İsmayıllıda gənc oğlan bu söhbətə görə həmyaşıdını öldürdü — Şok təfərrüat
İsmayıllı rayonunda 2002-ci il təvəllüdlü Vaqif şəxsi münasibətlər zəminində həmyaşıdı Valehi (adlar şərti) öldürüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Vaqif 15 dekabr 2020-ci ildə Valehin Sumqayıt şəhərində olan tanışı və qonşusu ilə “WhatsApp” mobil telefon tətbiqi proqramı vasitəsi ilə yazışarkən sonuncunun ona əvvəllər barəsində danışdığı, Sumqayıt şəhərində bacısı ilə qonşuluqda yaşayan qızla münasibət qurduğuna görə onu qısqanıb-qısqanmaması barədə sual verməsi səbəbindən həmin suala görə aralarında narazılıq yaranıb.
Bu zamanı Valeh ona “peysər” sözünü yazıb. Bunu bəhanə edən Vaqif 19 dekabr 2020-ci ildə İsmayıllı da Valehlə görüşüb, söhbəti aydınlaşdırmağı təklif edib.
Valeh koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi ilə bağlı SMS icazə müddətinin başa çatmasını söyləyib, Vaqiflə dekabrın 20-də, saat 17 radələrində İsmayıllı şəhərinin Babək küçəsində yerləşən H.Əliyev adına parkın ərazisində görüşəcəyini deyib.
Görüş zamanı Valehin onu təhqir etdiyi üçün üzr istəməyəcəyi təqdirdə sonuncunu öldürəcəyini qərara alıb. Bu məqsədlə yaşadığı evdən bıçaq götürüb və danışdıqları kimi parka gəlib.
Orada Valeh ilə görüşüb, təqribən iki saat ərzində söhbət etdikdən sonra Valehin ondan üzr istəməməsini bəhanə edib bunun üçün heç bir əsaslı səbəb olmadan bıçaqla sinə nahiyəsindən bir dəfə vurub. Valeh aldığı xəsarətdən ölüb.
İstintaq orqanı tərəfindən Vaqifin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vaqif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Valeh onunla bir binada yaşayıb: “Valehlə yaxın münasibətləri olmuşam. Çox vaxt çayxanaya və digər yerlərə bir yerdə getmişik. 2020-ci ilin dekabrın təxminən 10-da Valeh mənə Sumqayıt şəhərində yaşayan bacısının qonşuluğunda olan bir qızı istədiyini və həmin qızla danışaraq qızın da fikrini öyrənəcəyini dedi. Dekabrın 12-də Valeh Sumqayıta getdi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, dekabrın 15-də Valeh ona whatsapp proqramı vasitəsi ilə mesajla bacısıgilin qonşuluğunda yaşayan qızla tanış olduğunu, həmin qıza ondan xoşu gəldiyini etiraf etdiyini və qızın da ona “hə” dediyini yazıb: “Sonra Valeh mesaj yazdı ki, bir-iki günə qayıdacaq. Ardınca isə “məni qısqanmırsan ki” məzmunlu mesaj yazdı. Valehə belə söhbətlər etməməsini, bizim dost olduğumuzu, aramızda belə söhbətlər ola bilməyəcəyini yazdım. Valeh yenə də “məni qısqanırsan” mətnli mesaj yazdı. Valehə yenə belə danışmaması barədə mesaj yazdım. Valeh isə mənə mesajla “peysər” sözünü yazdı. Ona İsmayıllı rayonuna gəldikdən sonra danışacağımızı yazdım. Valeh də məni telefonda bloka atdı”.
Vaqifin sözlərinə görə, dekabrın 19-da nənəsigilə gedərkən Valehi “Adəm market”in qarşısında tək dayandığını görüb: “Valehə yaxınlaşaraq salam verdim, danışmaq istədiyimi bildirdim. Valeh mənə SMS icazəsinin vaxtı bitdiyini, sabah saat 16.30-da parkda görüşüb, söhbət etməyi dedi. Dekabrın 20-də, saat 16.30-da parka getdim. Həmin vaxt Valeh artıq orada olub. Parkın içərisində fəvvarə olan yerin yanında dayanaraq təxminən 2 saat söhbət etdik. Valehin mənə “peysər” yazması ilə bağlı sözlə xeyli mübahisə etdik. Valehin həmin “peysər” sözünə görə məndən üzr istəməsini gözləsəm də, axırda Valeh məndən üzr istəmədi. Saat 19 radələrində Valeh artıq gec olduğunu dedi, söhbətimizi sabah davam etdirməyi bildirdi. Söhbəti sabaha saxlamamağı, yerində elə indi söhbəti aydınlaşdırmağı bildirdim. Valeh yenə də üzr istəmədi, hərəmizin öz yolumuza getməyimizi dedi. Valeh məndən üzr istəməyəcəyini bildirdi, yenidən orada da mənə peysər dedi. Valehin yaxasından tutaraq kənara itələdim. Valeh üstümə gələrək sinəmdən yumruqla vurdu”.
Vaqif qeyd edib ki, bundan sonra evdən götürdüyü və kəmərinin altına keçirərək qoyduğu bıçağı çıxarıb və Valehin çiyni istiqamətində vurub: "Valeh bıçaqdan yayındığına görə onun ürəyinin üstündən dəydi. Valehi öldürmək məqsədim olmayıb. Bıçaqla vurulduqdan sonra Valeh mənə ”bağışla, üzr istəyirəm” dedi. Valeh pilləkənlərə tərəf təxminən 20 metr qaçandan sonra pilləkənin qarşısında yerə yıxıldı. Valeh yerə yıxılandan sonra 103-ə, təcili yardıma zəng etdim, parkda yaralı olduğunu bildirdim. Sonra parkın içərisində olan mühafizəçiyə yaxınlaşaraq bıçaqla adam vurduğumu bildirdim və 102–yə zəng etməsini xahiş etdim. Həmin mühafizəçi də polisə zəng edərək məlumat verdi. Az sonra polis əməkdaşları gəldilər. Gələn polis əməkdaşlarından birinə Valehi vurduğum bıçağı təhvil verdim. Həmin polis işçiləri məni oradan İsmayıllı rayon polis şöbəsinə apardı".
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Vaqif 16 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.