Mərkəzi Elmi Kitabxanada süni intellektlə bağlı beynəlxalq təlimat Azərbaycan dilinə tərcümə edilib
Mərkəzi Elmi Kitabxanada süni intellektlə bağlı beynəlxalq təlimat Azərbaycan dilinə tərcümə edilib
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən Anadolu Universiteti Kitabxanaları Konsorsiumunun (ANKOS) hazırladığı "Universitet kitabxanaları üçün yaradıcı süni intellektdən istifadə təlimatı və siyasəti" adlı vəsait Azərbaycan dilinə tərcümə edilərək elektron variantı kitabxananın rəsmi saytında yerləşdirilib.
Vəsait ANKOS İdarə Heyətinin yazılı icazəsi əsasında Azərbaycan dilinə tərcümə edilib. Vəsaitin tərcüməsinin ideya müəllifi Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, tərcüməçisi isə İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədovadır.
Vəsait akademik kitabxanalarda süni intellekt texnologiyalarının şüurlu, etik və səmərəli istifadəsini təşviq etmək, kitabxana mütəxəssislərinin bu sahədə bilik və bacarıqlarının artırılmasına töhfə vermək, həmçinin ölkədə akademik kitabxanaların rəqəmsal transformasiya prosesini dəstəkləmək məqsədilə hazırlanıb.
Təlimatda kitabxanaçılar və informasiya mütəxəssisləri üçün süni intellekt texnologiyalarının tətbiqinə dair praktik tövsiyələr və fəaliyyət istiqamətləri təqdim olunur. Eyni zamanda, vəsait beynəlxalq və milli tədqiqatlara, qabaqcıl təcrübələrə və müasir texnoloji yeniliklərə əsaslanaraq kitabxanaların öz süni intellekt siyasətlərini formalaşdırmasına dəstək verir.
Qeyd edək ki, təlimat kitabxanaçılara süni intellektdən daha səmərəli və məsuliyyətli istifadə etməyə, akademik informasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, eləcə də kitabxanaların rəqəmsal inkişafına töhfə verəcək.
Təlimatla Mərkəzi Elmi Kitabxananın saytının "Xidməti məlumatlar" bölməsində və ya aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
https://drive.google.com/.../1bvskSPe7xSYppQS2Ljo295.../view