azia.az
azia.az

Ermənistan sülh sənədi təqdim etdi – 6 bənddə hansı təkliflər var?

14-05-2022, 19:17


Edmon Marukyan Ermənistanın Azərbaycana təqdim etdiyi 6 bəndlik sülh müqaviləsinin şərtlərini açıqlayıb.
Ermənistan sülh sənədi təqdim etdi – 6 bənddə hansı təkliflər var?
Ermənistan Respublikasının mühüm işlər üzrə səfiri Edmon Marukyan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün Ermənistan tərəfinin irəli sürdüyü 6 şərtin detallarını açıqlayıb.

Bu barədə Ermənistan kütləvi informasiya vasitələri cümə axşamı məlumat veriblər.

Təqdim olunan şərtlər barədə politoloq Əlimusa İbrahimov Sfera.az-a danışıb. Ekspert təqdim olunan sənədi şərh edib:

"1-ci bənddə göstərilir ki, Ermənistan Azərbaycanın 21 fevralda hazırladığı və 11 martda, 20 gün keçəndən sonra təqdim etdiyi məktuba cavab verir. Burada Azərbaycan tərəfindən məktubun hazırlanması tarixi ilə təqdim olunması tarixi arasında müddətin qabardılmasının nə əhəmiyyət daşıması məlum deyil. Yazılması ilə təqdim olunması arasında bu qədər uzun müddət olmasını Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən şərtlərin birbaşa erməni tərəfinə deyil ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəsi ilə təqdim olunması ilə əsaslandırmışdı. Burada ermənilər Azərbaycanın 11 martda verdikləri məktuba nədən iki ay keçəndən sonra –may ayında cavab vermələrinə aydınlıq gətirməsələr də, Azərbaycan tərəfinə bu aydındır. Nikol Paşinyan iki ay Azərbaycanın tələb etdiyi maddələri qeyd-şərtsiz qəbul etdikləri barədə bəyanatlar səsləndirdi. Amma Rusiyada Vladimir Putin və Sergey Lavrovla keçirdiyi görüşlərdən və İrəvanda müxalifət hərəkatının başlanmasından sonra bu məktuba cavab vermək qərarına gəldilər ki, onların özlərinin də şərtlərinin olması görüntüsü yaratsınlar.

2-ci bənddə Ermənistanın heç zaman Azərbaycan Respublikasına ərazi iddialarının olmadığı vurğulanır və bildirilir ki, Ermənistan 8 dekabr 1991-ci ildə MDB-nin yaradılması ilə əlaqədar hazırlanmış müqaviləni 1992-ci ilin 18 fevralında imzalamış və bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımışdır. Bu bənd və Ermənistanın yenə də 30 il bundan əvvəl imzalanmış sənədlərə müraciət etməsi onun 44 günlük müharibədən sonra yenə yetərincə dərs götürməməsinə işarə edir.

3-cü bəndin şərtinə əsasən, erməni tərəfi üçün əsas məsələ Qarabağda yaşayan ermənilərin təhlükəsizliklərinə zəmanət, onların hüquq və azadlıqlarına hörmət və həmçinin son statusun müəyyən edilməsi təşkil edir. Son status məsələsinin bu şəkildə ifadə edilməsi və buraya salınması yenə də Paşinyan hökumətinin ikitərəfli oyun oynamasını sübut edir. İlk baxışda hiss olunur ki, status məsələsinin qeyd olunması daxili auditoriya və xaricu kuratorlar üçün nəzrdə tutulur. Digər tərəfdən bu məsələnin prioritet məsələlərdən sonuncu olaraq sıralanması onun hazırkı mərhələdə elə də ciddi əhəmiyyət kəsb etmədiyinə işarədir və Azərbaycan tərəfinə sanki mesaj kimi səslənir: Status məsələsi buraya bizi tənqid edənləri sakitləşdirmək üçün salınıb.

4-cü bənddə erməni tərəfi 9 noyabr, 11 yanvar və 26 noyabr üçtərəfli bəyanatlara diqqəti çəkir və hərbi əsirlərin qaytarılmaması, kommunikasiyaların açılmamasını xatırladır. Lakin bu zaman onlar bəyanatların yerinə yetirilməməsində öz öhdəliklərini yada salmır.

5-ci bənddə sülh danışıqlarına başlamağa və Azərbaycanla münasibətlərin normallaşdırılmasına hazır olduqlarını bildirirlər. Amma bu zaman danışıqlar prosesində BMT-nin nizamnaməsi, Helsinki Yekun aktının müddəalarına uyğun hərəkət etməyin vacibliyini vurğulayırlar. Yenə də köhnə nağıllar və istifadədən çıxarılmış mahnılar!

6-cı bənddə bildirilir ki,erməni tərəfi müvafiq danışıqların aparılması üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət edib. Bu bənd də ermənilərin ATƏT-in Minsk Qrupu ilə baş verən son hadisələri qəbul etməkdə çətinlik çəkdiklərini sübut edir. Minsk Qrupunun həmsədrlərinin özlərinin belə bu qurumun artıq fəaliyyətinin dayandırılması barədə işarələr verməsinə baxmayaraq ermənilər hələ də buna inanmaq istəmirlər”.


Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi