azia.az
azia.az

Nəzakət Məmmədova: “Biz heç zaman avropalı olmayacağıq, amma...”

30-05-2019, 08:27

Politoloq: “Yalnız geosiyasi, enerji maraqları naminə coğrafi baxımdan Avropaya birləşdirilə bilərik”
Milli Məclisdə “Azərbaycan Avropa məkanında” adlı konfrans keçirilib. Konfransda Azərbaycan Prezident Administrasiyasının Xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Parlamentinin, Almaniya, Slovakiya, Fransa, Polşa, Bolqarıstan parlamentinin və xarici qeyri-hökumət təşkilatlarının üzvləri iştirak ediblər.
Nəzakət Məmmədova: “Biz heç zaman avropalı olmayacağıq, amma...”Nəzakət Məmmədova: “Biz heç zaman avropalı olmayacağıq, amma...”
Azərbaycanın Avropa İttifaqı ilə qonşuluq münasibətlərində olduğu bəllidir və bu barədə keçirilən konfransda da fikirlər bildirilib.

Avropa İttifaqı Qonşuluq Siyasəti və “Şərq Tərəfdaşlığı” çərçivəsində Azərbaycanla əməkdaşlıq edir. Azərbaycan ilə Avropa İttifaqı arasında hərtərəfli münasibətlərin hüquqi əsasını 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış və 1 iyul 1999-cu il tarixində qüvvəyə minmiş “Bir tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər, digər tərəfdən Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" (TƏS) təşkil edir. Bu saziş Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın bütün mümkün, xüsusilə də siyasi və iqtisadi sahələrini əhatə edir. Saziş Azərbaycanla Avropa İttifaqı arasında hərbi sahəni əhatə etməyən bütün növ əməkdaşlıq formalarının çərçivələrini təmin edir. Azərbaycanla qurum arasında əlaqələrin hüquqi çərçivələrini müəyyənləşdirən digər sənədlər bunlardır:

14 noyabr 2006-cı il tarixində imzalanmış Avropa İttifaqı-Azərbaycan Fəaliyyət Planı;

07 noyabr 2006-cı il tarixində imzalanmış Aİ və Azərbaycan arasında Enerji üzrə Strateji Əməkdaşlığa dair Anlaşma Memorandumu;

16 iyun 2008-ci il tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Avropa Birlikləri Komissiyası arasında Çərçivə Sazişi;

07 may 2009-cu il tarixində imzalanmış Şərq Tərəfdaşlığı Bəyannaməsi; 13 yanvar 2011-ci il tarixində imzalanmış Cənub Qaz Dəhlizinin təsis edilməsinə dair “Birgə Bəyannamə”;

13 yanvar 2011-ci il tarixində imzalanmış Azərbaycan və Aİ arasında Cənub Qaz Dəhlizi üzrə İşçi Qrupunun yaradılmasına dair Niyyət Protokolu;

13 yanvar 2011-ci il tarixində imzalanmış Aİ-nin Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində Avropa Komissiyası və Azərbaycan Respublikası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama (MİP) dair Anlaşma Memorandumu;

13 yanvar 2011-ci il tarixində imzalanmış “Şərq Tərəfdaşlığı” çərçivəsində Azərbaycan Respublikası və Aİ arasında Hərtərəfli İnstitusional Quruculuq (HİQ) Proqramının Çərçivə Sənədinə dair Anlaşma Memorandumu;

14 iyun 2014-cü il tarixində “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında Azərbaycanın İttifaq proqramlarındakı iştirakının ümumi prinsipləri haqqında Çərçivə Sazişi üzrə, bir tərəfdən Avropa Birlikləri və onların üzv dövlətləri, digər tərəfdən Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əlavə Protokol".

Hazırda isə Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişi üzərində iş gedir.

Bəs Aİ ilə qonşuluq nə zaman avropalı olmağımıza çevriləcək? Ümumiyyətlə, bu baş verəcəkmi?

Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, biz heç zaman avropalı olmayacağıq. Bu həm coğrafi, həm mentalitet, həm milli adət-ənənə baxımından uyğunluğun olmamasından irəli gəlir, eyni zamanda bizim keçdiyimiz tarixi inkişaf yolu Avropadan tam fərqlənir. Ona görə də biz ancaq geosiyasi, enerji maraqları naminə coğrafi baxımdan Avropaya birləşdirilə bilərik: “Avropa İttifaqı Qonşuluq Proqramının bir o qədər də uğurlu olmaması da onun imzalanmasından keçən 10 il ərzində dediklərimizi təsdiqlədi.

Avropa sivilizasiya, din, tarixi inkişaf baxımdan təbii ki, bizdən tamamilə fərqlidir. Renessans, inkvizisiya, din müharibələri, reformistlər hərəkatı, sənaye inqilabı, iki dünya müharibəsi keçmiş qitəni Azərbaycanla və ya digər qeyri-Avropa ölkəsi ilə müqayisə etmək yanlışdır. Hətta 1526-cı ildən bəri Mərkəzi Avropayadək irəliləyib bir neçə əsr orada qalmış, Balkanların timsalında Cənubi Avropada hökmranlıq etmiş Osmanlının varisi Türkiyə belə Avropa İttifaqına qəbul olunmur, Şərqi və Cənubi Avropanın Avropa İttifaqına üzv olmuş ölkələrinə olan nisbətən fərqli, ayrı-seçkilik siyasəti aydın göstərir ki, Avropa bir katolik klubudur.

Din, sivilizasiya, ümumi tarixi təkamül prosesi, coğrafiya baxımından ümumi olan “qoca qitə”dən digər ölkələrə eyni yanaşma gözləmək doğru deyil. Avropalıların problemlərə yanaşması, siyasi təfəkkür tərzi bütün digər xalqlardan köklü surətdə fərqlənir. Avropalılar o şeyləri problem kimi qəbul edirlər ki, onu Amerika, Rusiya kimi zorakılıqla, hərbi yolla yox, yumşaq güc vasitələri, maliyyə vasitəsilə həll edə bilərlər. Məsələn, avropalılar hazırda Amerikadan fərqli olaraq ekoloji problemləri, yoxsulluğu, münaqişələrin dinc vasitələrlə həllini, insan haqları məsələsini əsas problem olaraq görürlər və onu maliyyə ayırmaqla həll edəcəklərinə inanırlar".

Politoloq qeyd etdi ki, liberallar, “yaşıllar” və millətçilərin Avroparlamentə keçirilən son seçkilərdə ənənəvi mərkəzçi partiyaların mövqelərini sıxışdırması da onu göstərir ki, Avropa müəyyən dəyişikliklərə gedəcək. Əks halda, Avropa strukturlarında inqilab baş verməsə, bu, Avropa küçələrində baş verə bilər: “Təbii ki, Avroparlamentdə seçkilərin nəticəsi qonşuluq proqramını və digər proqramların mövcudluğunu sual altına almır. Lakin təcrübə göstərir ki, Avropa İttifaqının maliyyə ayırdığı vətəndaş cəmiyyətlərinin əksəriyyəti, eləcə də Cənubi Qafqaz ölkələrinin hakimiyyət strukturları ayrılan maliyyə yardımlarını və qrantları korrupsiya yolu ilə mənimsəyiblər. Demokratiya, söz azadlığı, insan haqları sahəsində vəziyyət göz qarşısındadır və sair. Belə bir problemlərin olduğu şəraitdə siyasi-coğrafi baxımdan xəritədə Avropaya yaxınlaşmaq nəyisə dəyişə bilməz. Avropalı olmaq ideyası ilk növbədə qanunun aliliyinə hörmət, demokratiya, insan haqları, sosial islahatlar, korrupsiyaya qarşı mübarizə, ədalətli məhkəmə-hüquq sisteminin bərqərar olmasından keçir. Bu olmasa, biz heç zaman avropalı ola bilməyəcəyik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi