“Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib.
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadənin imzaladığı yeni qərarla elektron köçürmələr üzrə məlumat və sənədlərin təqdim edilməsi qaydalarına dəyişiklik edilib.
Belə ki, maliyyə institutlarının Maliyyə Monitorinqi Xidmətinə məlumat və sənədlər təqdim etməli olduqları elektron köçürmə əməliyyatının məbləği 20 000 manat və ya ona ekvivalent xarici valyuta müəyyən edilib.
Bundan başqa, fiziki şəxslər (sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən şəxslər istisna olmaqla) tərəfindən bir təqvim ayı ərzində ümumilikdə 50 000 manatdan artıq elektron köçürmə həyata keçirildikdə, həmin ay ərzində aparılan növbəti elektron köçürmələr barədə də məlumat təqdim edilməlidir.
Bu tələblər POS-terminalla aparılan və ekvayrinq əməliyyatlarına şamil edilmir.
Qeyd edək ki, əvvəlki qərarda dəyişikliklərin 1 oktyabr 2026-cı ildən qüvvəyə minməsi nəzərdə tutulurdu. Yeni qərarla bu tarix 1 yanvar 2027-ci il olaraq müəyyənləşdirilib.”