Komitə sədrindən millət vəkilinə: “Qanunun müəllifi onu belə görmək istəyir”
Milli Məclisin növbədənkənar iclasında “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Gün.Az xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qanun layihəsinin üçüncü oxunuşa xeyli təkmilləşdirlmiş formada hazırlandığını qeyd edib.
Millət vəkili Tahir Kərimli qanuna müəyyən düzəlişlərin olmasını təklif edib. O, bu məqəsədlə bir neçə qanunlardan sitat gətirib. Komitə sədri E.İbrahimov isə həmkarına belə cavab verib:
“Məndən olsa, burada xeyli qanunlardan misal gətirirəm. Amma qanunun müəllifi deyir ki, belə olmalıdır. Qanun Prezident Administrasiyanın müvafiq şöbələri ilə razılaşdırılıb və onlar da qanunu belə görmək istəyirlər”.
Onu da qeyd edək ki, qanun layihəsində artıq kənd təsərrüfatı kooperativlərinin 3 növü - istehsal, istehlak və istehsal-istehlak (qarışıq) kooperativləri əksini tapıb və onların fəaliyyət prinsiplərinə aydınlıq gətirilib.
Kənd təsərrüfatı istehsalı kooperativi kənd təsərrüfatı məhsulları istehsalçıları olan fiziki şəxslərin gəlir əldə etmək məqsədi ilə şəxsi əməyi ilə iştirakına əsaslanan birgə istehsalat və digər təsərrüfat fəaliyyəti yerinə yetirmək üçün birləşməsi ilə yaradılan kommersiya hüquqi şəxsdir.
İstehsal kooperativlərində işlərin ən azı 70 faizi kooperativ üzvləri tərəfindən yerinə yetirilməlidir. İstehsal kooperativində muzdlu işçilərin sayı kooperativin əsas üzvlərinin sayının 30 faizindən (mövsümi işlərə cəlb edilənlər istisna olmaqla) çox ola bilməz.
Həmçinin, İstehlak kooperativi kənd təsərrüfatı məhsullarının istehsalçıları olan fiziki və ya hüquqi şəxslərin kənd təsərrüfatı sahəsində fəaliyyəti dövründə üzvlərinin xərclərinin azalmasına və gəlirlərinin artmasına, onların iqtisadi maraqlarının müdafiəsinə yönəlmiş xidmətlərin təşkili üçün birləşməsi yolu ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir.
Sonra isə qanun üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.