Xərçəng əleyhinə peyvənd - möcüzə dərmanın kəşfi yaxındadırmı
Həkim: “Nə qədər ki canlı orqanizm var, xərçəng xəstəliyi də olacaq”
Uzun illərdir ki, elm adamları xərçəngi əbədi olaraq məğlub etmək və ya bu ölümcül xəstəliyin birdəfəlik yox olması üçün təsirli bir dərman tapmağın yolunu tapmağa çalışırlar. Bu problemin mümkün həlli sağlam hüceyrələrin bədxassəli hüceyrələrə çevrilməsinin qarşısını ala biləcək xərçəng əleyhinə peyvəndin yaradılmasıdır.
O sırada “BionTech” şirkətinin təsisçiləri, türkiyəli alimlər Uğur Şahin və Özlem Türeci isə xərçəng xəstəliyinə qarşı hazırladıqları vaksinin uğurlu nəticələr verdiyini açıqlayıblar.
“Hürriyet Daily” portalı xəbər verir ki, alimlər bu barədə Madrid şəhərində keçirilən Avropa Tibbi Onkologiya Cəmiyyətinin Konqresində danışıblar. Məlumata görə, vaksin 4 dozada 44 pasiyentə vurulub. Nəticələrə əsasən, pasientlərin 59 faizində şişlərin həcminin 30 % kiçilməsi müşahidə edilib. Xəstələrin 95 faizində isə şişlərin böyüməsi dayanıb. Qeyd edək ki, türkiyəli cütlük sözügedən vaksinin üzərində artıq 15 ildir işləyir. “BioNTech” 2030-cu ilə qədər 10 000-ə yaxın onkoloji xəstənin müalicə edilməsini nəzərdə tutur. Uğur Şahinin daha əvvəlki açıqlamasına görə, şirkətin hazırladığı vaksin bir neçə ildən sonra artıq satışa çıxarıla bilər.
Bu, əlbəttə, bədxassəli şişlərin müalicəsində uğurdur, bəs xərçəngə qarşı peyvəndin ardınca, nəhayət, effektli dərmanın kəşfi mümkün olacaqmı? Daha nə qədər zaman qaldı? Tibb elmi üçün əsas əngəl nədir?
Adil Qeybulla
Tanınmış həkim, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, nə qədər ki canlı orqanizm var, xərçəng xəstəliyi həmişə var: “Canlı orqanizmdə peyda olandan sonra yer üzərində bu xəstəlik də daima onları müşahidə edir. Əlbəttə, son dövrlər ekoloji problemlər, insanların həddən artıq çox artması, qidalanma ilə bağlı problemlər və sairə bu xəstəliklərin sayının artmasına gətirib çıxarıb. Xərçəng xəstəliyi müxtəlif səbəblərdən, o cümlədən şüalanma, kanserogen maddələrin qəbulu və digər faktorlardan getdikcə artan dinamikada davam edir. Xərçəng xəstəliyinin dərmanının tapılacağı haqda düşünmək o deməkdir ki, bu xəstəlik haqqında kifayət qədər anlayış yoxdur. Müxtəlif orqan və toxumaların, onların hüceyrələrinin bədxassəli törəmələri var. Onların hər birinin adı müxtəlifdir. Hər birinin genezi, gedişi müxtəlifdir. Ona görə də hər hansı vaksın, digər dərmanlar sadəcə bir addım ola bilər. Heç vaxt bu xəstəliyin tam aradan qaldırılması mümkün olmayacaq. Nə qədər ki canlı orqanizmlər var, o qədər xəstəlik olacaq. Sadəcə olaraq son vaxtlar bu istiqamətdə böyük gəlişmələr var. İmmunoterapiyanın tətbiqi, target preparatlarının tətbiqi haqqında düşünülür və sairə. Amma bunların heç biri xəstəliyi kökündən məhv etməyəcək. Ona görə də xərçəngin dərmanı tapıldı, ya da tapılacaq haqda düşünmək xəstəlik haqda yetərli məlumatlı olmamaqdır. Mən istənilən bir addımı müsbət sayıram, o cümlədən bu vaksini də. Amma bu problem həll olunmayacaq”.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda 8 305 nəfər onkoloji xəstəlikdən vəfat edib.
Nəsimi Qasımov
Bunu II Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresində Azərbaycan Tibb Universiteti Onkologiya kafedrasının dosenti Nəsimi Qasımov deyib. Onun sözlərinə görə, həmin şəxslərdən 1121 nəfəri süd vəzi xərçənginin bədxassəli törəmələri səbəbindən ölüb. Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının baş həkimi Nigar Mehdiyeva isə bildirib ki, Azərbaycanda ötən il qadınlar arasında 2 mindən çox süd vəzisi xərçəngi aşkar edilib:"Bunun da daha çoxu erkən süd vəzisi xərçəngi diaqnozu qoyulanlar olub. Son 5-10 ilin göstəricilərinə baxdığımızda süd vəzisi xərçənginin gəncləşdiyini müşahidə edirik". O qeyd edib ki, süd vəzisi xərçəngi dünyada ən çox yayılmış onkoloji xəstəlik növlərindən biridir: “Süd vəzisi xərçəngi diaqnozu qoyulan qadınların sayı ildən-ilə artır. Bu, bir tərəfdən diaqnostika sahəsində inkişafın, digər tərəfdən isə xəstəliyin daha da artdığının göstəricisidir. Diaqnozu təsdiq edilmiş xəstələr arasında gənc xanımların da sayı artmaqdadır. Azərbaycanda da bütün dünyada müşahidə olunan tendensiyaya uyğun olaraq xəstələrin sayı artır. Qadınlarımızın cəmiyyətin bütün sahələrində aktiv iştirak etmələri və yüksək stress faktoru ilə bağlı olaraq onlar arasında bu diaqnozla xəstələnmə halları artır”.
Minsk Şəhər Kliniki Onkologiya Mərkəzinin baş həkimi Viktor Kondratoviç açıqlamasında deyib ki, 50 yaşdan yuxarı kişilər, 30 yaşdan yuxarı qadınlar xərçəng üçün müayinədən keçməlidirlər: “Kişilər üçün yaş həddi 50-dir. Qadınlar üçün - 30 yaşdır. Artıq 30 yaşında o, ginekoloqa getməli olduğunu başa düşməlidir. Çünki uşaqlıq boynu xərçəngi indi çox gəncləşir. Süd vəzi xərçəngi - ümumiyyətlə, skrininq tədbirlərinə əsasən, biz süd vəzi xərçənginə 50 yaşından başlayırıq. Amma 30 yaşlı qadın ginekoloqa gələrsə, ginekoloq süd vəzilərini müayinə etməli, zərurət yaranarsa, ultrasəs müayinəsi aparmalı, mamoqramma müayinəsinə göndərməlidir”.
Həkim qeyd edib ki, kişilər üçün prostat xərçəngi ilk sırada gəlir: “Bu patologiyanın ən yüksək tezliyidir, başa düşüləndir, çünki bizdə prostat xərçəngi üçün skrininq proqramı var, qəbulda əyləşən hər bir həkim ilk növbədə 50 yaşdan yuxarı kişini PSA testinə, prostat xərçəngi üçün spesifik testə göndərəcək. Müvafiq olaraq, bunun baş verməsi digər amillərlə yanaşı, əhalinin qocalması ilə də bağlıdır. İkinci yerdə ağciyər xərçəngi gəlir. Burada bir çox amillər var, o cümlədən amillərdən biri siqaretdən sui-istifadədir. Kişilərdə kolon və düz bağırsağın kolorektal xərçəngi üçüncü yeri tutur. Bu, həm də qonşu ölkələrdə, Rusiya Federasiyasında, Ukraynada, Polşada, Litvada, Latviyada baş verən faktdır. Çünki qidalanma nümunələrimiz əsasən eynidir. Qadınlarda döş xərçəngi birinci yerdədir. Kolorektal xərçəng inamla ikinci yeri tutur - yediyimiz səbəblərə görədir. Biz az miqdarda lif istehlak edirik. Üçüncü yerdə artıq uşaqlıq, yumurtalıq və s. Kişilər və qadınlar üçün şiş növləri bunlardır”.
Afaq MİRAYİQ,