azia.az
azia.az

Türkiyə Suriyada böyük uğur qazandı

25-08-2016, 11:54

Türkiyə Suriyada böyük uğur qazandıAnkaranın təzyiqi ilə ABŞ terrorçu kürdləri geri çəkilməyə məcbur etdi
Türkiyə tərəfindən dəstəklənən Suriya qiyamçıları ABŞ-ın havadan dəstəyi ilə Carablus şəhərini İslam Dövləti adlandırılan qruplaşmadan alıblar. Türkiyənin Suriya ərazisinə tanklar, təyyarələr və xüsusi təyinatlılarla həyata keçirdiyi müdaxilə avqustun 24-də səhərin erkən saatlarında başlanmışdı. Türkiyənin dəstəklədiyi qiyamçılar bildiriblər ki, İD döyüşçüləri şəhəri tərk ediblər. Onlarla cihadçının qiyamçılara təslim olduğu da xəbər verilib. Türkiyə bəyan edib ki, onun Suriya ərazisinə müdaxiləsindən məqsəd İslam Dövləti adlandırılan təşkilata və Suriya kürdlərinin YPG qüvvələrinə zərbə endirməkdir. Ən maraqlı cəhət budur ki, YPG indiyədək İD-ə qarşı döyüşlərdə ABŞ-ın əsas müttəfiqi olub. Belə bir vəziyyətdə ABŞ iki müttəfiqinin arasında hər hansı toqquşmanın baş verməməsi üçün maksimum səylərini göstərir.

Avqustun 24-də Türkiyədə səfərdə olan ABŞ vise-prezidenti Co Bayden kürdlərin Suriya Demokratik Qüvvələrinə Fərat çayından şərq tərəfə çəkilmələrini tələb edib. O xəbərdarlıq edib ki, kürd qüvvələri bu göstərişə əməl etməsələr, bundan sonra ABŞ-dan heç bir yardım ala bilməyəcəklər. Suriya Demokratik Qüvvələri İD-ə qarşı mübarizədə ABŞ-ın ən səmərəli müttəfiqidir və SDQ birləşmələrində çox sayda ABŞ təlimatçısı var. "Biz bunu tamamilə aydın şəkildə bildirmişik ki, onlar çayın o biri tərəfinə qayıtmalıdırlar, - deyib Bayden, - Onlar bunu etməsələr, heç bir şəraitdə ABŞ-dan heç bir dəstək almayacaqlar”. Türkiyənin ən böyük narahatlığı kürdlərin Carablusu alacağı və Suriyanın şimalında iki kürd anklavının birləşəcəyindən idi.

Bu ərazilər birbaşa Türkiyənin kürdlər yaşayan regionu ilə bitişikdir və Ankara bu ərazidə kürd muxtariyyətinin yaradılmasına yol verməyəcəyini bidlirib.

Rusiya telekanalları kürd qüvvələrinin artıq Fərat çayının şərq sahilinə doğru çəkildiklərini xəbər verir.
ABŞ-ın İŞİD-ə qarşı mübarizədə Suriya kürdləri ilə müttəfiqlik etməsi Vaşinqton və Ankara arasında indiyədək davam edən gərginliyin mənbəyi sayılır. Türkiyə iddia edir ki, Suriya kürdləri Türkiyə ilə Suriya arasındakı sərhədi tamamilə nəzarətə götürməyə çalışırlar. Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan etmişdi ki, kürd qüvvələri Fəratın şərq sahilinə çəkilməsələr, “Ankara ondan tələb olunan işi görəcək”.

Belə görünür ki, ABŞ hələlik iki müttəfiqi arasında birbaşa toqquşmanın qarşısını ala bilib. Lakin bu məsələ radikal həllini tapmayıb və Türkiyə israrla ABŞ-ın kürdləri dəstəkləməsinə son qoymaq istəyir.

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan bunu gizlətməyib və Co Baydenlə görüşdən dərhal sonra bəyan edib: “İstər İŞİD olsun, istər YPG, hər ikisi terrorçu təşkilatdır”. "Bir terrorçu təşkilatın başqa terrorçu təşkilata qarşı döyüşməsi onu günahsız etmir” – deyib Ərdoğan.

Bundan əvvəl baş nazir Binəli Yıldırımla birlikdə mətbuat konfransı keçirən vise-prezident Bayden deyib: “Heç bir kürd dəhlizi olmayacaq. Türkiyə sərhədində heç bir ayrıca vahid olmayacaq. Yalnız bütöv Suriya”.

Türkiyənin müdaxiləsinə Suriya kürdləri də reaksiya veriblər. Kürd PYD təşkilatının rəhbəri Saleh Muslim bildirib ki, “Türkiyə Suriya bataqlığına girib və İslam Dövləti kimi o da məğlub olacaq”. Başqa bir kürd birləşməsi – YPG-nin sözçüsü Redur Xəlil Türkiyənin Suriyaya müdaxiləsini “Suriyanın daxili işlərinə kobud şəkildə müdaxilə” adlandırıb. Suriya kürd rəhbərləri bildirirlər ki, Türkiyə Suriyada bir terrorçu qrupu başqası ilə əvəz etməyə çalışır. Bir qədər əvvəl Moskva Türkiyənin müdaxiləsi ilə bağlı narahatlığını ifadə etmişdi.

Suriya prezidenti Bəşər Əsəd isə müdaxiləni pisləmiş və buna BMT Təhlıükəszlik Şurasının reaksiya verməsini istəmişdi. Bununla belə, Britaniya qəzetlərinin təhlilçiləri yazırlar ki, Moskvanın baş verənlərə reaksiyası zəif olub, digər tərəfdən kürdlərin təklənməsi Dəməşqə də sərfəlidir. Qərb analitiklərinin fikrincə, qarşıdan gələn günlərdə bu mürəkkləb maraqlar düyünü ən gözlənilməz şəkildə açıla bilər. (azadlıq.org)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi