azia.az
azia.az

"Yubkan yoxdur, get qonşudan al, geyin deyiblər" - Məktəbli qızın atası

30-04-2022, 08:52


"Gedib məktəbə, rəhbərlik qaytarıb ki, yoxundur, get qonşudan al geyin, gəl. Uşaq ağlaya-ağlaya gəlib üstümə. Nə deyim? Məni uşaqla üz-üzə qoyublar. Nə edim, yoxdur da, olmayanda olmur", üç gün əvvəl yubka geymədiyi üçün məktəbdən evə göndərildiyini deyən 12 yaşlı məktəblinin valideyni Şəhruz Əsədov bizə danışır.
"Yubkan yoxdur, get qonşudan al, geyin deyiblər" - Məktəbli qızın atası


Bir müddət əvvəl Goranboyun Səfikürd kənd sakini Şəhruz Əsədovun 6-cı sinifdə oxuyan qızına məktəbdə "dərsə yubka ilə gəlmək lazımdır" deyilib.



Valideyn BBC Azərbaycancaya danışır ki, uşağa yubka almaq üçün məktəb rəhbərliyindən vaxt istəsə də bu, nəticə verməyib, uşaq məktəbdən evə göndərilib.



Səfikürd kənd orta məktəbinin direktoru Lamiyə Abışova bu ittihamları qəbul etmir, ancaq deyir ki, məktəbdə "1000-ə yaxın şagird təhsil alır, bir uşağın şalvar geyməsi digərlərinin də şalvar geymək istəməsinə səbəb olur".





Azərbaycan Təhsil Nazirliyindən bildirilib ki, "məktəblini dərsdən kənarlaşdırmağa heç kimin ixtiyarı yoxdur, o təhsilini davam etdirəcək".



"Get, qonşudan al geyin, gəl"



"Ətəyi qısalıb deyə, geyinmirdi ki, uzun yubka alın mənə. Mən də dedim ki, qoy maaşımı alım, ay sonu alacağam", - Şəhruz Əsədov deyir ki, əlində pulu olmadığı üçün övladı hazırda üç gündür ki, dərsə getmir.



O vurğulayır ki, uşaq evə göndərildikdən sonra məktəb rəhbərliyi ilə əlaqə saxlasa da, xeyri olmayıb.



"Sonra getdi məktəbə, rəhbərlik qaytarıb ki, yoxundur, get qonşudan al geyin, gəl. Mən də zəng vurdum dedim ki, belə şey olmaz, iki gün gözləyin alacağam. Dedi ki, yox, forma geyib gəlməlidir. Onda mən ona dedim ki, mən başqa yerlərə müraciət edəcəyəm. O da (Lamiyə Abışova) dedi ki, et. Uşağı səhərisi gün yenə göndərdim dərsə. Təkrar qaytarıblar ki, olmaz, nə vaxt alınar, o zaman gələrsən dərsə. Bu mənə pis təsir etdi. Belə olmaz axı".



Şəhruz Əsədov deyir ki, dərs ilinin əvvəlində qızının yubkası olub, sadəcə uşağın boyu uzandığı üçün yubkası əyninə qısalıb.



Valideyn deyir ki, uşağına forma ala bilməməsilə bağlı əvvəlcə heç yerə müraciət etməyib və qızı yaxşı oxuyur, gələcəkdə təhsilini davam etdirmək istəyir.



Şəhruz Əsədov deyir ki, onun üç övladından ikisi məktəbdə oxuyur. Aylıq əməkhaqqı 450 manat olan ailə başçısı deyir ki, bu məbləğlə 5 nəfərlik ailəni dolandırır. O, məsələnin bu həddə gəlib çatmasına təəssüfləndiyini deyir.



"Uşaq evə yanlış xəbər aparıb"



Səfikürd kənd orta məktəbinin direktoru Lamiyə Abışova deyib ki, "uşaq evə yanlış xəbər aparıb", ona "get, qonşudan al, geyin gəl" deyilməyib.



"Səhər şagird həmin paltarda məktəbə gəldi. Dar cins şalvar idi. Dedim, niyə belə gəlmisən? Dedi, valideynim belə göndərib. Soruşdum forman varmı? Var dedi. Dedim onda vaxta var. Get, əynini dəyiş, qayıt. Uşaq getdi, ancaq sonra qayıtmadı. Biz onunla maraqlanana kimi atası bizə zəng etdi".



Lamiyə Abışova uşağı dərsdən çıxarmağın "doğru olmadığını", lakin "valideynin bunu anlayışla qarşılayacağını düşündüyünü" deyir.



Direktor vurğulayır ki, məktəbdə şərait uyğun olmadığı üçün qışda şagirdlərin şalvar geyməsinə icazə verilir, lakin bu, aprelin 15-dək belə davam edə bilər.



"İlin əvvəlində formada gələn şagirdin məktəbli forması ola-ola, valideyn dedi ki, sizə inad bu şalvarda gələcək. Mən uşağımın yubka geyinməyinə narazıyam. Şalvar yaxşıdır. Biz dəfələrlə məlumat verdik ki, olmaz. Sinifdə də uşağa demişik, valideynə də xəbər göndərmişik", - Lamiyə Abışova əlavə edir.



Lamiyə Abışova vurğulayır ki, valideyn ona imkanının olmadığını deməyib.



Məktəbdə öncə ibtidai sinif müəllimi işləmiş Lamiyə Abışova üç ildir ki, bu məktəbə rəhbərlik edir.



Valideyn Şəhruz Əsədov deyir ki, uşaq məktəbdən qaytarıldıqdan sonra "kefsizdir və pis qidalanır".



Azərbaycan Təhsil Nazirliyindən bildirilib ki, "məktəblini dərsdən kənarlaşdırmağa heç kimin ixtiyarı yoxdur, o təhsilini davam etdirəcək".



Qurumdan həmçinin bildiriblər ki, hər tədris ilinin əvvəlində bəzi maddi ehtiyacı olan ailələrdən olan şagirdlərin məktəbli geyimi və dərs ləvazimatı ehtiyaclarının ödənilməsi Heydər Əliyev Fondu, regional ictimai birliklər və TN tərəfindən həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi