azia.az
azia.az

Deputat “Azadlıq Radiosu”nun Azərbaycan xidməti ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etdi

1-05-2022, 14:56

Deputat “Azadlıq Radiosu”nun Azərbaycan xidməti ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etdi
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov “Azadlıq Radiosu”nun Azərbaycan xidməti ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edib.

C.Osmanov açıqlamasında bildirib ki, radio Azərbaycana qarşı təxribatla məşğuldur.


“Radionun “Sərhəddəki ermənilər: “Türklər bura ayaq açsa, bizi nökər edəcəklər”” başlıqlı materialını diqqətlə izlədim. Radionun erməni xidmətinin materialının Azərbaycan xidməti tərəfindən bu cür təqdimatı suallar doğurur. Hər kəsə məlumdur ki, bəzi beynəlxalq mətbuat orqanları kimi, “Azadlıq Radiosu” da ermənilərin yanında yer alır, onların problemlərini qabardır... Ölkəmizin əleyhinə olduqları açıq-aşkar görünür. Burada başqa məqsəd axtarmağa da dəyməz. Təcavüzə, işğala məruz qalan Azərbaycan olub, indi isə torpaqlarımızı işğaldan azad etmişik, “Azadlıq Radiosu”nun erməniləri məzlum kimi təqdim etməsi göstərir ki, revanşistlərin yanındadırlar. Radionun ümumi mövqeyini bilirik, erməni lobbisinə qulluq edirlər, Azərbaycan xidməti isə bu işi ikiqat yerinə yetirir. Diqqət edin, erməni xidməti materiala adi başlıq qoyub, Azərbaycan xidməti isə bunu “Sərhəddəki ermənilər: “Türklər bura ayaq açsa, bizi nökər edəcəklər”” kimi təqdim edib. Bununla da nifrət sərgiləyirlər, ictimai fikri çaşdırırlar, ölkəmizə qarşı təxribat törədirlər. Materialı aqressiv formada təqdim edənlər radioda çalışan “azərbaycanlılardır”... Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində ciddi işlər həyata keçirilir. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qafqazda sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq etməkdədir. “Azadlıq Radiosu” və bəzi bu kimi qurumlar revanş ritorikasından çıxış edir, görünür, erməni lobbisinin göstərişi belədir. Xatırlayırsınızsa, 2017-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi “Azadlıq Radiosu”nun “azadlıq.org” saytı ilə bağlı məhkəməyə müraciət etmişdi. Məhkəmə qərarı ilə sayt bloklandı. O dövrdə verilən qərarın nə dərəcədə doğru olduğunu bir daha gördük. Radionun Azərbaycan xidməti məhdud şəkildə də olsa, fəaliyyətini davam etdirir, ölkədə müəyyən şəxslər də əməkdaşlıq edirlər. Çünki sayt ölkədə müxtəlif “VPN”lər vasitəsilə açılır. Azərbaycan üçün informasiya təhlükəsizliyi məsələsi ön plandadır. Hüquq mühafizə orqanlarına müraciət edirəm, radionun Azərbaycandakı fəaliyyəti ciddi araşdırılsın və tədbir görülsün. Milli təhlükəsizliyimizə zərbə vuranlara cavab verməliyik. Bizim cavabımız həm də erməni lobbisinə cavabdır” – deputat qeyd edib.



Qeyd: Radionun Azərbaycan əleyhinə olan son sujeti sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Bildirilib ki, bu, ilk deyil, dəfələrlə belə hallar müşahidə edilib.


Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi