Son günlər Rusiya Ukraynanın “çirkli bomba”dan istifadə etməyə hazırlaşdığı barədə iddiaları gündəmə gətirib.
Moskva Kiyevin “çirkli bomba” və ya az güclü nüvə silahından istifadə edərək təxribat yaratmaq planları barədə məlumatlara malik olduğunu bildirir. Qərb ölkələri isə Rusiyanı Ukraynada vəziyyəti gərginləşdirmək üçün nüvə materialına malik bomba təhlükəsindən bəhanə kimi istifadə etməkdə ittiham edirlər.
Ukrayna tərəfi də Rusiyanın iddiasını rədd edib. Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya regionda nüvə silahından istifadə etməyə qadir olan yeganə ölkədir: "Əgər Rusiya "Ukrayna nəsə hazırlayır" deyirsə, bu o deməkdir ki, Rusiya bütün bunları artıq özü hazırlayıb. Fikrimcə, dünya buna ən sərt şəkildə reaksiya verməlidir".
Moskvanın bu iddiası hazırda Rusiya ilə ABŞ, Böyük Britaniya, Fransa hərbi rəhbərlikləri arasında fəal şəkildə müzakirə olunur.
Bəs, ümumiyyətlə "çurkli bomba" nədir? Onun tətbiqi Qara dəniz regionu ölkələri üçün hansı mənfi nəticələr doğura bilər?
Məsələ ilə bağlı
Bakupost.az -a danışan
hərbi ekspert Ədalət Verdiyev bildirib ki, "çirkli bomba"nın tətbiqi kifayət qədər geniş çeşiddə radioloji elementlərin yayılması deməkdir.
"Bu zaman zəhərli maddələrin tətbiqindən ərazilərin çirklənməsinin miqyası təyin olunur. İstənilən halda "çirkli bomba" məqsədli şəkildə hazırlanır. Bu, klassik nüvə bombalarının zəif bir versiyası kimi də nəzərdə tutula bilir".
Ekspert qeyd edib ki, Rusiyanın Ukrayna tərəfindən "çirkli bomba"nın tətbiqilə bağlı məlumatlar şayiədən başqa bir şey deyil:
"Çirkli bomba" və nüvə silahı tətbiqi arasında güc baxımından böyük fərq var. "Çirkli bomba"lar daha zəifdir. Ukrayna 1994-cü ildən nüvə silahından birdəfəlik olaraq imtina edib. Bu potensialını demək olar ki, dondurub. İndiyə qədər heç bir mənbədə Ukrayna ərazisində mövcud olan Atom Elektrik Stansiyalarından götürülən radioloji maddələrdən "çirkli bomba" hazırlanmasına dair xəbər və məlumatlara rast gəlinməyib. Görünür, Rusiya hərbi rəhbərliyi Ukraynanı belə məsələlərdə günhalandırmaqla informasiya savaşında üstünlük əldə etməyə çalışır. Bu isə ondan xəbər verir ki, yaxın və orta perspektivdə Rusiya belə bir silahı özü tətbiq etməklə məsuliyyəti Ukraynanın üzərinə ata bilər".
Ə.Verdiyev "çirkli bomba"ların tərkibi, onların törədəcəyi fəsadlarla bağlı da danışıb:
"Çirkli bomba"ların tərkibi o qədər də mürəkkəb deyil. Radioaktiv elementlər mərmilərin başlıq hissəsinə, yaxud korpusuna daxil edilir. İstənilən kimyəvi sursatlar da bu iş üçün yararlıdır. Burada kaset bombalarından da istifadə etmək mümkündür. Konstruksiya isə çox sadədir. Bu radioaktiv maddəni kənara tullaycaq və ya onu ətrafa səpəliyəcək bir yük var. Eyni zamanda radioaktiv maddənin özü var. Mərmi partlayır, yük radioaktiv maddəni korpusdan kənara itələyir və həmin maddə böyük əraziyə səpələnir. Başqa bir yolu isə uzaqmənzilli reaktiv artilleriya ilə Atom Elektrik Stansiyalarında saxlanılan və qorunan çıxdaş materialların olduğu anbara zərbə endirilməsidir. Həmin stansiyalarda radioaktiv maddələr istifadədən sonra konteynerlərdə saxlanılır. Həmin kontenyerlərə zərbə endirməklə "çirkli bomba"dan istifadə effekti əldə etmək olur. Son onilliklərdə "çirkli bomba" tətbiqilə rastlaşmamışıq. Yeganə nümunə Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəza sayıla bilər. Bu hadisəni "çirkli bomba" tətbiqinə təxmini nümunə kimi göstərə bilərik. Burada dağıntılardan çox insanların, ətraf mühitin geniş miqyasda radioaktiv maddələrlə zəhərlənməsindən söhbət gedir. Bu da insanların daxili orqanlarının məhv olmasına, yaxud iflicə, beyinin normal işləməməsinə, nəfəs və qida borusunun yanğısına gətirib çıxarır. Radioaktiv maddənin şüasını qəbul edən şəxs uzun müddət onun təsirindən əziyyət çəkir".