Erməni yoxsa Alban xaçları? - tarixi araşdırma
İlk hədəf isə Qarabağ və Qərbi Azərbaycan ərazisində olan Alban dövrü xaç rəmzlərinin ya tamamilə məhv edilməsi, ya da formalarının dəyişdirilməsi üçün çoxsaylı layihələrə külli miqdarda pulların ayrılması oldu. Sovet dövründə nəinki Qarabağ və Qərbi Azərbaycan ərazilərində olan, hətta harada Alban kilsəsi var orada olan Alban xaçlarını erməniləşdirməyə başladılar. Onlar bu xaçları dəyişməklə kifayətlənməyib, divarlarda erməni dilində yazılar yazmağa başladılar. Misal üçün iki il öncə Kəlbəcər ərazisində baş verən hadisə ermənilərin iç üzünü ortaya qoydu. Kəlbəcər ərazisində Alban xaçları ilə bəzədilmiş kilsəni erməni monastrı kimi təqdim edən ermənilər bununla kifayətlənməyərək, abidənin daşları üzərinə erməni əlifbası ilə sözlər yazaraq bunu guya əsrlər öncəyə aid yazı kimi təqdim etməyə cəhd etdilər. Lakin onların hazırladığı sosal çarx Albaniya tarixi ilə məşğul olan ruslar tərəfindən ifşa edildi.
Çar Rusiyası və bolşevik Rusiyasında bununla da erməni "xaçkarları" meydana gəlməyə başladı. Əslində xaçkar sözünün kökü fars mənşəli söz olub, fars dilindən erməni dilinə keçmişdir. Bu söz fars dilində "iş, zəhmət" mənasını verir, bunu erməni dilinə çevirəndə "kar", daş mənasında başa düşülür. Odur ki, "xaçkar" sözünün erməni dilində anlamı "xaçdaş"ı mənasını verir. Alban-udi xristian icması sədri Robert Mobili də bununla bağlı açıqlamasında konkret bildirir: “Onlar Alban mədəni irsi və udinlərə məxsus abidələri saxtalaşdıraraq erməni kilsələri kimi təqdim edirlər. Ermənilər kilsələr üzərindəki yazıları və xaçları dəyişdiriblər. Bu, açıq-aydın görünür. Alban kilsələrinin xaçları fərqlidir. “ (http://femida.az/az/news/23452)
Alban xaçı dünyada yeganə xaçdır ki, xristianlığa qədərki inamların və kainatı dərketmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq, nur və məhsuldarlıq simvolu kimi əks olunmuşdur. Bütün alban yazılı daşlarının üzərindəki xristianlığa qədərki inamların və kainat qüvvələrinin qanunauyğun şəkildə yerləşməsi ilə dini-bədii qanunlara tabe edilmiş özünəməxsus təsvirlər təşkil edir ki, bu da başqa xalqların xaç təsvirlərində yoxdur. (А. Шанидзе – Hовооткрытый алфавит Кафказских Албанцев и его значения для науки, Изв. НЯМИК. Груз. ФАН ССР, Т.4 1938 стр. 3)
Alban dövrü abidələrində, xüsusilə xaçdaşların dekorundakı bədii kompozisiyalarda xristianlığın simvolu olan xaç təsvirləri ilə yanaşı, türk etiqadları, dünyagörüşü, sənət ənənələri və mədəniyyətinə məxsus müxtəlif elementlər müşahidə olunur. Bütün bunlar alban abidələrinin türk etnomədəniyyətinə məxsus olmasını birmənalı şəkildə təsdiq edir. İngilis şərqşünası və arxeoloqu K.Vilson Qədim İran mədəniyyətindən danışarkən göstərir ki, “...Əldə edilən məlumat və nişanələr deməyə əsas verir ki, daha qədim mədəniyyət mərkəzi Azərbaycan olmuşdur”. (Алиева К.М. Тебризская ковровая школа XVI – XVII вв. Баку, «Элм», 1999. – 268 с.)
Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində xaçdaşlarının istehsalı ilə məşğul olmaları, ilk baxışdan xristianlığın təbliği kimi görünsə də, əslində bu prosesin gedişi Azərbaycan torpaqlarının erməniləşdirilməsinə xidmət edir. Onlar sadəcə, heç bir bədii məna kəsb etməyən cansıxıcı erməni xaçdaşlarının yeniləşdirilməsi işlərindən cana doyaraq, son zamanlar alban xaçdaşlarının bədii nümunələrindən və ornamentlərindən istifadə etməyə başladılar.
Bu yolla ermənilər çoxlu sayda alban xaçdaşlarının dekorativ tərtibatı ilə eyni olan (yalnız bu daşların ornament və bəzəklərində dəyişiklik edərək) oyma və qabartma üsulu ilə xaç daşları, başdaşları və nişan daşları yonaraq Azərbaycanın işğal olunmuş ərazilərinin müxtəlif yerlərində, bir zamanlar regionun istirahət mərkəzləri olmuş ərazilərində, yol kənarlarında, bulaqların ətraflarında, ictimai yaşayış mərkəzlərinin baxımlı yerlərində, bağlarda, parklarda, memarlıq abidələrinin üzərlərində, qəbristanlıqlarda və eləcədə müxtəlif yaşayış ərazilərində kütləvi şəkildə yerləşdirlər. (Faiq İsmayılov, "Olaylar" qəzeti).
Beləliklə, alim mütəxəssislər alban xaç daşlarını bədii tərtibatı və özünəməxsus təsvir xüsusiyyətlərinə görə dörd qrupa bölürlər ki, onlar da Xaçın, Artsak, Cuğa və Yenivəng xaç daşlarıdır. Bu alban xaç daşlarını araşdıran mütəxəssislər belə nəticəyə gəlmişlər ki, onlar qədim antropomorf incəsənət əsərlərindən əmələ gəlmişdir. Ümumiyyətlə, Qarabağ zonasında aşkara çıxarılan xaç daşlarına daim ermənilər sahiblənməyə çalışmışlar. Belə daşları onlar fürsət düşdükcə oğurlayaraq Eçmiədzinə aparmışlar. Artsak xaç daşı kimi tanınan belə daşlar Ağdərə, Şuşa, Xocalı, Tərtər, Gədəbəy və başqa ətraf rayonlarda aşkar edilmişdir. Alimlər onların arasında 1633-cü ilə aid xaç daşını ən maraqlı nümunə hesab edirlər. Həmin xaç daşı SSRI vaxtında qanunsuz şəkildə Azərbaycandan Ermənistanın Eçmiədzin şəhərinə aparılmış və indi orada saxlanılır.