Bayden Salman Rüşdiyə sui-qəsd cəhdindən sarsılıb
ABŞ Prezidenti Cozef Bayden deyib ki, o və həyat yoldaşı Cill Nyu Yorkda yazıçı Salman Rüşdiyə edilən hücumdan sarsılıblar.
Bu barədə “Report” Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir.
"Cill və mən Salman Rüşdiyə qarşı vəhşicəsinə hücum xəbərindən sarsıldıq və kədərləndik. Biz bütün amerikalılarla və dünyadakı insanlarla birlikdə onun sağlamlığı və sağalması üçün dua edirik", - Amerika lideri bildirib.
Bayden təhlüksəzilik xidmətinin əməkdaşlarına hadisəyə ilk müdaxilə etmələrinə, Rüşdiyə kömək göstərənlərə və cinayətkarın tutulmasına kömək edən hər kəsə təşəkkür edib.
Salman Rüşdi avqustun 12-də ABŞ-ın Nyu-York şəhərində “Chautauqua” İnstitutunda mühazirəsindən əvvəl hücuma məruz qalıb. Naməlum şəxs səhnəyə çıxaraq 75 yaşlı Rüşdini boynundan və mədəsindən bıçaqlayıb. Hadisəni törədən şəxs saxlanılıb.
S.Ruşdinin illər əvvəl yazdığı “Şeytan ayələri” romanı müsəlmanların ciddi etirazına səbəb olub. İranın dini lideri ayətullah Xomeyni fətvasında Ruşdini açıq şəkildə lənətləyərək onu, eləcə də kitabın nəşrində iştirak edən bütün şəxsləri ölüm hökmünə məhkum edib və dünya müsəlmanlarını bunu yerinə yetirməyə çağırıb.
Yazıçı 2016-cı ildə 2000-ci ildən yaşadığı ABŞ vətəndaşlığını alıb.
Salman Rüşdi bir çox müsəlmanın küfr kimi qiymətləndirdiyi “Şeytan ayələri” əsərinə görə dəfələrlə təhdidlər alıb. Kitab 1988-ci ildən İranda qadağan edilib. Eyni zamanda, İran hökuməti sonradan fətvadan uzaqlaşsa da, ölkədə yazıçıya qarşı mənfi münasibət qalmaqdadır.