Dudayevə görə Türkiyəyə qəzəblənən Kreml Njdeni nə tez yaddan çıxardı? – ŞƏRH
Uzun-uzadı sitatlara girişmədən deyə bilərik ki, həmişə ikili standartların özünə qarşı tətbiqindən danışan Rusiya özü bu dəfə ikili yanaşma nümayiş etdirir.
Obyektivlik naminə bildirək ki, bəli, Rusiya siyasi cəhətdən kəskin qütbləşmənin hökm sürdüyü düzəndə ikili standartlara məruz qalır.
Ancaq rəsmi Moskva bu dəfə bir çox məsələdə müştərək maraqlardan çıxış etdiyi Türkiyəyə qarşı belə ikili yanaşma sərgiləyir.
Söhbət ondan gedir ki, Türkiyənin Kocaeli şəhərində keçmiş çeçen komandir Cövhər Dudayevin adını daşıyan parkın açılışı Moskva-Ankara xəttinə gərginlik gətirib. Moskva ilk olaraq öz qəzəbli mövqeyini Çeçenistan rəhbəri Ramzan Kadırovun dili ilə ifadə etdi.
Ona vurğu etmirik ki, çeçenlər Rusiya ilə müharibənin qurbanı olublar, heç ona da toxunmuruq ki, sonradan Ramzan Kadırovun Moskva qarşısında müticəsinə boyun əyməsi çeçenlərin öz arasında da rəğbətlə qarşılanmır.
Siyasətdir, bu gün əzəli düşmən sayılan sabah əbədi dosta çevrilir. Məsələnin dərinliyinə girmirik, amma sən Kadırovda cürətə bax ki, Türkiyə kimi bir dövləti hədələyir.
Cövhər Dudayevin adını daşıyan parka görə, Kadırovun özünü qabağa verməsi, ən azından yuxarıda qısa xatırlatdığımız məsələlərə görə, başadüşülən deyil. Bununla Kadırov çeçen xalqının mübarizəsini sual altına qoyur.
Azmış kimi, elan edir ki, Türkiyəyə cavab olaraq PKK-nın lideri Abdullah Öcalanın adı Qroznıda əbədiləşdirilə bilər.
Müqayisədəki böyük məntiq xətası var, Kadırovun Dudayevlə Öcalanı tərəzinin eyni gözünə qoyması onun əqli mühakimə qabiliyyətinin qüsurlarla zəngin olduğundan xəbər verir. Deyəsən Öcalanın etdiyi terrorlardan xəbərsizdir, ya da ki, bilərəkdən mənasız müqayisəyə girişir.
Bunu da keçək, onsuz bəllidir ki, Kadırovun o sözləri öz beyninin məhsulu deyil, bu, Kremldən gələn təlimatların elanıdır.
Ona görə də, keçək Rusiyanın öz mövqeyinə. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Dudayevin adına park salınması Moskva-Ankara münasibətlərinin ruhuna ziddir.
“Bu kimi addımlar qəbuledilməzdir və beynəlxalq ictimaiyyət tərəfindən sərt şəkildə qınanmalıdır. Burada birlik olmalıdır”, - deyə Zaxarova bildirib.
Yaxşı, ola bilər ki, Rusiyanın baxış bucağı ilə Dudayev terrorçu olub, amma indi Rusiyanın ikili yanaşmasına dair bir neçə nümunə gətirək.
Ümumiyyətlə terrorçuluqdan söhbət gedirsə, bunun bütün təzahürlərinə qarşı mübarizə aparılmalıdır, amma görünür ki, Kreml yalnız özünə sərf edəndə susur, sərf etməyəndə səsini qaldırır.
Necə olur ki, faşizmə xidmət etmiş, faşizm ideyalarını gerçəkləşdirən icraçılardan biri Qaregin Njdeye münasibətdə Kadırov da, onun itaət etdiyi mərkəzi hakimiyyətdə mağmın sükuta qərq olurdu?
Qaregin Njdeyə İrəvanda abidə ucaldılıb, düzdür, Rusiya buna etiraz etmişdi. Amma görünür ki, etiraz formal idi, çünki Rusiyanın özündə də Njdeyə abidə qoyulmuşdu. Bu azmış kimi Rusiya sülhməramlıların müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində (Xocavənddə) faşist Njdenin heykəli qoyulmuşdu.
Cənab Kadırov buna səs çıxarıbmı? Faşizmin qurbanlarından birinə çevrilən Rusiya indi öz ərazi subyektlərini idarə edən rəhbərlərə yaxşı olar ki, bunu başa salsın!
Hələ onu demirik ki, Ermənistanda neçə-neçə cani, soyqırımı aktı həyata keçirənlər, terrorçular qəhrəman elan edilib. Onların bir qisminin fotoları isə işğal müddətində Azərbaycan ərazilərində posterlərə həkk edilmişdi./oxu.az/