"The Telegraph" yazır ki, ABŞ senatoru Con Makkeyn Şimali Koreya rəhbərliyi ilə ölkəsi arasında yeni söz müharibəsinin alovlanmasına səbəb olan televiziya müsahibəsi verib.
Senator bu müsahibədə Şimali Koreya lideri haqqında danışarkən onu "gicbəsər gombul uşaq" adlandırıb.
Məqalədə deyilir ki, cənab Makkeynin 33 yaşlı Kim barədə səsləndirdiyi epitetdən bir neçə ay əvvəl Çin internet axtarışı sistemində "3-cü Gombul Kim" mövzusunu bloklamışdı.
Qəzet yazır ki, Şimali Koreyada liderin belə lağa qoyulmasını çox ağırılı qəbul edirlər.
Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi cənab Makkeynin qeydlərini "böyük təxribat" və "az qala müharibə elan edilməsi" kimi dəyərləndirib.
Cənab McCain MSNBC telekanalına martın 22-də verdiyi müsahibədə "Şimali Koreyanı idarə edən gicbəsər gombul uşağın dünyanın ən pis diktatorlarından da betər" olduğunu deyib.
O veriliş aparıcısına müraciət edərək deyib: "O rasional bir adam deyil, Greta, o heç barbarlığı üçün müəyyən rasionallığa malik İosif Stalin də deyil".
Şimali Koreyanın Xarici İşlər Nazirliyi cənab McCain-in sözlərini ölkənin və onun ali rəhbərinin şərəf və ləyaqətini təhqir edən "küfr" adlandırıb.
Nazirliyin sözçüsü deyib ki, Şimali Koreyanı terroru maliyyələşdirən ölkələr siyahısına daxil etməyi təklif etmiş texaslı senator Ted Cruz da ali liderin şərəf və ləyaqətini təhqir edib.
Şimali Koreya senatorlar McCain və Kruza xəbərdarlıq edərək bildirib ki, onlar "pələngin gücündən xəbərsiz küçük" kimidirlər.
Amma diktatorların qənimi sayılan senator Makkeyn Şimali Koreyanın sərt reaksiyasını vecinə almayıb.
"Nə deyim? Deyim ki, "bu gicbəsər arıq uşaq?" - deyib senator (BBC).