azia.az
azia.az

Şəhid olan Xüsusi Təyinatlımızın son sözü: “Deyəsən, məni vurdular”

15-08-2022, 09:08

Şəhid olan Xüsusi Təyinatlımızın son sözü: “Deyəsən, məni vurdular”
Bu gün şəhid Məmmədov Emin Vətən oğlunun doğum günüdür.
Məmmədov Emin Vətən oğlu 1992-ci ilin avqust ayının 15-də Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində zəhmətkeş kəndli ailəsində anadan olub. 1998- ci ildə Tağı Məmmədov adına Qəhrəmanlı kənd tam orta məktəbin 1-ci sinfinə gedən Emin 2009-cu ildə həmin məktəbi bitirib. Ordu sıralarına çağırış yaşı 2010-cu ildə tamam olan Emin xoş əhval-ruhiyyə və ruh yüksəkliyi ilə xidmətə yollanıb. Bakı şəhərində Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan “N” saylı hərbi hissədə əsgər kimi xidmət edən Emin müvəffəqiyyətlə başa vurduğu xidmətinin ardından evlərinə dönüb.
Körpəlikdən atasının adı kimi eşitdiyi “Vətən” kəlməsinin böyüdükcə anlamını dərk edən, vətənə olan sevgisi qanına, canına hopan Emin əsgərliyini bitirdikdən 1 il sonra sənədlərini “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı” kursuna verib. Kursu uğurla bitirərək Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissənin kəşfiyyat taborunda snayperçi əsgər kimi xidmətə başlayıb. Kəşfiyyatçı kimi xidmətinin ilk günlərindən ayıq-sayıqlığı, fiziki və döyüş hazırlığı ilə seçilən Emin olduğu postlarda düşmənə göz açmağa aman vermir, göndərildiyi yerlərdən əliboş qayıtmırdı. Eminin bu xidmətləri hərbi hissə rəhbərliyinin gözündən yayınmır və 2015-ci ildə Türkiyə Cümhuriyyətinə 45 günlük snayper hazırlığı kursuna göndərilir. Həmin kursda atış üzrə keçirilən yarışda 600 nəfər içərisində 13-cü yeri qazanaraq tabeliyində olduğu hərbi birləşməyə birincilik gətirib. 2015-ci ildə sənədlərini Müdafiə Nazirliyinin “Gizir hazırlığı” kursuna verib. Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin, fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanlardan müvəffəqiyyətlə keçərək “gizir” rütbəsi alıb.
2016-cı ildə aprel döyüşlərində tarix yazan mərd oğullardan biri də Emin idi. İstər aprelə qədər, istər aprel döyüşlərində, istərsə də ondan sonrakı əməliyyatlarda kəskin nişançı, sərrast snayperçi olan Emin hədəfinə çevrilən düşmənə sağ qalma şansı verməyib.
2019-cu ildə dünyanın ən yaxşı xüsusi təyinatlılarından sayılan Türkiyənin məşhur “Su Altı Taaruz” (SAT) kursuna qatılan Emin orada da fərqlənməyi bacarıb. Öyrənməyə getməyinə baxmayaraq, onu həmin kursda müəllim kimi saxlamaq istəyirlər, lakin evin tək oğlu olduğuna görə valideynləri buna razı olmurlar.
2020-ci ilin 26 sentyabrında son dəfə evlərinə gələn Emin özünə lazım olan əşyalarını toplayıb evdəkilərə müharibə haqqında heç nə demədən onlarla sağollaşıb ön cəbhənin yolunu tutub. Sentyabrın 27-si səhər saaatlarında “atış sərbəst” əmrindən sonra Eminin lentə aldığı kadrlardan da görmək olar ki, o, necə yüksək əhval-ruhiyyə və gülərüzlə düşmən üstünə yollanır. Emin həm də döyüş yoldaşlarına ruh yüksəkliyi verir, onları gözləyən çətinliklərə baxmayaraq, öz zarafatları ilə üzlərində təbbəssüm yaradırdı.
Eminin də daxil olduğu qrup sentyabrın 27-si səhər saatlarında Füzuli rayonunun Horadiz kəndi istiqamətindən hücuma keçib. Təxminən 10 km irəliləyib, 3 postu alan qrup 1 dəfə sığınacaq kimi istifadə etdikləri məscid qalıqlarının içərisində olarkən düşmən mühasirəsinə düşürlər. Məsciddən irəlidəki mövqeyə getmək üçün tapşırıq alan 11 nəfərin içində Emin də olmuşdur. Qarşıda xain düşmənin 40 nəfərlik dəstəsi onları görüb yenidən mühasirəyə alıb atəşə tutmaq istəyəndə Emin bundan xəbər tutur və yoldaşlarına “əyil” komandası verir, onları xilas etməyi bacarsa da, özü düşmən snayperinin hədəfi olur. Şəhadət yolunda son sözü, bəlkə də, zarafatı “Deyəsən, məni vurdular” olur. Müharibədə 1 gün iştirak edib bir ömür danışılacaq igidliklər göstərən Emin elə həmin gün də şəhid olub. Şəhidimiz sentyabrın 28-də doğulduğu Qəhrəmanlı qəsəbəsində uğrunda canından keçdiyi vətən torpağına tapşırılıb.
Döyüş yoldaşları Emin haqqında danışarkən bir şeyi xüsusilə qeyd etdilər ki, o istəsə, snayperçi kimi mövqedə dayana bilərdi. Ancaq bir əlində avtomatı, digər əlində snayperi ilə düşməni darmadağın etməyi seçdi. Valideynləri isə Eminin məzuniyyətini vaxtından əvvəl bağlayıb hərbçi yoldaşlarının yanına yollanma səbəbini müharibə başlayan gün öyrənirlər. Şəhidimiz tək məzuniyyətini yox nişan hazırlıqlarını da yarıda dayandırıb. Atası elçi getmək üçün çox təkid etsə də, Emin sanki olacaqları hiss edirmiş kimi razılıq vermir, “Bir neçə gün gözləyək”,-deyir. Amma müharibədən valideynlərinə söz açmır. Emin müharibədən qayıtsa idi sevdiyi xanımla ailə quracaqdı.
Subay idi, ailə bir bacı, bir qardaş olublar.
Döyüş əməliyyatları zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları ilə gizir Məmmədov Emin Vətən oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi