azia.az
azia.az

“Bu məsələ Rusiya və İranı da narahat edir”

7-08-2024, 21:57

“Nə Rusiya, nə də ABŞ Yaxın Şərqdə böyük müharibənin baş verməsində maraqlıdır ”.

Bu sözləri Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakultəsinin müəllimi Sultan Zahidov  şərhində İran ilə İsrail arasında müharibənin baş verməsi ehtimalı və sözügedən regionda proseslərin Qafqaza təsiri barədə fikirlərini bölüşərkən deyib.

O qeyd edib ki, Moskva və Vaşinqton İranla İsrail arasında qarşıdurmanın qarşısını almağa çalışacaq:

“İndiki dövrdə ABŞ və Rusiyanın İranla İsrail arasında birbaşa hərbi toqquşmanın baş verməsində maraqlı olduğuna inanmıram. Bu ilin noyabrında ABŞ-də prezident seçkiləri keçiriləcək. Seçkilər ərəfəsində Vaşinqton hər hansı avantüraya getmək istəməz.

Moskva isə ABŞ-də keçiriləcək seçkilərin nəticələrini gözləyir, o cümlədən Ukrayna ilə davam edən müharibə Rusiyanın vəziyyətini daha da ağırlaşdırıb. Bu baxımdan Kreml diqqətini Yaxın Şərqə yönəltmək arzusunda deyil. Buna görə də hər iki güc mərkəzi İranla İsrail arasında gərginliyin azalmasına çalışacaq. İkincisi, ABŞ generalının İsrailə, Rusiya Təhlükəsizlik Şurasının katibi Seyqey Şoyqunun İrana səfəri beynəlxalq ictimaiyyətə ciddi bir mesajdır. Həm İsrail, həm də İran öz kartlarını paylaşıblar. ABŞ İsrailin arxasında, Rusiya isə İranın arxasında olduğunu nümayiş etdirir”.

Ekspert Rusiya Təhlükəsizlik Şurasının katibi Serqey Şoyqunun Tehrandan sonra Bakıya rəsmi səfərini bu cür şərh edib:

“Şoyqu Tehranda İranın yeni Prezidenti Məsud Pezeşkian və ölkənin digər yüksək rütbəli rəsmiləri ilə görüşlər keçirdi. Ondan sonra Bakıya gəldi. İstisna deyil ki, Serqey Şoyqunun İran və Azərbaycana səfər zamanı gündəlikdə əsasən Yaxın Şərqdə və Qafqazda mövcud vəziyyətlə bağlı məsələlər durub.

Xüsusilə qeyd edim ki, böyük ehtimalla, Şoyqunun Azərbaycana səfərində Ermənistanın Qərb tərəfindən silahlanması məsələsi də müzakirə olunub. Bu, təkcə Azərbaycanı deyil, həmçinin Rusiya və İranı da narahat edir”.

Ekspert vurğulayıb ki, İran İsrailə birbaşa yox, Yaxın Şərqdə özünün himayə etdiyi proksi qüvvələri vasitəsilə hücumlar təşkil edəcək:

“Hesab etmirəm ki, İran İsrailə birbaşa hücuma cəhd edəcək. Tehran İsrailə quru qoşunları göndərmək üçün üçüncü dövlətin ərazisindən istifadə etməlidir. Bu da inandırıcı görünmür. Ola bilər ki, İran İsrailə ballistik raket və dron hücumları təşkil etsin. Amma bu da az ehtimal olunur. Çünki üç-dörd ay bundan əvvəl Tehran İsrailə ballistik raket və dronlarla hücum etsə də, onun bu hücumu İsrail və müttəfiqləri tərəfindən müvəfəqiyyətlə dəf edildi. Böyük ehtimalla, Tehran İsrailə Yaxın Şərqdəki öz proksi qüvvələri, xüsusilə “Hizbullah” vasitəsilə mütəmadi hücumlar təşkil edəcək”.

Yaxın Şərqdəki vəziyyətin Avropa İttifaqına təsirinə gəlincə, S.Zahidov bildirib ki, regionda istənilən böyük müharibənin baş verməsi birliyə çox mənfi təsir göstərəcək:

“Belə olan halda Avropa İttifaqına doğru istiqamətlənən Şərq-Qərb nəqliyyat kommunikasiya xətləri təhlükə altında olacaq. Eyni zamanda, bu, neft və qazın qiymətinin artmasına gətirib çıxaracaq. Bu isə Aİ-nın iqtisadiyyatına ciddi ziyan vura bilər. Hesab edirəm ki, Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsi Avropa İttifaqını proseslərə müdaxilə etmək məcburiyyətində qoyacaq”./“Cebheinfo.az”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi