azia.az
azia.az

Şərqi Zəngəzur və Qarabağın torpaq və su resursları müzakirə olunub

10-07-2025, 22:45


 AMEA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən Azia.az-a verilən məlumata görə, Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının torpaq və su resursları: problemlər və perspektivlər” mövzusunda elmi-praktiki konfrans təşkil olunub.

İki gün davam edəcək tədbirin əsas məqsədi işğaldan azad olunmuş ərazilərin torpaq və su ehtiyatlarının öyrənilməsi, qorunması və səmərəli istifadəsi ilə bağlı problemlərin elmi əsaslarla müzakirəsi və perspektiv istiqamətlərin müəyyənləşdirilməsidir.

Konfrans ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun nəzdində fəaliyyət göstərən Torpaq Muzeyinin yenidənqurmadan sonra açılışı ilə başlayıb.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Plenar iclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək konfransın aktual və strateji əhəmiyyətini vurğulayıb. O, işğaldan azad olunmuş ərazilərdə torpaq və su ehtiyatlarının elmi əsaslarla öyrənilməsinin və qiymətləndirilməsinin ölkəmizin gələcək inkişafı üçün mühüm rol oynadığını bildirib. Akademik, həmçinin torpaq və su ehtiyatlarının hər bir ölkə üçün strateji resurs olduğunu, Qarabağ və Şərqi Zəngəzurun isə böyük potensiala malik olduğunu qeyd edib. AMEA rəhbəri Torpaqşünaslıq və Aqrokimya İnstitutunun uzun illər ərzində formalaşdırdığı elmi baza və təcrübənin yenidən bərpa olunan ərazilərin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin müdiri Mübariz Hacıyev çıxışında hazırda Azərbaycanın iqtisadi rayonlarında yenidən təşkiletmə işlərinin aparıldığını, yeni iqtisadi rayonlar arasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının xüsusi yer tutduğunu bildirib. O vurğulayıb ki, elmi ictimaiyyətin qarşısında əsas vəzifə bu rayonlarda genişmiqyaslı elmi-tədqiqat işlərinin aparılmasıdır.

İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev müəssisənin 80 illik fəaliyyətinə nəzər salaraq elmi nailiyyətlərdən, strateji əhəmiyyət daşıyan tədqiqat istiqamətlərindən danışıb. O, işğaldan azad olunan ərazilərdə torpaq və su ehtiyatları tədqiqinin aparılması sahəsində institutun aparıcı qüvvə olduğunu bildirib. Əlövsət Quliyev, həmçinin beynəlxalq elmi əlaqələrdən, iqlim dəyişikliklərinin torpaq sistemlərinə təsirini araşdıran layihələrdən və laboratoriya bazasının gücləndirilməsindən danışıb. O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında torpaq və su ehtiyatlarının tədqiqi institutun əsas prioritetlərindəndir.

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova Torpaq Muzeyinin yaradılması və burada nümunələrin toplanması istiqamətində görülən işləri yüksək qiymətləndirib və torpaqşünaslıq elminin inkişafında görkəmli alimlərin rolunu qeyd edib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında institutun Azərbaycan torpaqlarının meliorasiyası və xəritələşdirilməsi sahəsindəki nailiyyətlərini vurğulayıb. O, institutun torpaq təsnifatlarının metodikasının hazırlanması, torpaqların deqradasiyasına qarşı mübarizə və digər sahələrdə mühüm xidmətlərini xüsusi qeyd edib. Çıxışının sonunda Anar Cəfərov institutun direktoru adına 80 illik yubiley münasibətilə xüsusi hazırlanmış təşəkkür plaketini təqdim edib.

Konfransda AMEA-nın müxbir üzvü Amin İsmayılov “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının torpaq ehtiyatlarından səmərəli istifadənin elmi əsasları” mövzusunda məruzə ilə çıxış edib.

Onlayn formatda çıxış edən aqrar elmlər doktoru, professor Amin Babayev isə “Qarabağda orqanik (ekoloji) kənd təsərrüfatının inkişaf etdirilməsinin aqroekoloji aspektləri” mövzusunu təqdim edib.

Konfransda, həmçinin SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərova, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru a.e.ü.f.d., dosent Faiq Xudayev və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və başqaları çıxış ediblər.

Konfrans bölmə iclasları ilə davam etdirilir. Digər çıxışlarda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında torpaq ehtiyatlarının səmərəli istifadəsi, su qıtlığı şəraitində alternativ mənbələrin axtarışı, iqlim dəyişikliklərinin təsiri və digər mövzulara toxunulub. Oflayn, həmçinin onlayn formatda keçirilən tədbirin sonunda sual-cavab əsasında fikir mübadilələri aparılıb, iştirakçılar regionun aqroekoloji inkişafı üçün elmi əsaslı yanaşmaların önəmini vurğulayıblar. Elmi nəticələrin gələcək tədqiqatlara və əməkdaşlığa töhfə verəcəyi qeyd olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi