Özü də, sözü də Kəlbəcər olan Məhəmməd
Mən onu tanıyandan həmişə belə görürəm. Qələmi əlində sözü yüz səmtə göndərə bilir, amma mayasında mütləq Kəlbəcər var. Aldığı havada da, kəsdiyi tikədə də Kəlbəcər görünür. Yurd həsrətindən canı üzülmüş Məhəmməd Nərimanoğlu bütün varlığı ilə Kəlbəcərin özü deməkdir. O yerlərdən danşanda söhbətlərinə sakit ürəklə qulaq asmaq mümkün deyil. Dolan gözlərində, titrəyən səsində, qəhərli avazında, yazısında, sözündə eləcə Kəlbəcərdir! Cismi o dilbər guşədən zorla ayrı düşsə də, ruhunda Kəlbəcər əbədidir. Bu əbədiyyətin ünvanı isə böyük sevgidi, məhəbbətdi, həsrətdi, intizardı, ən nəhayət, ölüb-dirilməkdi!
Vaxtilə doğulduğumuz o obalar qonşu idi. Qarakilsə ilə (Sisian) Kəlbəcərin sərhədi silsilə dağlardı. Yadımdadır, tələbə vaxtı Aşıq Şəmşir mənə bağışladığı açıqlamada belə yazmışdı: «Qarşı dağların gözəl balası…» İndi də vətəndən perik düşmüş ruhumuzda, canımızda bu qonşuluğun alın yazısını yaşayırıq. Dərd, kədər, sevinc şərikliyini ürəyimizdən keçiririk. Bir otaqda əyləşirik, eyni qəzet redaksiyasında çalışırıq. Bəlkə də son illərdə yazılarını ilkin oxuyan elə mənəm. Bu səbəbdən də Məhəmməd Nərimanoğlunu yaxşı tanıyıram.
Kəlbəcərin Otaqlı kəndində anadan olub. Həmyaşıdları kimi ali təhsil almaq məqsədilə Bakıya üz tutub. Sonradan yenidən doğma yurda qayıdıb. Kəlbəcər bədnam qonşularımız tərəfindən işğal edilənə qədər rayon qəzetində müxtəlif vəzifələrdə çalışıb. Bu yurdun gözəlliklərindən, qonaqlı-qaralı günlərindən, problemlərindən, arzu və düşüncələrindən yazıb. Kəlbəcərin işğalından sonra isə həyatının ən ağır əzabları ilə üzləşib. Bəlkə də əzəlki bəxtəvər çağlar olsaydı, mükəmməl yazıb yaratdığına görə müxtəlif mükafatlar, təltiflər alardı, isminin yanına fəxri adlar qoşulardı. Təəssüf ki, çoxumuz kimi bunların əvəzində qaçqına, köçkünə çevrildi Məhəmməd Nərimanoğlu.
Ədəbi yaradıcılığa orta məktəb illərindən başlayıb. İstər yerli, istərsə də respublika mətbuatında müntəzəm dərc olunan müəlliflərdən biri olub. Amma Kəlbəcər itkisi ilə üzləşəndən sonra həyatının sahmanı da dəyişildi. Başının üstündən keçən atəşlərin vahiməli nəfəsi, varlığını üzən niskillər, yurd həsrəti onu dirigözlü qurutdu. Ürəyinə köz kimi yapışaraq ovqatında bir qəm dənizi yaratdı. Əlinə qələm aldı, başını kağız üzərinə əydi, naxışladığı da bu, oldu:
Məhəmmədə verib dərdi,
Bircə-bircə uddu mərdi.
Başdan-başa dərddi-sərdi,
Ömrümün köçkün illəri.
Nə yaxşı ki yalnız kağız üzərinə əyilən bu baş dərdlərin, ağrıların önündə dik dayanmağı bacardı. Bacardı ki, 1994-cü ildən bəri çap etdirdiyi kitablarının məzmununa ancaq Kəlbəcəri gətirsin. Bu kitabların sadəcə adlarına fikir versək, çox mətləblərdən hali olarıq: «Dağların sinə dağı», «Yurd göynərtisi», «Ümid işığı», «Dədə ocağı», «Qanlı köynəklər», «Qiyamətə qalan qisas», «Kəlbəcər – Azərbaycanın qala qapısı», «Şərəfli ömürlərin işıqlı yolları», «Kəlbəcər dünyası: yüz şairin bir kitabı», «Kəlbəcər – sazın, sözün harayı», «Türklərə qarşı törədilmiş erməni terrorunun qısa xronikası», «Kəlbəcər dünyası: folklor nümunələri», «Ağdaban faciələri», «Kəlbəcər – təbii sərvətlər və möcüzələr diyarı» və s. Əslində Məhəmməd Nərimanoğlu 20-yə yaxın kitabın müəllifidir. Yüzlərlə kitaba da ön söz yazıb, redaktor olub. Hərdən zarafatla deyirəm: «Qardaşım, vaxt gələcək, sənin gözəl Kəlbəcərimizdə bu xidmətlərinə görə mütləq abidəni qoyacaqlar». Əlbəttə, o zarafat səmimi və mənalıdır ki, haradasa bir həqiqətə söykənsin.
Mən həmişə genlərin möcüzəsinə heyrət etmişəm. Təkcə zahiri bənzəyişlər, xəstəliklər, xasiyyət deyil, istedad, qabiliyyət də irsən keçir. Məhəmmədin anası Güllər nənə bədahətən şeirlər deyən, bayatılar söyləyən, qəlbi söz çeşməli bir xanım olub. Təəssüf ki, bu həssas, zərif, ağbirçək ananın da ömrünün qürub çağına qaçqınlıq, köçkünlük əzabının minbir dərdi yazıldı. Onun sinəsindən gələn bir şeirdəki misralara fikir verin:
Yeddi ildir qan tökürəm gözümdən,
Tabım gedib, taqət düşüb dizimdən.
Kəlbəcərin dərdi keçir üzümdən,
Yaz, ay oğul, o kitaba məni də yaz.
Bu, həm də bir ananın öz övladlarına poetik vəsiyyətidir. Yaxşı ki, oğulları (Məhəmmədin qardaşı İbrahim də şair ruhlu bir insandır, gözəl şeirlər müəllifidir) onun bu vəsiyyətinə əməl etdilər. Kəlbəcərlə bağlı nələr yazmadılar…
Məhəmməd Nərimanoğlu «Kəlbəcər – möcüzələr və sərvətlər diyarı» kitabının əlyazmasını ön söz yazmaq üçün mənə verəndə açığı çox təəccübləndim. Çünki Kəlbəcərdə elə söz qalaları var ki, onları yox, məhz məni seçməsi qəribə təsir bağışladı. Lakin o andaca fikirləşdim ki, əslində qələm dostum, qardaş qədər xətrini çox istədiyim Məhəmməd Nərimanoğlu doğru hərəkət edib. Doğmalardan çox, mənim kimi «yad»lar onu daha yaxşı tanıya bilər. Ən azından illərdir ki, bir otaqda əyləşirik, dərdləşirik, sözümüzə, özümüzə daha yaxşı bələdik. Yenə də o sözümün üstünə gəlirəm ki, Məhəmməd Nərimanoğlu əsl vətəndaş, yurd təəssübü çəkən, onun uğrunda hər cür əzaba, əziyyətə qatlaşmağı bacaran cəfakeş və fədakar qələm sahibidir. Kəlbəcər onun varlığına elə hopub ki, artıq bu mövzuda o, bir doyumsuzluq tapıb. Doğma yurda qovuşana qədər yazacaq. Qələmilə mübarizə aparacaq. Ən yaxşı cəhət də budur ki, oxuculara təqdim ediləcək yeni kitab məhz beş dildə – Azərbaycan, rus, ingilis, fransız, ərəb dillərində işıq üzü görür. Bu kitabı əlinə alan hər kəs yurdumuzun bu dilbər guşəsinin coğrafi mövqeyindən, faydalı qazıntılarından, etnoqrafiyasından, tarixi abidələrindən xəbər tutmaqla yanaşı, Kəlbəcərin başına gələn faciələrdən də dəqiq məlumat öyrənəcək.
Ötən əsrin 80-ci illərində Kəlbəcər keçmiş SSRİ məkanında uzunömürlülərin sayına görə birinci yer tuturdu. Hətta o vaxt Kəlbəcər haqqında müxtəlif filmlər çəkilmişdi. Televiziya kanallarında, xüsusilə də Moskvanın «Zaman» informasiya proqramında bu yerlər haqqında maraqlı məlumatlar verilərdi. Müəllif haqlı olaraq o mətləbə də toxunur ki, sovet dövründə Kəlbəcərin təbii sərvətləri talan edilərək gah Rusiyaya, gah da Ermənistana daşınırdı. Bu gün ermənilərin işğal edərək xarabazara çevirdiyi Kəlbəcərdə qızıl mədənləri var idi. Onda da daşınırdı, indi də… Kəlbəcərdə «sümük tökülən dərə» deyilən bir yer var. Sovet dövründə bu yerin hansı mahiyyət daşıdığını bütövlükdə azərbaycanlılardan gizlətdilər. Məhəmməd Nərimanoğlu çox haqlı olaraq bu kitabda da həmin dərənin adı ilə bağlı dəhşət dolu faktları oxuculara təqdim edir. Məlum olur ki, 1918-ci ilin qışında erməni quldurları Kəlbəcərin yüzlərlə kəndinə hücum edərək yerli əhalini – uşaqlı, qadınlı, qocalı qılıncdan keçirərək bax, bu dərəyə töküblər. Kitabın beş dildə çap edilməsi həqiqətən çox vacibdir. Heç olmasa başımıza gələnlərin məzmunu haqqında oxuyanlar bilərlər ki, ermənilər 200 il ərzində xalqımıza hansı bəlaları gətirmiş, necə vəhşiliklə, vəhşətlə soyqırımlar törətmişlər.
Yeni kitab Kəlbəcər haqqında ətraflı və dərin məlumat verməklə bərabər, oxucuda həm də bu yerlər barədə dolğun təəssürat yaradır. Kitabdan təkcə kütləvi oxucular deyil, orta və ali məktəblərdə dərslik kimi də istifadə etmək olar. Müəllif haqqında onu da demək istərdim ki, Kəlbəcərin simasında bütün bəlalarımızı yazıya gətirən qardaşımız şeirlərində də əsir yurd yerlərimizin ürək parçalayan, dərdli mənzərəsini yaradır. Bəzən də verdiyi suallara cavab axtarır:
Zəngilan, Qubadlı, xan Şuşam hanı,
Batdımı Ağdamın, Laçının qanı?!
Cəbrayıl, Füzuli… necədi sanı,
Dağılıb məhvəri düz on üç ildi.
2006-cı ildə qələmə alınan bu şeirdə müəllifin qəlbinə hücum çəkən dərdlər, həsrətlər dil açıb danışır, amma hələ də bu suallara müsbət cavablar yoxdur! Bu səbəbdən də qəlbini üzə-üzə kağızlara əritdiyi şeirlərində sanki ləngiyən gümanın, gecikən zamanın izini axtarır. Dərddən əzilə-əzilə arzularını da dilə gətirir:
Kəlbəcəri, əziz qardaş,
Dolan gözümdən istərəm.
Min yol başına dolanan,
Təkcə özümdən istərəm.
Fikirləşirəm, mən haqlıyam ki, onun bütün varlığında Kəlbəcər var söyləməkdə. Görürsünüzmü, özü də Kəlbəcəri özündən istəyir. Sinəsində düyün olmuş bu dərdin nə vaxtsa çəkiləcəyinə inanıram. Ən azından Məhəmmədin ocağında iki qartal oğul böyüyüb – Sənan və Kənan. Biri hərbi xidmətdədir, o birisi də tələbədir. Biz gedə bilməsək də, biz görə bilməsək də, yurd yerlərimizə yürüşün önündə o oğulların – Sənanın, Kənanın, Elnurun. Bəhruzun, daha kimlərinsə oldacağını görürəm. Qoy bizim gözlərimizin yaşında, ürəyimizin başında, hansısa bir sonluğa uzanacaq yaşımızda dayanan dərdin göyə sovrulacağı günün sevincini bizdən sonra gələnlər yaşasın! Bizdən onlara dərd qalmasın!
Milli Məclisin üzvü Cavid Qurbanov Məhəmmədlə bağlı çox maraqlı bir fikrin sahibidir: «O, özü olmağı bacaran jurnalistdir». Mənə elə gəlir ki, təkcə qələm sahibi üçün yox, bütövlükdə hər kəsə ünvanlanması mümkün ola bilməyəcək bu fikrin dərin mənası var. Nə yaxşı ki Məhəmməd Nərimanoğlunun özü ilə sözü arasında ünsiyyət körpüsü çox möhkəmdir. Həyatda necədirsə, yazılarında da o cürdür. Min səmtə fırlanan kürsülərdən uzaqdır. Tanrı onu hansı libasda, hansı xasiyyətdə və ürəkdə yaradıbsa, yazılarında da biz bunu duyuruq. Ürək yanğısı, vətəndaş qeyrəti, yurd həsrəti ilə qələmə aldığı bu kitabın dəyərini xiridarlar verəcək. Bizdən o qalır ki, deyək: «Gün gəlsin ki, Kəlbəcərin işğaldan azad edildiyi müjdənin sevincindən yazasan, qardaş! Ananın vəsiyyətinə tamamilə əməl etməyi bacarasan! Qoy bu kitab Kəlbəcər haqqında bilməyənlərə də, elə bilənlərə də bir ərmağan olsun! Həyat özü ziddiyyətlidir. Göyərçinlə ilanın, ağla qaranın, şərlə xeyirin, gecə ilə gündüzün qoşalığını İlahi yaradıb. Yaradıb ki, pisi görüb yaxşının qədrini bilək! Yaradıb ki, düşmənin zalımlığından dərd alanda dostun həlimliyini, sədaqətini qiymətləndirək! Yaradıb ki, paralanmış, dağıdılmış, sinəsinə dağ çəkilmiş yurd yerlərimizin harayını eşidib dadına çataq!
Flora XƏLİLZADƏ,
yazıçı-publisist