Rusiya özünün basdırdığı “minalar”a düşə bilər – Moldova fürsət gözləyir
Rusiya və Ukrayna arasındakı gərginlik Moldovada da yaxından izlənilir. Moldova Prezidenti Maya Sandu ötən gün Rusiya və Ukrayna arasındakı gərginliklə bağlı mətbuata açıqlama verərkən "vəziyyət çox ciddidir, prosesə təsir gücündə olan siyasi qüvvələr və təşkilatlar problemi dinc yolla həll etməyə çalışırlar. Ümid edirəm ki, bu yolu tapmaq olacaq və vəziyyət daha da pisləşməyəcək” deyib.
Xanım prezident hər nə qədər mövcud vəziyyətdən narahat görünsə də, Rusiyanın Ukrayna məsələsinə fokuslanması Kişinyov üçün əvəzedilməz fürsətdir. Məsələ ondadır ki, Ukrayna kimi Moldova da Kremlin "mətbəx məhsulu” olan Dnesteryanı münaqişə ilə mübarizə aparır. Moldovanın eks-prezidenti, Rusiyaya meyilli olması ilə xatırlanan İqor Dodonun hakimiyyətdən getməsi və yerinə qərbyönlü Maya Sandunun gəlməsi Dnesteryanıda gərginliyin artması ilə müşahidə edilib.
Sandu Kremlin Dnesteryanı üzərindən Kişinyova təziq edəcəyini bildiyi üçün hakimiyyətə gələr-gəlməz Rusiyadan qoşunlarını bu ərazidən çıxarmasını tələb etdi. Prinsip etibarilə Sandu bu gün də bu tələbində israrlıdır, lakin Dnesteryanıya hərbi müdaxilə edərək Kremllə üz-üzə gəlmək istəmir.
Hesab edirəm ki, Rusiya və Ukrayna gərginliyindən Sandu maksimum dərəcədə istifadə etməyə çalışır. Bir müddət öncə ABŞ tarixin ən böyük təchizatını Yunanıstandakı
Evros (Dədəağac) bölgəsində həyata keçirdi. Belə ki, rəsmi Vaşinqtona məxsus min hərbi texnika, 120 yeni hücum helikopteri və 3 min amerikalı hərbçi Yunanıstanın Evros (Dədəağac) bölgəsinə yerləşdirildi. Bu qüvvənin ehtimal olunan gərginlik halında Ukraynanın yardıma gedəcəyi hər kəsə bəllidir. Bundan başqa, Vaşinqton bu hərbi qüvvənin heç də hamısını Yunanıstana yerləşdirməyəcyini, onların Bolqarıstan, Ruminiya və Moldovaya daşınacağını açıqlamışdı. Yəni rəsmi Kişinyov həm Kremlin başını Ukraynada qatmaq, həm də rəsmi Kiyevə dəstək vermək üçün ölkəsini ABŞ üçün açıq elan edir.
Sandunun əsas hədəfi isə Ukrayna - Rusiya gərginliyinin artması fonunda hərbi əməliyyatla Dnesteryanı bölgəni separatçılardan təmizləməkdir. Təsadüfi deyil ki, xanım prezident son açıqlamsında "biz də məlumat toplayır, təhlillər aparır və tərəfdaşlarla vəziyyəti müzakirə edirik. Əgər müharibə başlasa, bu bizə də təsir edəcək və regionda hamı üçün çətin vəziyyət yaranacaq” deyib.
Sandu anlayır ki, belə bir fürsət Moldovanın əlinə bir də düşməyəcək. Buna görə də Rusiya-Ukrayna gərginliyindən istifadə edərək Dnesteryanıya hərbi müdaxilə etmək üçün Qərblə və ABŞ-la danışıqlar aparır.