SON DƏQİQƏ-Rusiyaya ŞOK TƏLƏ: Milyardlar itirir
Son 1 ayda xarici səhmdarlar Rusiyadakı səhmlərini böyük miqdarda sataraq, valyutaya çeviriblər və ölkədən çıxarılmasına çalışıblar. Müxtəlif mənbələrə görə, son 2 ayda Rusiyadan 40 milyard dollara yaxın vəsait çıxıb. Səhm bazarından, Rusiya dövlətinin 3, 5, 10 illik borc kağızlarından xarici investorlar çıxırlar.
Azia.az xəbər verir ki, bu sözləri Axar.az-a iqtisadçı Natiq Cəfərli Rusiya-Ukrayna arasında davam gedən gərginliyin Rusiya iqtisadiyyatına təsiri barədə danışarkən deyib.
“Kapital, obrazlı dillə desək, ürkək ceyran kimidir. Harada müharibə, iğtişaş, qarşıdurma təhlükəsi varsa, kapital həmin bölgədən qaçmağa və özünü sığorta etməyə çalışır. Ona görə də bu, gözlənilən idi. Ukraynada da eyni vəziyyətdir. Ukrayna səhm bazarından da kapital axını var”, - N.Cəfərli bildirib.
Onun sözlərinə görə, qarşıdurma haqda məlumatlar uzandıqca hər iki ölkənin iqtisadiyyatına zərbə dəyir:
“Lakin Rusiya iqtisadiyyatı Ukrayna iqtisadiyyatından ən azı 10 dəfə böyükdür. Bu səbəbdən Rusiyadan 40 milyard çıxsa belə, böyük məbləğ olmasına baxmayaraq, bu, Rusiya iqtisadiyyatına əzici zərbə vurmur. Ukraynada ÜDM təqribən 100 milyarda yaxındır. Ukraynadan 5-10 milyarda yaxın vəsaitin çıxarılması artıq ölkə iqtisadiyyatına ciddi mənfi təsir göstərir. Əgər bu gərginlik səngiməsə, hər iki ölkədən kapital qaçışı davam edəcək”.