azia.az
azia.az

Bakıda bacısını öldürən məmur oğluna 1 il iş verilib

25-08-2021, 15:32

Bakıda bacısını öldürən məmur oğluna 1 il iş verilib
Xəzər rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə sabiq nümayəndəsi Rahil Babayevin qızını öldürən oğlu Məmmədəli Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Azia.az APA-ya istinadən xəbər verir ki, Xəzər rayon Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M. Babayev 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 20-də səhər saatlarında Xəzər rayonu Türkan qəsəbəsi ərazisində qeydə alınıb.

Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Aydan Babayevanın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1996-cı il təvəllüdlü Məhəmmədəli Babayevin aralarında yaranmış münaqişə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq Aydan Babayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Daha sonra Babayev Məhəmmədəli Rahil oğlu barəsində verilən ittiham Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsindən Cinayət Məcəlləsinin 122-ci (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, keçirilmiş kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, Babayev Məhəmmədəli Rahil oğlu cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olub:

“Keçirilmiş təkrar kompleks ambulator məhkəmə psixiatrik-məhkəmə psixoloji ekspertizasının rəyinə əsasən Məhəmmədəli Babayevin cinayət hadisəsini törətdiyi zaman qəflətən baş vermiş güclü həyəcan vəziyyətində - fizioloji affekt vəziyyətində olması təsdiq olunub.

Bu il aprelin 28-də Babayev Məhəmmədəli Rahil oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122.1-ci maddəsi ilə yenidən ittiham elan edilib. Mayın 12-də cinayət işi istintaqı başa çatdırılaraq baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib”.

Onu da qeyd edək ki, hadisə Xəzər rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayev ailəsində baş verib. Hadisəni törədən R.Babayevin oğlu, ölən şəxs isə qızıdır.

R.Babayev hadisədən bir müddət sonra tutduğu vəzifədən azad edilib. Onun barəsində də dələduzluq və vəzifə səlahiyyətləri aşma maddəsi ilə cinayət işi başlanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi