Rusiyada şaxtada 26 nəfərin öldüyü təsdiqləndi
Rusiyada Komi Respublikasının Vorkuta şəhəri yaxınlığında yerləşən “Severnaya” şaxtasında baş verən partlayış zamanı dağıntılar altında qalan 26 nəfərin həlak olduğu açıqlanıb.
Gün.Az-ın ANS Press-ə istinadən məlumatına görə, müvafiq açıqlamanı Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbəri Vladimir Puçkov verib. Onun sözlərinə görə, sağ qalanların tapılmasına ümid yoxdur.
"Biz mədənin qəzalı hissəsində yaranan vəziyəti nəzərə alaraq orda sağ qalanların olmadığını qeyd etməyə məcburuq. 26 mədənçinin olduğu ərazidə yüksək hərarət qeydə alınıb və orada oksigen yoxdur", - deyə o bildirib.
Rusiyanın FHN-in mətbuat xidmətindən bildiriblər ki, şaxtada həlak olanların və zərər çəkənlərin hər birinə dövlət mükafatları təqdim ediləcək.
Qeyd edək ki, fevralın 25-də “Severnaya” mədənində qəza baş verib. 748 m dərinlikdə qəza baş verən zaman mədəndə 110 nəfər olub. Onlardan 80-ni çıxarılıb, 4 nəfər həlak olub, 26 nəfər itkin düşüb.
Fevralın 27-dən 28-ə keçən gecə mədəndə növbəti partlayış baş verib, nəticədə 6 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Komi Respublikasında 3 günlük matəm elan olunub.