Türkiyədə ölüm hökmü bərpa oluna bilərmi - fərqli rəylər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Marmaris yanğın koordinasiya mərkəzində olarkən meşələri qəsdlə yandıranların edam olunmasını istədiyini deyib:
“Bu məsələ ətrafında ciddi müzakirələr aparılmalıdır. Düşünürəm ki, əgər çəkindirici olmasını istəyiriksə, belə şəxslərə edam cəzası verilməlidir”.
MHT sədri Baxçalı da bu müzakirələrə qoşulub. O deyib ki, Türkiyədə ölüm hökmünün bərpası müzakirələrini dəstəkləyir.
Bu cəzanın Türkiyədə tətbiqi mümkündürmü? Edam cəzasının tətbiqi və yenidən hökm geyinməsi üçün referendum keçirilməlidir?
Mövzu ilə bağlı beynəlxalq hüquqşünas Fərhad Mehdiyev “Yeni Müsavat”a danışıb:
“Hazırda insan hüquqları fenomeni var. Dünya ölkələri də çalışırlar ki, bununla bağlı standartlara uyğunlaşsınlar. Beləliklə, insan hüquqları fenomeni və yaxud hərəkatı, axını ölüm cəzasının ləğv edilməsinin tərəfdarıdır. Demək olar ki, bu məsələ insan hüquqları nəzəriyyəsində ilk sıradadır. İnsanın həyatına son verilmə halları yalnız düşmən əsgərlərinin öldürülməsi, cinayətkarın tutulması üçün yaxalanması və zəruri müdafiə halları zamanı mümkündür.
Qarabağ müharibəsi” yox, “Vətən müharibəsi” - rus politoloqdan maraqlı təklif
Fərhad Mehdiyev: “Əgər Türkiyə ölüm hökmünü bərpa etməyə hazırlaşsa, onda gərək Avropa Şurasından çıxmağa hazır olsun”
Məlum məsələdir ki, Avropa Şurasına üzv olan ölkələrdə ölüm hökmü tətbiq edilə bilməz. Bu səbəbdən əgər Türkiyə bunu etməyə hazırlaşsa, onda gərək Avropa Şurasından çıxmağa hazır olsun.
Məsələnin ikinci tərəfi də budur ki, Türkiyədə bu məsələ ilə bağlı referenduma ehtiyac yoxdur. Ərdoğan bunu referenduma götürmək istəsə, o məqsədlə götürə bilər ki, xalq bunu istəyir. Bildiyim qədər isə ümumiyyətlə ölüm cəzasının tətbiqi ilə bağlı Türkiyədə referendum keçirilmir. Bu, qanunla olunacaq bir məsələdir".
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə qeyd edib:
“Son illərdə xüsusilə də Türkiyədə, elə Azərbaycanda da bəzi yerlədə yanğınlar baş verdi. Hesab edirəm ki, bu qəbildən olan cinayətlər qəsdən törədilən əməl olduqda xüsusilə ağır cinayətlər fəslinə daxil edilməlidir. Bu zaman insanlar biləcək ki, bu əməli törətdiyinə görə çox ağır cəzaya layiq görüləcək.
Çingiz Qənizadə: “Belə qərarların qəbulu hüququ zorlamaqdır”
Çingiz Qənizadə: “AŞ dövlətlərində ölüm cəzasının tətbiq edilməsi mümkün deyil”
Türkiyədə isə bu məsələyə görə ciddi cəzalar verilmirdi və bəzən, ümumiyyətlə, cəzadan kənarda qalmalar müşahidə olunurdu. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qeyd olunan məsələ ilə bağlı fikirləri ilə tanışam. Onun vətəninə, torpağına olan sevgisi bu cür hiddətli çıxış etməsinə səbəb oldu.
Ölüm cəzasına münasibətə gəldikdə isə Avropa Şurası dövlətlərində ölüm cəzasının tətbiq edilməsi mümkün deyil. Yəni ölkə qanunvericiliyində bu cəzanın yenidən tətbiq edilməsi ilə bağlı məsələ gündəmə gəlsə, parlamentin komissiyası səviyyəsində həll edilən məsələ deyil.
Hesab edirəm ki, hansısa ölkə AŞ PA-nın üzvüdürsə, öz ölkəsində ölüm hökmünün tətbiqini təmin edə bilməyəcək. Ona görə də təklif edərdim ki, həm Azərbaycan qanunvericiliyində bu məsələlərə baxılsın, təbiətə, yaşıllığa qarşı cinayət törədən insanlara qarşı cəzanın ən yuxarı həddi təyin edilsin. Hətta 15-20 il azadlıqdan məhrumetmə cəzası verilsin.
Ümid edirəm ki, cənab Ərdoğanın bu çıxışından sonra Türkiyə qanunvericiliyində sanksiyanın həddinin artırılması məsələsi gündəmdə olacaq".
AĞ Partiya sədri Tural Abbaslı isə bildirdi ki, Türkiyədə ölüm hökmünün bərpası olub-olmaması məsələsi onun daxili işdir:
“Qərar nə olarsa, biz ona hörmətlə yanaşacağıq. Düşünürəm ki, daha çox Türkiyə ictimaiyyətinin fikri nəzərə alınaraq bu qərar qəbul edilməlidir. Əgər artıq hakim partiya, MHP kimi ciddi partiya belə bir layihəni dəstəkləyirsə, demək ki, buna bir zərurət yaranıb.
Türkiyə məhkəmələri Azərbaycan məhkəmələrindən ədalətli məhkəmələrdir. Yəni orada sifarişli qərarlar deyil, qanunlara istinad olunaraq qərarlar qəbul olunur. Yəni kiminsə günahı yoxdursa, ölüm hökmünün bərpasından qorxmamalı, çəkinməməlidir.
Xatırladım ki, 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd baş verən zaman da bu fikir səslənirdi ki, ölüm hökmü bərpa olunsun. Şəxsən özüm ölüm hökmünün bərpasının tərəfdarıyam, o halda ki, ədalətli məhkəmə var. Əgər gələcəkdə Azərbaycanda ədalətli məhkəmə sistemi qurularsa, bu hökmün bərpasının əleyhinə deyiləm. Yəni hər kəs qanun, cəmiyyət qarşısında cavab verməlidir. Bu gün bizim də cəmiyyətdə elə hallar baş verir ki, birmənalı olaraq cəmiyyət həmin insanların yaşamağa haqqı olmadığını bildirir.
Elman Rüstəmovun qanunsuz kapitalına ƏL QOYULMALIDIR" - TURAL ABBASLI
Tural Abbaslı: “Türkiyədə ölüm hökmünün bərpası olub-olmaması məsələsi onun daxili işidir və qərar nə olarsa, biz ona hörmətlə yanaşacağıq”
O ki qaldı Azərbaycanda və yaxud Türkiyədə ölüm hökmü bərpa olunarsa, ATƏT, Avropa Şurası və yaxud digər qurumların bu məsələyə münasibətinə, hesab edirəm ki, bu, hər bir dövlətin daxili işidir. Ona qalsa bu gün ABŞ-da ölüm hökmü tam qadağan olunmayıb. Əgər ölüm hökmü bu qədər pisdirsə, onda gərək ABŞ da bu hökmü qadağan etsin.
Ümumiyyətlə, son vaxtlar baş verən hadisələr onu göstərdi ki, beynəlxalq hüquq, beynəlxalq ictimai fikir və yaxud BMT, beynəlxalq dəyərlər kimi anlayışlar nisbidir. Yəni burada güc kimin əlindədirsə, onun dediyi olur".
Bəs dünyada hansı ölkələrdə ölüm hökmü hələ də qüvvədədir?
Hazırda dünyada İran, Səudiyyə Ərəbistanı, İraq və Pakistan ölüm hökmü cəzasının verilməsində, icrasında liderliklərini qoruyur. Çin ölüm hökmünü gizlədən ölkələr içərisində liderdir.
Avropa və MDB ölkələri arasında yeganə ölkə Belarusdur ki, orada ölüm hökmü hələ də qalır.
Amerika qitəsində isə yalnız ABŞ-da ölüm hökmü icra edilir.
Azərbaycanda ölüm hökmü 1998-ci il, fevralın 10-da ləğv olunub. 21 fevral 1998-ci ildə “Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi və İslah-Əmək Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Azərbaycan Avropa Şurasına üzv olmadan öncə ölüm hökmünü ləğv edərək, barələrində belə hökm çıxarılmış insanların cəzasını ömürlük həbs cəzası ilə əvəzlədi.
Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov mətbuata açıqlamasında bildirmişdi ki, sonuncu edam edilmiş şəxs (cəzanı ağırlaşdıran hallar nəzərə alınmaqla, iki və daha çox şəxsi qətlə yetirmə maddəsi ilə ittiham edilib) Salman Aslanoviç Fərmanov olub.
Ölüm cəzası ləğv olunan zaman Azərbaycanda ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş 127 məhkum olub.
Xalidə GƏRAY,