Qafqazda təhlükəli milli münaqişə alovlandı, qoşun yeridildi
Dünəndən etibarən Qafqazda daha bir təhlükəli milli münaqişə alovlanıb.
Azia.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Kabardin-Balkar muxtar respublikasının Kendelen kəndində XVIII əsrdən qalma ədavətə görə başlayan münaqişə cəmi bir sutka ərzində Nalçikə, daha sonra qonşu Baskan kəndinə qədər yayılıb. “Rosqvardiya”nın qüvvələri münaqişəni yatırmağa çalışır və silah tətbiq edir. Çoxsaylı insanın saxlanıldığı bildirilir.
Münaqişə sentyabrın 19-da başlayıb. Yerli sakinlər-balkarlar Kanjal döyüşünün 310 illiyini qeyd etmək istəyən və atların belində Kanjal dağının zirvəsinə yürüş etmək istəyən kabardinləri Kendelen kəndinə buraxmayıb. Nəticədə atlı kabardinlər kənar yollarla dağa qalxmaq istəyiblər, bu zaman iğtişaş başlayıb, silahlar işə düşüb.
İğtişaşları yatırmaq üçün “Rosqvardiya”nın qüvvələri yeridilib, kənd blokadaya alınıb. Buna baxmayaraq münaqişə gecə saatlarından başlayaraq sürətlə Nalçikə və digər yaşayış məntəqələrinə yayılıb. Yerli sakinlərin sosial şəbəkələrdə yaydığı görüntülərə əsasən “Rosqvardiya”nın döyüşçüləri atəş səsləri altında “Qafqaz” şose yolundakı Yol Patrul Polisi postu qarşısına toplaşan sakinləri uzaqlaşdırmağa çalışır. Ötən gecə Kendelendə, Nalçikdə və Baksanda onlarla adamın saxlanıldığı bildirilir. Nalçikdə yüzlərlə etirazçı şəhərin mərkəzinə toplaşıb və şüarlar səsləndirir.
Münaqişənin alovlanmasına səbəb olan hadisələr isə 1708-ci ildə baş verib. Çərkəzlər knyaz Atajukinin başçılığı altında Krım xanı Kaplan-Gireyin qoşunlarını qəfil gecə hücumu ilə Kanjal dağında məğlub ediblər. Buna səbəb kabardinlərin Krım xanına və Osmanlı sultanına xərac verməkdən imtina etməsi idi Krım tatarları və osmanlılar Kaplan-Gireyin başçılığı altında 20 minlik qoşunla kabardinləri özlərinə tabe etmək üçün Kabardaya daxil olublar. Lakin kabardinlər əvvəlcə düşmənin sıralarında yanğın törədiblər, bunun ardınca Kabarda knyazı Kurqoko Atajukinin başçılığı ilə 7 minlik kabardin ordusu qəfil hücuma keçərək bir gecəyə türk-krım qoşunlarını darmadağın edib. Təkcə Kaplan-Gireyin başçılığı ilə azsaylı qrup qaçıb canını qurtara bilib.