Putin Kuril probleminin həlli variantlarından danışıb
AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Yaponiya ilə Rusiya arasında sülh müqaviləsinin olmamasını «keçmişin qalığı» adlandırıb və qeyd edib ki, bu, iki ölkə arasında münasibətlərin inkişafını ləngidir
Bu barədə bazar ertəsi «İnterfaks» agentliyi xəbər verib.
«Heç istəməzdim ki, üzərində işlədiyimiz əsas problemlə bağlı – sülh müqaviləsinin hazırlanması və imzalanması məsələsində qabağa qaçım» – deyə, Putin danışıb.
O, qeyd edib ki, sülh müqaviləsinin olmaması irəli getməkdə və inkişaf etməkdə həm Rusiyaya, həm də Yaponiyaya mane olub. Prezident etiraf edib ki, «sülh müqaviləsinə aparan yol elə də sadə deyil». Onun sözlərinə görə, mübahisəli məsələlərin həllinin müxtəlif variantları var.
Putin qeyd edib ki, bu sənədin hazırlanması üçün əsas rolunu birgə nəhəng layihələr, o cümlədən, Kuril adalarında iqtisadi və humanitar məsələlərin həlli layihələri oynaya bilər.
Kuril adalarından danışarkən, dövlət başçısı qeyd edib ki, bu problem İkinci dünya müharibəsinin nəticəsidir və Moskva adaları beynəlxalq sənədlərlə təsdiqlənmiş suveren Rusiya ərazisi hesab edir.
«Razılaşma nəyin əsasında əldə oluna bilər? Bir birinə inamın artırılması bazası əsasında. Belə inamın yüksəldilməsi yollarından biri də əməkdaşlığın genişləndirilməsidir» – Putinin fikri belədir.
O, dəqiqləşdirib ki, məhz buna görə də Yaponiyanın Baş naziri Sindzo Abe iki ölkə arasında işgüzar və iqtisadi əlaqələrin genişləndirilməsi proqramını irəli sürüb: «Bu – iqtisadi və humanitar məsələlərin həllidir, amma bu barədə danışmaq hələ tezdir».
«Xatırladıram ki, 1956-cı ildə SSRİ və Yaponiya arasında uyğun sənəd imzalanıb. Sənədə əsasən iki adanın Yaponiyaya qaytarılması nəzərdə tutulub. Adaların hansı əsaslarla qaytarılması, kimin suverenliyi altında qalacağı, hansı şərtlər daxilində qaytarılması barədə sənəddə söhbət açılmayıb» – Putin məsələyə aydınlıq gətirib.
Prezident qeyd edib ki, bu məsələdə Tokionun mövqeyi ilə tanışdır – Yaponiya dörd adanın hamısına iddia edir: «Bütün bunlar bizim danışıqlarımızın predmetidir».