azia.az
azia.az

Qara metallurgiya necə monopoliya altına alındı? - Rasim Məmmədovun qurbanları

28-01-2019, 16:27

Qara metallurgiya necə monopoliya altına alındı? - Rasim Məmmədovun qurbanları
Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin əsas hədəflərindən biri də 2017-2020-ci illərdə ölkəmizdə qara metallurgiya kompleksindən tam həcmdə istifadə edilməsidir. Ölkəmizin qeyri-neft sektorunun inkişafında mühüm istiqamətlərdən biri kimi nəzərdə tutulan bu proqramın həyata keçirilib başa çatdırılmasına cəmi bir il vaxt qalır. Ötən iki il ərzində isə böyük işlərin görüldüyünü söyləmək çətindir.

Metallurgiya sənayesini təşviq tədbirləri

Xüsusilə son zamanlar Azərbaycanın yerli bazarında belə, öz istehsal etdiyimiz dəmir məhsullarının ixrac mallarına uduzduğu heç kimə sirr deyil. Baxmayaraq ki, Azərbaycan hökuməti, uzun illərdən bəri yerli istehsalı təşviq etmək və rəqabətə davamlılığı artırmaq üçün bir sıra tədbirlər planı həyata keçirib. İlk belə addım Nazirlər Kabineti tərəfindən ölkədən metal tullantılarının ixracına qadağa qoymaq olub. Nəticədə SOCAR və digər dövlət müəssisələri öz balanslarında olan tullantıları daxili bazarda inhisarçılara çox ucuz qiymətə satmalı olublar. Halbuki, bu tullantıları ixrac edib daha çox mənfəət götürə bilərdilər.

Azia.az.Az “Hürriyyət”ə istinadla bildirir ki, yerli dəmir istehsalçılarına göstərilən bu himayədarlıq kifayət etməyib. Nazirlər Kabineti müxtəlif illərdə qəbul etdiyi qərarlarla dəmir məmulatlarının idxalına da məhdudiyyətlər qoyub. 2018-ci il 1 yanvar tarixindən etibarən, Azərbaycana idxal edilən külçə, silindrik tökmə və ya digər ilkin formalarda poladlıq və güzgü çuqun, ferroərintilər, elektrotexniki poladdan hazırlanmış prokatlar və qara metalların tullantıları və qırıntıları, təkrar əritmək üçün ölkəyə gətirilən qara metal külçələri (şixta külçələri) idxal gömrük rüsumundan tamamilə azad edilib. Məqsəd Azərbaycanda dəmir məmulatları istehsalında inhisarçıya çevrilən «Baku Steel Company» şirkətinin ucuz qiymətə xammal alıb istehsal gücünü artırmaq olub. İdxal olunan hazır məhsulların gömrük rüsumları isə 3 dəfə artırılıb. Yenə də bu tədbirlər eyni məqsədə - daxili bazarda yerli məhsulların rəqabətə davamlılıq gücünü artırmağa xidmət edib.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin bu yaxınlarda mətbu orqanlara verdiyi açıqlamalarından belə anlaşılır ki, idxal məhsullarına gətirilən məhdudiyyətlər bununla da bitməyib. Ən önəmli tədbirlərdən biri kimi, gömrük sənədləşdirmələrində idxal məhsulların real qiyməti dəfələrlə şişirdilib və dolayısıyla, onlardan qat-qat artıq rüsumlar alınıb.

«Məsələn, İranda armaturun qiyməti 200 dollardır, amma biz onu 500 dollara bəyan edirik, yəni 300 dollar artırmışıq. Söhbət rüsumdan deyil, malın dəyərinin artırılmasından gedir»-Səfər Mehdiyev 2019-cu ilin ilk günlərində mətbuata verdiyi açıqlamasında bunu şəxsən etiraf edib. O, həmin çıxışında həyata keçirilən bu siyasətin «Baku Steel Company»nin maraqlarının qorunmasına yönəldiyini də gizlətməyib:

«Biz onlarla (“Baku Steel Company” rəhbərliyi nəzərdə tutulur-H.O.) danışdıq ki, qiymət nə qədər qaldırsaq sizi qoruyar, sonra isə qərar verildi».

Biznes maraqları dövlət qurumları tərəfindən bu qədər qorunan «Baku Steel Company» isə öz istehsal və rəqabət gücünü artıra bilməyib. Şirkətin məhsulları yenə daxili bazarda eyni adlı idxal mallarından dəfələrlə baha qiymətə alıcılara təqdim olunur. Hökumət bütün bu imtiyazlarına rəğmən, öz işinin öhdəsindən gələ bilməyən şirkəti nəyin bahasına olursa-olsun, yalnız buraxmayıb, onu çətin vəziyyətdən xilas etməyə çalışıb. Hətta son çarə kimi ölkəmizə gətirilən dəmir məhsullarının idxalının ümumiyyətlə dayandırmaq barədə belə düşünülüb. Di gəl ki, “Baku Steel Company”-nin inshisarında olan bu sahə dirçəlməyib ki, dirçəlməyib. Hər halda Azərbaycanda inhisarçı basqılarla üzləşən sabiq deputat və iş adamı Nazim Bədəmirlinin iddialarından belə anlaşır. «Baku Steel Company» ASC-nin təzyiqlərindən Azərbaycanda duruş gətirə bilməyib öz biznesini İrana köçürən iş adamının mətbuat açıqlamasına görə, bizdə Gürcüstandan fərqli olaraq monopolistə xidmət etmək üçün 15%-lik idxal gömrük rüsumu var: “Hətta onu da alıcı ödəmiş olsa, hal-hazırda Azərbaycan bazarına daha keyfiyyətli və “Baku Steel”-in malından 250 dollar ucuz mal idxal etmək olar. Ancaq imkan verilmir!”

Bakıda evlər niyə od qiymətindədir?

Nazim Bəydəmirlinin fikirlərini əsaslandırmaq üçün açıqladığı qiymət fərqləri həqiqətən də dodaq uçuqladacaq səviyyədədir:

“Təsəvvür edin ki, “Baku Steel” deyilən şirkət “metallom”dan hazırlanan malını daxili bazara 780 dollar ekvivalentində manata satır. İranın dəmir filizindən istehsal olunan malını biz Gürcüstan bazarına yol xərci daxil 385 dollara satırıq. O da ƏDV-sini ödəyib inşaata başlayanda maya dəyəri 454 dollara başa gəlir. Həm də keyfiyyətli mal… Aradakı 326 dollar fərq Gürcüstanda evləri ucuz edir, Bakıda isə bahalaşdırır”.

Yerli məhsulla idxal mallar arasındakı böyük qiymət fərqi isə sırf subyektiv səbəblərdən qaynaqlanır. Mütəxəssislərin fikrincə, bunun başlıca səbəbi inhisarçılıqdır. Qurşaqdan aşağı zərbələrlə yerli rəqiblərini sıradan çıxaran «Baku Steel Company» dəmir bazarında alternativsiz qaldığından öz məhsullarına istədiyi qiyməti qoya bilir. İdxal məhsullarına nəzarəti də öz əlində cəmləşdirən şirkət rəhbərliyi bazara tam diktə edir. Bunu da bir neçə il əvvəl mətbuata verdiyi açıqlamasında Nazim Bəydəmirli irəli sürürdü. Jurnalistin “Deməli Ukrayna armaturunun idxalına maneə yoxdur. O zaman inhisarçılıq necə yaranır” sualını cavablandıran iş adamı belə deyirdi:

“İnhisarçılıq o zaman yaranır ki, inhisarçı həm də idxala nəzarət edir, idxal olunan məhsuldan haqq alır”.

Sözsüz ki, Nazim Bəydəmirlinin “inhisarçı” deyərkən nəzərdə tutduğu şəxsin Rasim Məmmədov olduğuna şübhə yoxdur.

Rasim Məmmədovun qurbanları

Rasim Məmmədovun metal istehsalını öz inhisarı altına almaq üçün atdığı başlıca addımlardan biri ölkədə fəaliyyət göstərən bütün metal sexlərini ya tamamən ələ keçirmək, ya da sıradan çıxarmaq olub. Bu məqsədlə müxtəlif vaxtlarda Zülfüqarlı qardaşlarına məxsus iki zavod - “Bakı Poladtökmə” və “Bakıelektroştamp” Açıq Səhmdar Cəmiyyətləri və iş adamı Nazim Bəydəmirlinin səhmdarı olduğu “Ataxan Dəmir Sənaye” MMC, həmçinin, sahibkarları qoçu dəstələrinin müşaiyyətilə obyektlərindən zorla çıxarılan «R.A.N.K» MMC və «Şəhriyar 99» şirkətləri tamamilə fəaliyyətsiz hala gətirilib. Halbuki, həmin şirkətlərdə minlərlə insan işləyir və evlərinə çörək pulu aparırdılar. Özü də bütün bunlar ölkə başçısının iş adamlarına üz tutub minlərlə iş yeri açılmasına göstəriş verdiyi zamanlarda baş verirdiş

Məlumata görə, təkcə “Bakıpoladökmə” zavodunda 1500 işçi çalışırdı. Zülfüqarlı qardaşlarının təsisçisi olduğu “Birlik” kiçik müəssisəsi 2003-cü ilin 11 avqust tarixində İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin keçirdiyi xərracda qalib gəlmişdi və üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirirdi. Tamamilə rentabelli çalışmasına baxmayaraq, həmin zavodların bu nailiyyətləri uzun sürmür. Bütün Azərbaycaycan ictimaiyyətinin gözü qarşısında müəssisələrə hücum edən qoçu dəstələrinin müşaiyyətilə zavodda işləyənlər zorla çölə atıldı və qapılarına qıfıl vuruldu. Bu qanunazidd əməllərə etiraz edən sahibkarlardan bəziləri həbsə atıldı, bəziləri isə hədə-qorxu ilə susduruldu. Müxtəlif bəhanələrlə həbsə atılan Zülfüqarlı qardaşları bir müddətdən sonra azadlığa buraxılsa da, indiyədək hüquqlarını bərpa də bilməyiblər. Onların bu “gözüçıxmışlığı” digər sahibkarlara da əsl ibrət dərsi oldu. Bəzi metal fabriklərin “könül xoşluğu” ilə müəssisələrini inhisarçılara verib canlarını xilas etməyi bacardılar. Nazim Bədəmirli kimi iş adamları isə zaman-zaman etirazlarını dilə gətirsələr də, sonunda ölkəni tərk etməyə üstünlük verdilər.

Monoliyanın domna sobalarında şirkətlər də əriyirdi

Müxtəlif basqılarla susdurulan və “Baku Steel Company”nin idarəçiliyinə keçən şirkətlər də az olmayıb. Bunlardan biri də Sumqayıt boru zavodu kimi tanınan “Azərboru” ASC-dir. Azərbaycanın qara metallurgiya sahəsindəki ilklərindən biri olan bu zavod 1947-ci ildə yaradılıb. Sovet hakimiyyəti illərində ölkəmizin ən prestijli qara metallurgiya müəssisəsi kimi tanınan bu zavod 2003-cı ildə Böyük Britaniyanın “Targol İnvestment” şirkəti tərəfindən səhmlərinin 97%-i alınaraq özəlləşdirilib. Amma bu müstəqillik uzun sürməyib. Cəmi 3 ildən sonra – 2006-cı ildə şirkət müqavilə şərtlərini yerinə yetirmədiyinə görə “Targol İnvestment”dan geri alınır, hardasa 6 il dövlətin investisiyası ilə yenidən qurulur. 2012-ci ildə isə, iddialara görə, heç bir tender keçirilmədən “Baku Steel Company”nin idarəçiliyinə verilir.

Həmin illərdə hadisəylə bağlı mətbuatda dərc olunan yazılardan aydın olur ki, “Azərboru”nun yenidən özəlləşdirilməsi kifayət qədər məxfi aparılıb və müəssisənin yeni rəhbərliyinin boynuna götürdüyü öhdəliklər açıqlanmayıb. “Yeni Müsavat”ın 15.03.2013-cü il tarixli buraxılışında dərc olunan ““AZƏRBORU” MÜƏMMALI ŞƏKİLDƏ İDARƏETMƏYƏ VERİLİB” sərlövhəli yazıda vurğulanır:

“Tender yanvarda keçirilməli idi, amma komitə onun nəticəsi barədə ictimaiyyətə məlumat vermədi. Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov baş verənləri şərh etməkdən yayınıb.”

Qəzet daha sonra qeyd edir:

“İnformasiyaların təhlilindən bəlli olur ki, metal biznesinin tək əldə cəmlənməsi prosesi gedir...

“Dövlət əmlakının idarəedilməsinə rəsmən cavabdeh olan Əmlak Məsələləri Dövlət Komitəsinin bu məsələdə susmasının səbəbləri də müəmmalıdır. Əgər “Azərboru” kimi nəhəng müəssisənin idarəetməsi ilə bağlı rəsmi məlumat verməkdə çətinlik çəkilirsə, deməli, ASC də kiçik metaləritmə müəssisələri kimi zor gücünə zəbt edilib”.

Qeyd edək ki, “Qara günə qoyulan qara metallurgiyamız” rubrikalı araşdırma silsiləsində Rasim Məmmədovun qurduğu inhisarçılığın qurbanları barədə daha təfsilatlı məlumatlar verəcək, zorla qəsb olunan müəssisələrin taleyini araşdıracaq, əlimiz yetən iş adamlarının mövqeyini işıqlandıracağıq. Hələlik isə Azərbaycanda yerli dəmir məmulatlarını bahalaşmasına yol açan digər səbəblər barədə qısa məlumatlar vermək istəyirik.

Azərbaycan öz dəmir ehtiyatlarından niyə istifadə edə bilmir?

Zənnimizcə, bu səbəblərdən biri də öz dəmir ehtiyatlarımızdan istifadə edə bilməməyimiz və dolayısıyla idxal etdiyimiz xammal hesabına istehsalımızı qurmağımızdır. İlk baxışdan, obyektiv problem kimi görünən bu məsələnin dərinliyinə varanda sözügedən çatışmazlıqda da Rasim Məmmədovun barmağının olduğu anlaşılır. Nədən ki, Azərbaycan özü-özünü təmin edə biləcək dəmir ehtiyatına malikdir, amma ondan effektli faydalanmağa yenə “Baku Steel Company” üzərində qurulan inhisarçılığın imkan vermədiyi iddia edilir.

Məlumatlara görə, ölkəmizin bütün dəmir ehtiyatları Daşkəsəndə yerləşir və hardasa, 270 milyon ton civarındadır. Bunun 31 milyon tonunu açıq üsulla, qalan 239 milyon tonunu isə yeraltı üsullarla - şaxtalar qazmaqla çıxarmaq mümkündür. Azərbaycana ildə orta hesabla 1,2-1,3 milyon ton polad və polad məhsulları idxal olunduğu nəzərə alsaq, təkcə açıq üsulla hasil olunan dəmir potensialımızın bizə 20-30 il yetəcəyini görə bilərik. Hətta ciddi dəmir hasilatı kompleksi quracağımız tədirdə 31 milyon tonun 10 illik istehsalata yetəcəyi proqnozlaşdırılır ki, bunun da böyük qismi ixrac oluna və ölkəmizə böyük gəlirlər gətirə bilər. 270 milyon tonluq ümumi dəmir ehtiyatımız isə 100 illik istehsala bəsdir.

Azərbaycan isə, yuxarıda da qeyd etdiyimiz kimi, bu potensialından ümumiyyətlə faydalana bilmir. Baxmayaraq ki, Prezident İlham Əliyevin 23 aprel 2013-cü il tarixli sərəncamı ilə səhmləri dövlətə məxsus olan ölkəmizin dəmir ehtiyatlarının istismarını nəzərdə tutan Azərbaycan Polad İstehsalı Kompleksi adlı Qapalı Cəmiyyət məhz bu məqsədlə yaradılmış və onun idarə olunması Türkiyə universitetlərindən məzun olan istedadlı kadrlara tapşırılmışdı. Rəhbərliyinə bir neçə ölkədə metal emalı müəssisələri quran təcrübəli mütəxəssis Samir Cəfərovun gətirildiyi bu şirkət cəmi ilyarım fəaliyyət göstərə bilmiş, daha sonra “Baku Steel Company”nin Müşahidə qrupunun sədri Rasim Məmmədovun yerli mətbu orqanlarında apardığı “qara piar” əməliyyatları nəticəsində gözdən salınaraq bağlanmışdır.

Müşahidəçilər Rasim Məmmədovun Azərbaycan Polad İstehsalı Kompleksinə qarşı “qara piar” əməliyyatını səbəbsiz hesab etmirlər. İddialara görə, Daşkəsəndəki dəmir yataqlarında “Baku Steel Company”nin də gözü vardı və həmin yataqlar Rasim Məmmədovun rəhbərlik etdiyi müəssisəyə verilmədiyindən bu kampaniya aparılmışdır.

Maraqlıdır ki, bu iddia adı çəkilən şəxsin monopolistin maraqlarını müdafiə etməklə seçilən mətbu orqanlarda da gizlədilmir, açıq etiraf olunurdu. Haqqin.az və Virtualaz.org saytlarında dərc olunan “Daşkəsənin dəmir filizi: milyardlarla dollar risk altında” sərlövhəli məqalədə sözügedən etiraf bu şəkildə dilə gətirilmişdi:

“Bu amili nəzərə alaraq dövlət mülkiyyətində olan Daşkəsən filiz yataqları yeni yaradılan kompleksə verildi (bir vaxtlar isə Daşkəsən yataqlarına “Baku Steel Company” güclü maraq göstərirdi, lakin yataqları bu şirkətə vermədilər)”.

Məhz həmin hücumlardan sonra 2015-ci ilin 23 iyul tarixində (Haqqin.az-da dərc olunan həmin məqalədən təxminən bir ay sonra) “Azərbaycan Polad İstehsalı Kompleksi”nin rəhbərliyi işdən uzaqlaşdırıldı, 2 ildən sonra isə idarə tamamilə ləğv olundu. Ekspertlərin fikrincə, Kompleksin bu acınacaqlı taleyində Yaponiyanın “Marubeni Protechs Corporation” şirkətinin Daşkəsən dəmir yataqları barədə hazırladığı hesabat da mühüm rol oynamışdır. Bəs, həmin hesabatda nə deyilirdi və iddialar nə dərəcədə obyektiv idi?

Bu barədə daha sonrakı araşdırma yazılarımızda. İstinad olunan mənbə bu linkdir:My Webpage

P.S. Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.

Azia.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi