azia.az
azia.az

Fərariləri həbs edək, yoxsa alternativ xidmət tətbiq olunsun - rəylər

14-09-2023, 08:06

Ekspert: “Qarabağ məsələsi çözülməyənə qədər bu məsələnin həlli istiqamətində addımlar atılmırdı, indi isə...”

2022-ci ildə Azərbaycanda 31 nəfər hərbi xidmət keçməkdən boyun qaçırdığına görə axtarışa verilib. Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib. Rəsmi məlumata görə, ötən il hərbi xidmət əleyhinə cinayətə görə 143 nəfər axtarışda olub. Onlardan 47-si fərarilik edənlərdir.

Hərbi xidmət keçməkdən boyun qaçırdığına görə axtarılanların 19-nun yeri müəyyən edilərək tapılıb. Hərbi xidmət əleyhinə cinayətə görə axtarılanlardan isə 79-u yaxalanıb. Fərariliyə görə axtarılan 47 nəfərdən 6-sı tutulub. Orduda həqiqi hərbi xidmət keçmək bir şərəf və vətən borcudur. Ancaq təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində hərbi xidmətdən qorxan, bunu əqidəsi ilə uzlaşmayan faktor kimi qiymətləndirənlər var. Buna görə də bir çox ölkələr alternativ  xidmət haqqında qanun tətbiq edir. Məsələn, orduda xidmət etmək istəməyənlər dövlət büdcəsinə, yaxud hərbi büdcəyə pul ödəyir. Bunun tətbiq mexanizmi belədir ki, o ölkələrdə peşəkar hərbi xidmət sistemi yaradılır və alternativ xidməti seçənlərin ödədiyi vəsait də bura sərf olunur. Alternativ xidmət keçənlər təbii ki, gələcəkdə orduda xidmət sayılmır və onlar bir sıra qurumlarda vəzifə tuta bilməz. Azərbaycanda da bunun tətbiqi mümkündürmü? Reallıqlar nə deyir? Peşəkar ordu sisteminə keçid artıq başlayıb. Bu baxımdan alternativ xidmət də tətbiq edilə bilərmi?

Hərbi ekspert Azərbaycan və Rusiya arasında imzalanmış hərbi sənədi şərh  edir - 28.09.2019, Sputnik Azərbaycan

Üzeyir Cəfərov

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a deyib ki, Azərbaycan Qarabağ məsələsinin həllinə nail olmaq üzrədir və belə bir vaxtda alternativ xidmətə keçid problem də həll edilməlidir: “Bu məsələ uzun illərdir ki, gündəmdədir. Qarabağ məsələsi həll edilmirdi deyə, bu məsələ də açıq qalırdı. Qarabağ məsələsi artıq son mərhələyə daxil olub və yaxın zamanlarda tam olaraq həllini tapacaq. Ümid edirəm ki, "Alternativ xidmət haqqında" Qanuna yaxın vaxtlarda Milli Məclisdə baxılacaq və qəbul ediləcək. Bu məsələ ilə bağlı Azərbaycana beynəlxalq təşkilatlar tərəfindən müəyyən iradlar var və bu qanun ölkəmizin gələcəyi naminə qəbul edilməlidir. Qarabağ məsələsi çözülməyənə qədər bu məsələnin həlli istiqamətində addımlar atılmırdı, çünki belə ehtimallar vardı ki, bəziləri xidmətdən yayınmaq üçün bu qanundan yararlana bilər. Əslində isə alternativ xidmətin şərtləri həqiqi hərbi xidmətdən daha ağırdır".

Hərbi ekspert deyib ki, alternativ xidmət müddəti 2 il və daha artıqdır: “Alternativ xidmət keçənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin tabeliyindəki qurumların sərəncamına keçirlər. Bu qanunun tezliklə qəbul olunacağını gözləyirəm”.

Hərbi ekspert bildirib ki, “Alternativ xidmət haqqında” Qanun tez bir zamanda qəbul edilməlidir: “Dini inanclarına, cinsi oriyentasiyası, baxışlarına görə həqiqi xidmət keçmək istəməyənlərin alternativ xidmət keçmələrinə şərait yaradılmalıdır ki, Azərbaycana qarşı iradlara da son qoyulsun, baxışları fərqli olan vətəndaşlara da xidmət keçmək imkanı yaransın. Misal üçün, onlar hərbi hospitallarda, tikinti, rabitə hissələrində qulluq edə bilərlər. Və ya hər hansı bir hərbi hissədə təmizlik, ya da aşpazlıq işlərinə baxa bilərlər”.

Üzeyir Cəfərov bildirib ki, alternativ  xidmətin qanuniləşdirilməsi peşəkar orduya keçidə heç bir şəkildə təsir etmir: “Peşəkar ordu quruculuğu illərdir ki, gündəmdədir və Azərbaycan peşəkar ordu sisteminə keçidə hazırdır. Getdikcə həqiqi hərbi xidmət keçənləri sayı azaldılacaq, əvəzində müqaviləli, peşəkar hərbçilərə üstünlük veriləcək. Türkiyədə bu sistem oturuşub və effektiv ordu modeli ortadadır. Azərbaycanda da eyni sistem olacaq. 18 yaşına çatanlar müəyyən müddətdə hazırlıq keçəcək. Mümkündür ki, bir neçə həftə və ya ay ərzində silahla davranma və hərbə aid elementar bilgilər öyrədilsin. Peşəkar orduya getmək istəyənlər də özləri qərar verəcəklər. Alternativ xidmət keçmək istəyənlərə də imkanlar yaradılacaq. Peşəkar ordu ilə alternativ xidmətin olması bir-birinə heç bir halda mane ola bilməz”.

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

Tural Abbaslı 

AG Partiya sədri Tural Abbaslı isə “Alternativ xidmət haqqında” Qanunun qəbulunu məqbul hesab etmir. Partiya sədri “Yeni Müsavat”a deyib ki, ölkəmizin olduğu region bu qanunun qəbulunu istisna edir: “Şimaldan Rusiya, cənubdan İran, qərbdən Ermənistanla qonşu olan bir dövlətdə alternativ xidmət anlayışı olmamalıdır. Ümumiyyətlə, alternativ xidmətin əleyhinəyəm. Yaxın 10-15 ildə bu qanunun qəbulunu məqbul hesab etmirəm. Peşəkar orduya keçid isə mümkün qədər sürətli olmalıdır və bu məsələnin alternativ xidmətə heç bir aidiyyəti yoxdur”.

Partiya sədri bildirib ki, peşəkar ordu sisteminə keçid üçün həqiqi hərbi xidmət müddətinin azaldılması hesabına kompensasiya etmək mümkündür: “Hazırda ali təhsili olan Azərbaycan vətəndaşları 1 il, orta təhsilli vətəndaşlarımız isə 1 il 6 ay həqiqi hərbi xidmət keçirlər. Peşəkar ordu sisteminə keçid üçün bu müddətləri 6 ay olmaqla azaltmaqla peşəkar ordunun saxlanılması üçün külli miqdarda vəsait əldə oluna bilər. Bu gün həqiqi hərbi xidmət keçənlərə 1 il, 1 il 6 ay müddətində öyrədilənləri 6 ay ərzində öyrətmək mümkündür. Silahla davranma, hərb peşəsinin elementar bilgiləri kifayət edir. Dövlət hər bir həqiqi hərbi xidmətdə olan vətəndaşa görə büdcədən 1 il, 1 il 6 ay müddətində təminat xərcləri ayırır. Müddət azaldılarsa, təminat xərcləri də azalar və büdcədə qalan vəsait peşəkar ordu quruculuğuna yönələr. İstənilən peşəkar ordu həqiqi hərbi xidmətdə olan ordudan üstündür. Peşəkarlar dövlətdən maaş alır və hər xidmət ilində daha da peşəkarlıqlarını artırırlar. Qarabağ problemi çözülsə də, Azərbaycan yerləşdiyi region baxımından peşəkar ordu saxlamalıdır. Eyni zamanda həqiqi hərbi xidmət də olmalıdır. Azərbaycanın kişi vətəndaşları silahdan istifadə etməyi, hərbi bilməlidirlər. Alternativ xidmət isə qeyd etdiyim kimi, yaxın 10-15 il ərzində müzakirə oluna bilməz”.

Tural Abbaslı deyib ki, dini baxışlara görə alternativ xidmətin tətbiqi məsələsi də mübahisəlidir: “Məsələn, dini baxışlara görə faizlə pul almaq - kredit götürmək haramdır. Bu gün Azərbaycan əhalisinin 95 faizi müsəlmandır deyə, əhali banklardan kredit almır? Niyə məhz cinsi azlıqlar nəzərə alınmalıdır? Niyə cinsi çoxluq nəzərə alınmır?

Bu gün bəziləri deyir ki, uşaq pulu verilmir, amma sabah uşaq böyüyəndə onu həqiqi hərbi xidmətə aparacaqlar. Burada dövləti, vətəni yadlaşdırma təfəkkürü var. Axı sənin övladını həqiqi hərbi xidmətə aparırlarsa, demirlər ki, gəl məni qoru. Yaşadığın dövləti, vətəni - yəni öz evini, öz küçəni, öz həyətini qorumaq üçün həqiqi hərbi xidmətə çağırılır vətəndaşlar. Söhbət hakimiyyətdən getmir axı. Sabah erməni əlində silah gələndə iqtidarda demokrat, totalitar, avtoritar olmasına baxmayacaq. Bu təfəkkür aradan qaldırılmalıdır. Lazımsız, şişirdilmiş dəyərlər təbliğ olunur. Halbuki həmin dəyərlərin yarandığı ölkələrdə belə bu qədər təbliğ olunmur. Bəziləri bu gün papadan çox katolik olmağa can atır və bu, fəsadlar verə bilər. Azərbaycanın keçmişi, yerləşdiyi region, tarixi nəzərə alınmalı, milli dəyərlərimiz nəyi diqtə edirsə, həmin dəyərlər çərçivəsində qanunlar qəbul olunmalıdır".

Qeyd edək ki, Azərbaycan Avropa Şurasına üzv olan zaman (2001) alternativ xidmət haqqında qanun qəbul etməsi ilə bağlı öz üzərinə öhdəlik götürüb. Azərbaycan Konstitusiyasının 76-cı maddəsinin ikinci hissəsində də bu məsələ ayrıca vurğulanır. Bildirilir ki, vətəndaşın əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda onun alternativ xidmətlə əvəzlənməsinə yol verilir.

Azərbaycan Cinayət Məcəlləsinə (CM) görə, hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma cinayət məsuliyyəti yaradır. Bu, Avropa Konvensiyasına ziddir. Azərbaycan Konstitusiyasına görə, beynəlxalq müqavilələr və normalar Azərbaycan qanunvericiliyinin tərkib hissəsi hesab olunur. Onların arasında konflikt yarandıqda daha çox üstünlük referendum və konstitusiya yolu ilə qəbul olunmuş aktlar istisna olmaqla, beynəlxalq müqavilələrə verilir. Belə olan halda Cinayət Məcəlləsində nəzərdə tutulmuş bu norma korreksiya olunmalıdır.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi