Emin Həsənlidən daha bir təşəbbüs: Türkiyədə təhsil alan həkimlər şəhid ailələlərinə mənəvi dəstək olacaq
“Türkiyə Böyük Millət Məclisində xarici vətəndaş olan həkim və uzmanlarla bağlı qərarın geri qaytarılması çox sevindirici hal idi. Türkiyədə təhsil alan həkim-uzmanlarımız bu məsələnin həllində göstərdikləri xidmətlərə görə minnətdarlıqlarını bildirmişdilər. Onların bir neçəsi artıq yay məzuniyyəti üçün Bakıya gəlib”.
Bu barədə qanun layihəsinin geri qaytarılması üçün Türkiyə Böyük Millət Məclisində hakim partiyanın millət vəkilləri ilə danışıqlar aparmış “Qardaşlığımız Əbədidir” QHT koalisiyasının rəhbəri Emin Həsənli məlumat verib.
Emin Həsənli qeyd edib ki, Bakıya gələn həkimlərlə görüşən zaman onlar hərbi yönümlü qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək istədiklərini bildiriblər. Xüsusilə şəhid ailələrinə və qazilərə daim dəstək olacaqlarını vurğulayıblar. Emin Həsənlinin təşəbbüsü ilə yeni bir ideya yaranıb: Türkiyədə təhsil alan uzman həkimlərimiz şəhid ailələri ilə görüşlər keçirsin, onların evlərinə getsinlər. Hər bir həkim bir şəhid ailəsi və ya bir qazi ilə dostluq münasibəti qursun.
“Məqsəd şəhid ailələri ilə davamlı ünsiyyətdə olmaq, sağlamlıqları ilə bağlı hər hansı problem yaranarsa, məsləhət və mənəvi dəstək verməkdir. İstəyirik ki, onlar zaman-zaman şəhid övladlarının təhsili ilə maraqlansınlar. Universitetdə təhsil alanlara qayğı ilə yanaşıb, orta məktəbdə oxuyan və gələcəkdə müxtəlif istiqamətlər, xüsusilə tibb sahəsi üzrə təhsil almaq istəyənlərə məsləhətlər versinlər.
Çünki bu həkimlər həmin yolları özləri keçiblər. Azərbaycanda Tibb Universitetini bitirib, sonradan Türkiyədə təhsillərini davam etdirib, diplomlarını təsdiqlədərək Türkiyədə uzmanlıq təhsili alıblar. Sabah həmin şəhid ailələrinin üzvlərinin sağlamlığı ilə bağlı hər hansı problem yaranarsa, vaxtında dəstək olmaq, kömək etmək və istiqamət vermək, mənəvi dayaq olmaq əslində hər bir vətəndaşın borcudur. Həkimlərimiz də bu təşəbbüsü böyük məmnuniyyətlə qəbul etdilər”.
Bu məqsədlə ilk olaraq Vətən müharibəsi şəhidi polkovnik Mehman Qənbərovun ailəsi ziyarət edildi.
Emin Həsənli bu təşəbbüsün Kocaeli Universitetində rezidentura təhsili alan Amal Həşimova tərəfindən sevinclə qarşılandığını bildirib: “Birlikdə ailəni ziyarət etdik. Həm övladları, həm də həyat yoldaşı Xuraman xanımla görüşdük”.
Mehman Qənbərovun evində baş tutan görüşdə şəhid zabitin həyat yoldaşı Xuraman Qənbərova, övladları Nurlan Qənbərov, Ceyhan Qənbərov iştirak ediblər. Qeyd edək ki, Xuraman Qənbərova Yasamal rayon 161 nömrəli məktəbdə laborant vəzifəsində çalışır. Nurlan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika mühəndisliyi fakültəsinin IV kursunda oxuyur, hazırda magistraturaya hazırlaşır. Ceyhan 161 nömrəli tam orta məktəbin IX sinif şagirdidir.
Şəhid ailəsinin üzvləri qonaqları böyük sevinc və səmimiyyətlə qarşılayıblar. Tərəflər bir-birlərinə əlaqə telefonlarını veriblər və bundan sonra daim əlaqə saxlamaq barədə razılaşıblar.
Emin Həsənli əlavə edib ki, Amal xanımın atası Şücaət Həşimov da həkimdir və o da bu görüşdə iştirak edirdi.
“O, hər həftənin bir günü şəhid ailələrinə və qazilərə, ehtiyacı olan insanlara dəstək göstərəcəyini bildirdi. Bu işi şərəf borcu hesab etdiyini vurğuladı və təcrübəli həkim kimi gənc həkimlərə də bu istiqamətdə nümunə olmağı tövsiyə etdi.
Biz hesab edirik ki, yaxın zamanda Türkiyədə təhsil alan tələbələrin böyük bir hissəsi bu təşəbbüsə və aksiyaya qoşulacaq. Gələcəkdə bütün həkimlərimizin də bu təşəbbüsü dəstəkləyəcəyinə inanırıq.
Həkimlərimiz hər zaman şəhid ailələrinə və qazilərə böyük ehtiramla yanaşıblar. TƏBİB rəhbərliyi və Səhiyyə Nazirliyi də bu məsələyə xüsusi diqqət yetirir. Heydər Əliyev Fonduna daxil olan müraciətlər hər zaman yüksək səviyyədə həyata keçirilib və bu istiqamətdə mühüm işlər görülüb.
Heydər Əliyev Fondu həm ölkə daxilində, həm də ölkə xaricində müraciətləri yüksək səviyyədə yerinə yetirib. Bu, cənab Prezident İlham Əliyevin hər bir vətəndaş qarşısında bir vəzifə və borc kimi qoyduğu tövsiyələrdən biridir. Cənab Prezident hər bir kəsə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərməyi tövsiyə edib.
Həkimlərin şəhid ailələri ilə davamlı ünsiyyətdə olması, onların ailələrinin bir üzvü kimi qayğıları ilə yaxından maraqlanması, bütün bayramlarda və xoş günlərdə bir yerdə olacaqlarını bildirməsi çox sevindirici haldır. Onlara bir qardaş kimi, bir vətəndaş kimi dəstək olmaq, hər zaman yanlarında olmaq çox gözəl və təqdirəlayiq təşəbbüsdür”.