azia.az
azia.az

Mərkəzi Elmi Kitabxana: tarixdən gələcəyə milli irsin qorunması

28-10-2024, 12:00

Mərkəzi Elmi Kitabxana: tarixdən gələcəyə milli irsin qorunması

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) ölkəmizin milli-mənəvi irsinin qorunması və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır. 100 illik tarixi olan bu kitabxana, yarandığı gündən etibarən, dövrün tələblərinə uyğun inkişaf edərək, elmin və mədəniyyətin mərkəzi kimi fəaliyyət göstərir. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində toplanmış görkəmli ziyalılarının təşəbbüsü ilə 1923-cü ildə  Biblioqrafiya Bürosu kimi yaradılan kitabxana, o zaman cəmi 430 kitab və 1200 əlyazma ilə fəaliyyətə başlamışdı. Bu gün isə Mərkəzi Elmi Kitabxananın fondu dünya xalqlarının 50-dən çox dilində 1 milyon 500 mindən artıq ədəbiyyatı özündə ehtiva edir ki, bu da onu Azərbaycanın ən zəngin kitabxanalarından birinə çevirir.

Mərkəzi Elmi Kitabxana: Tarix və innovasiyanın vəhdəti

Kitabxananın müasir binası ən yeni texnologiyalarla təchiz edilmiş və oxucuların rahatlığı üçün geniş, işıqlı oxu zalları ilə təmin olunmuşdur. Hər bir oxu zalı ənənə və müasirliyin vəhdətini özündə birləşdirir: açıq kitab fondları, elektron və ənənəvi kataloqlara çıxış, müasir avadanlıqlar və oxucular üçün istirahət guşələri. Bütün bunlar kitabxananın ənənəvi elmi mərkəz olmaqla yanaşı, oxuculara daha geniş imkanlar təqdim edən müasir institutsional mərkəz kimi fəaliyyətini davam etdirdiyini göstərir.

Son dövrlərdə kitabxananın rəqəmsal infrastrukturu daha da təkmilləşdirilib. MEK-in yeni veb saytı və elektron kitabxanası oxuculara dünya informasiya məkanına çıxış imkanı yaradır. Artıq dünyanın istənilən nöqtəsindən 24 saat ərzində kitabxananın rəqəmsal fondlarına giriş imkanı mövcuddur. Bununla yanaşı, kitabxananın internet platforması vasitəsilə dünyanın 80-dən çox nüfuzlu kitabxanasına birbaşa keçid də təmin edilir. Bu addımlar kitabxananın informasiya resurslarını geniş kütlələrə çatdırmaq səylərinin bir hissəsi olaraq təqdirəlayiqdir.

Elmi, sosial və mədəni mərkəz kimi kitabxana

Mərkəzi Elmi Kitabxana təkcə informasiya mərkəzi olmaqla kifayətlənmir, həm də sosial-mədəni mərkəz kimi fəaliyyət göstərir. Burada il ərzində keçirilən çoxsaylı tədbirlər və konfranslar elmi ictimaiyyəti və geniş oxucu kütləsini bir araya gətirir. Cari ildə burada baş tutan Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransı,“Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 25 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində AMEA-nın Tədbirlər planına əsasən, "Füzuli günləri" layihəsi çərçivəsində kitabxanada keçirilən füzulişünas alimlərlə görüş, eləcə də “Yaşıl dünya naminə həmrəylik ili”ndə kitabxanada təşkil edilən ənənəvi və virtual sərgilər Mərkəzi Elmi Kitabxananın elmə və mədəniyyətə verdiyi töhfələri nümayiş etdirir. Bundan əlavə, dünyaşöhrətli alimlər və beynəlxalq səviyyədə tanınmış şəxslərin kitabxanaya səfərləri, o cümlədən Nobel mükafatı laureatı Əziz Sancar və Şimali Kipr Türk Cümhuriyyətinin təhsil naziri Nazim Çavuşoğlunun iştirakı ilə təşkil edilən tədbirlər kitabxananın beynəlxalq statusunu möhkəmləndirir.

MEK-in ümumi işinin mühüm tərkib hissəsi və aparıcı istiqamətləri sırasında Azərbaycanın elm və mədəniyyət xadimlərinin biblioqrafik göstəricilərinin çap edilməsi də mühüm yer tutur. “Görkəmli dövlət xadimi Heydər Əliyev”, “Zərifə Əliyeva”, “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi”, “Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə)”, son aylarda Məşədixanım Nemət, Fazil Qurbanov, Tariyel Talıbov, Böyükağa Əzimov, Ovsat Abdinov və Ziya Bünyadov kimi görkəmli alimlərin biblioqrafik göstəriciləri də nəşr olunmuş, digərləri isə hazırda çap mərhələsindədir. Kitabxana tərəfindən hazırlanan “Qərbi Azərbaycan”, “Təbiət bir kitabdır”, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tərtib olunmuş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinə dair normativ hüquqi sənədlər” toplusu, rüblük “İnformasiya bülleteni”nin 2023-2024-cü il sayları artıq oxucuların istifadəsinə verilib.

Rəqəmsal proseslərin təkmilləşdirilməsi

Rəqəmsallaşdırma prosesləri kitabxananın mühüm fəaliyyət istiqamətlərindən biridir. Almaniya istehsalı olan müasir “By Metis” və “Zeutschel” cihazları vasitəsilə MEK-in zəngin fondu qısa müddət ərzində rəqəmsal formata köçürülür. Bu texnologiyalar sənədlərin sürətli rəqəmsallaşdırılmasını təmin edir və kitabxananın resurslarını geniş auditoriyalara çatdırmağa imkan verir. Son 7 ay ərzində MEK-in rəqəmsal fondlarının sayı on qat artıb, bu da kitabxananın oxuculara daha çox məzmun təqdim etmək məqsədini uğurla həyata keçirdiyini göstərir.

AMEA-nın Mərkəzi Elmi Kitabxanası bu gün milli irsimizin qorunmasında, elmi biliklərin toplanmasında və geniş ictimaiyyətə çatdırılmasında önəmli rol oynayır. Rəqəmsal texnologiyaların tətbiqi, beynəlxalq layihələrin həyata keçirilməsi, sosial-mədəni mərkəz olaraq fəaliyyət göstərməsi ilə kitabxana Azərbaycanın elmi, mədəni irsinin mühafizəsi və inkişafı üçün əvəzsiz məkana çevrilib.

 

Hüseyn Hüseynov 

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, dosent 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi