Beynəlxalq Bank özəlləşdirmə üçün “təmizlənir”
Ekspertlər ehtimal edirlər ki, bankın problemli krediti on milyarddan çoxdur
Milyardlarla vəsaiti mənimsənilən Beynəlxalq Bank indi də özəlləşdirlməyə çıxarılır.
Ancaq ekspertlər şəffaf olmayan prosesə maraq da olmayacağı qənaətindədirlər. Əslində bir müddət əvvəl Beynəlxalq Bankın 10 milyard manata yaxın problemli kreditinin “Aqrarkredit”ə ötürülməsini ekspertlər özəlləşdirlməyə hazırlıq kimi qiymətləndirmişdilər. Rəsmilər prosesin 2017-ci ildə başlanacağını bildirirlər.
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, bank özəlləşdirilməyə hazırlanır: “Azərbaycan Beynəlxalq Bankının 2017-ci ilin ilk yarısında idarə oluna bilən səviyyəyə gətirilərək özəlləşdirməyə hazır olmasına çalışırıq. Sektorun 40 faizinə malik olan bankın bazarda qalmasını təhdid hesab edirik. Bu, bank sektoru üçün təhdid yaratmayacaq səviyyəyə çatmalıdır”.
Ekspert Əkrəm Həsənov isə musavat.com-a açıqlamasında bildirib ki, prinsipcə, bu, ötən ildən nəzərdə tutulan bir prosesdir: “Hələ keçən il prezident fərman vermişdi ki, Beynəlxalq Bankın problemli kreditləri ”Aqrarkredit"ə ötürülsün və sonra da bank özəlləşdirilsin. Bankın pis aktivləri, problemli aktivləri oradan çıxarılacaq və özəlləşdiriləcək. Başqa cür ola bilməzdi. Bu bankın problemli kreditləri var və onu qaytara bilmir. Həmin bankı kim alar? Səhmdar niyə kreditlərini qaytara bilməyən bankın səhmini almalıdır? Buna görə də borclar ötürüldü. Hər şey həmin fərmanda nəzərə tutulmuş kimi gedir. Əlbəttə, özəlləşdirmə üçün bank təmizlənməlidir ki, bankı alanlara təmiz bank satsınlar. Bu, məsələnin bir tərəfidir".
Ekspertin sözlərinə görə, digər tərəfdən, bankın on milyarda yaxın olan problemli kreditinin “Aqrarkredit”ə ötürülməsi birinci etapdır: “İkinci etap da olacaq. Gözləyirəm ki, özəlləşdirilməyə qədər gərək ikinci etap da bitsin. Elan etsinlər ki, bu qədər də problemli aktivlər çıxıb getdi, yerdə qalan artıq budur”.
Ə.Həsənov həmçinin deyib ki, özəlləşdirmə barədə xəbərə bir qədər ehtiyatlı yanaşmaq lazımdır: “Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri deyib ki, Beynəlxalq Bank 2017-ci ildə özəlləşdirilməyə çıxarılacaq. Belə elanlara bir az ehtiyatla yanaşmaq lazımdır. Çünki bu bankın özəlləşdirmə söhbəti 15 ildir gedir, həmişə deyirlər. Görünən odur ki, vəziyyət indi daha ciddidir. Hər bir halda 2017-ci ildə özəlləşdirilməyə çıxarılma o demək deyil ki, il başlanan kimi özəlləşdiriləcək. Böyük ehtimalla, ən azı, ilin birinci yarısında problemli aktivlərin ”Aqrarkredit"ə keçməsi prosesi davam edəcək. Ən yaxşı halda, ilin ikinci yarısında özəlləşdirmə prosesi başlanacaq. O vaxta qədər də tam biləcəyik ki, “Aqrarkredit”də ümumilikdə yekunda nə qədər problemli kredit ötürüldü. Sadəcə, bir məsələyə də diqqət yetirmək istərdim ki, “Aqrarkredit” dövlət qurumudur. Əslində bu proses tam şəffaf olmalıdır. Çünki orada faktiki olaraq dövlət pulları xərclənir.
Problemli kreditlərin bağlanmasına dövlət pulları xərclənir. Buna görə də hesab edirəm ki, problemli kreditlər təsnifatlaşdırılmalıdır. Elan edilməlidir ki, hansı problemli kreditlərdir? Kim o problemli kreditləri verib? Bunlar hamısı faktiki oğurlanmış kreditlərdir. Elan olunmalıdır ki, bankdan pulları kimlər oğurlayıb? Dövlət indi buna nə qədər vəsait xərcləyəcək? Həmin o problemli kreditlərin hansı hissəsini “Aqrarkredit” qaytarır? Necə qaytarır? Təəssüf ki, biz yalnız ötən il eşitdik ki, Beynəlxalq Bankın problemli kreditlərinə görə bir-iki nəfəri bir neçə günlük həbs etdilər, sonra da azad etdilər. Adi vətəndaşları 5-10 manata görə azadlıqdan məhrum edirlər. Amma bu boyda pulları yeyənləri həbs etmirlər. Hələlik təkcə Cahangir Hacıyevi həbs ediblər. Bu proses təəssüf ki, qeyri-şəffafdır. Güman edirəm, hökumət başa düşüb ki, bu proses qeyri-şəffaf olacaqsa, bankın özəlləşdirilməsi prosesi də çətin olacaq. Çünki qeyri-şəffaflıq varsa, səhmdar heç vaxt o bankın səhmini almaz. O, əmin olmalıdır ki, oradan bütün zir-zibili “Aqrarkredit”ə çıxarıblar". (musavat.com)