiyini yazıb. Nəşrin məlumatına görə, İnfantino 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatı zamanı Trampa daha da yaxınlaşıb.

Avqustun əvvəlində isə eyni nəşr İnfantinonun FIFA prezidenti vəzifəsini qoruyub saxlamaq üçün Vaşinqton administrasiyasının dəstəyini əldə etməyə çalışdığını iddia edib.

FIFA rəhbəri dünya çempionatının yayım və kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması təklifindən sonra tənqidlərə məruz qalıb. Daha sonra İnfantino bu ideyadan imtina edib.

Təklif FIFA-nın əsas kişi və qadın turnirlərinə nəzarət edəcək ayrıca şirkətin yaradılmasını nəzərdə tuturdu. FIFA bu layihənin 4.2 milyard dollar gəlir gətirə biləcəyini bildirmişdi. Lakin təşəbbüs bir sıra futbol federasiyaları, funksionerlər və təşkilatlar tərəfindən ciddi tənqid olunub.

Bəzi məlumatlarda isə İnfantinonun FIFA daxilində dəstəyini itirdiyi və istefasının gündəmdə olduğu iddia edilmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi