Elşad Miri: "Quran müqəddəs deyil, Tövrat müqəddəsdir" - VİDEO
"Dəstamazsız Qurana toxunmaq olar. Kitabda belə anlayış yoxdur. Bu, sadəcə “Vaqiə” surəsindən gələn ayədir. Sırf o ayə də konkret olaraq dəstamazla bağlı deyil".
Bunu ilahiyyatçı Elşad Miri deyib. O "APA" televiziyasının efirində "Qurani- Kərimlə" bağlı bəzi məqamlara belə aydınlıq gətirib:
"Telefonumuza da Quran yükləyirik. Ayaqyoluna da bəzən telefonla giririk, hər cürə istifadə edirik. Necə olsun, dəstəmazsız telefon gəzdirməyəkmi? Adam var ki, Quranı əzbər bilir. Bu zaman yoldaşı ona toxunmaq üçün hər dəfə gərək dəstəmazmı alsın? Bu kimi şeyləri etməməliyik. İnsan kitaba toxunmalıdır ki, orda nə yazıldığını açıb görə bilsin, stolüstü kitabı olsun. Biz toxunmadığımız zaman həqiqətən sabah bizə başqa şeylər toxunar. Dini bilmədən cəhalətin burulğanına girə bilərik".
Aparıcının Quranın digər kitablarla fərqi ilə bağlı sualını isə ilahiyyatçı belə cavablandırıb:
"Digər kitablarla Quranın fərqi nədir? Quranı biz niyə müqəddəsləşdirməliyik ki? Müqəddəs kitab bu gün Tövratdır. Qurani- Kərim kitabında müqəddəs olmağı ilə bağlı hansısa ayəyə rast gələ bilməzsiniz. Dünyada Qurani-Kərimin çap olunduğu yer Mədinədə Kral Fath adına mətbəədir. Mən orda olanda öyrəndim ki, mətbəədə ildə 13 milyon Quran çap olunur. Soruşdum ki, səhv olanda nə edirsiz vərəqləri? Dedilər heç nə, yandırırıq. Quranın özü alman aparatında, Çindən alınan buddist kağızların üzərində çap olunur, üzərinə ərəbcə yazıldığına görə müqəddəs olur? Belə bir din ola bilərmi? Quranın digər kitablardan fərqi yoxdur. İçərisində yazılanlar kitabın fərqidir. Quran stolüstü kitabımız olmalıdır. Sosial şəbəkələrdən daha çox vaxt keçirməliyik".